İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün daha bir ünlü sənətçinin anım günüdür - Azərbaycan xalq artisti, teatr sənətçisi, Sofiya Hüseynovanın.
O, 17 fevral 1926-cı ildə Naxçıvanda anadan olub. Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva isə aktrisa olub. Sofya Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra yenə Naxçıvana qayıdıb.
Sofiya Hüseynova həyatı boyu Naxçıvan teatrın aktrisası olub, bir-birindən maraqlı və rəngarəng obrazlar yaradıb. Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun) və s. rollar aktrisanın yaradıcılıq nailiyyətləri sayılır
Milli koloriti həmişə əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar davranış tərzini dərindən mənimsəyib. Mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla reallaşdırıb. Bu baxımdan kruçinina, Larisa ("Günahsız müqəssirlər" və "Cehizsiz qız", Aleksandr Ostrovski), Liana ("Bostan iti", Lope de Veqa), Xanuma ("Xanuma", Avksenti Saqareli) rolları aktrisanın ifasında məharətlə oynanılıb. Mütənasib uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa geniş imkan yaradıb.
Filmoqrafiya
- Tale yükü
Mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Naxçıvan MSSR əməkdar artisti" fəxri adı
4. "Şöhrət" ordeni
5. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
6. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
7. "Teatr Xadimi" qızıl medalı
Aktrisa 30 iyul 2015-ci il tarixində 89 yaşında Naxçıvanda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(30.07.2025)