İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan şairi, ssenaristi Yazıçılar Birliyinin üzvü Elşad Ərşadoğlu 29 iyul 1986-cı ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Orta məktəbi 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdığı İsmayıllı rayonunun Quşencə (Zoğallıq) kəndində bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsində bakalavr, magistr təhsili alıb.
1998-ci ildə bədii yaradıcılığa başlayıb, 2002-ci ildə "İnam yolu" qəzetində ilk şeiri çap olunduğu vaxtdan "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat", "525-ci qəzet", "Ədalət" və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir.
Şeirləri italyan, rus, özbək dillərinə və Türkiyə türkcəsinə tərcümə olunaraq İtaliyada, Rusiyada, Özbəkistanda və Türkiyədə çap olunub. Bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olub, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid kimi klassiklərin yaradıcılığı haqqında yazdığı məqalələri müxtəlif elmi jurnallarda nəşr olunub.
M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərib, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən yaradılan Gənc Ədiblər Məktəbinin məzunu olub. 2014-cü ildən eyni zamanda kino yaradıcılığı ilə də məşğuldur, 9 bədii, sənədli və animasiya filmində, "Mozalan" kinojurnalının 4 nömrəsində redaktor, ssenari müəllifi və rejissor kimi fəaliyyət göstərib.
Ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Açar" qısametrajlı bədii filmi "Oskar" və BAFTA-ya birbaşa vəsiqə qazandıran nüfuzlu beynəlxalq kino festivallarında, o cümlədən Niderland, Böyük Britaniya, Fransa, İtaliya, Bolqarıstan, İsveç, Rumıniya, Şimali Makedoniya, Türkiyə, Hindistan kimi ölkələrdə keçirilən 20-dən artıq festivalda iştirak edərək, müxtəlif mükafatlara layiq görülüb. “Oscar” və “Emmi” mükafatlı prodüser Colin Laviolanın rəhbərlik etdiyi, ABŞ-nin qısametrajlı filmlərin distribusiyası üzrə ixtisaslaşan nüfuzlu "7 Palms Entertainment" şirkəti tərəfindən 2023-cü ildə “Açar” filminin beynəlxalq yayım hüquqları alınıb.
İlk dəfə ABŞ şirkəti tərəfindən Azərbaycan filminin distribusiyası həyata keçirilərək “Bolt+” (İngiltərə), “rlaxx TV” (Almaniya), “VlDAA SA” (Niderland), “Weyyak TV” (BƏƏ) kimi məşhur onlayn televiziyalara filmin yayımı ilə əlaqədar lisenziyalar verilib.
2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2014-cü ildən isə Birliyin İdarə Heyətinin üzvüdür. 2014–2019-cu illərdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri olub. 2012-ci ildən Mədəniyyət Nazirliyində çalışır.
Filmoqrafiya
- Qafqaza qayıdış
- Gəlin, birgə öyrənək. Rənglər
- Xəlvətdə qalmış müdrik
- Qara bağ
- Gəlin, birgə öyrənək. Rəqəmlər
- Növbə
Əsərləri
- Yarsan mənim ürəyimi…
- Kələfin ucu
- Eşqə doğru
Mükafatları
1. Azərbaycan Respublikası Prezidentinin təqaüdü
2. Gənclər və İdman Nazirliyinin "Gənclər Mükafatı" (ədəbiyyat sahəsindəki xidmətlərinə görə)
3. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
“Ədəbiyyat və incəsənət”
(29.07.2025)