İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Elxan Əzizov taleyini kiçik, ucqar dağ rayonu olan Oğuza deyil, iri şəhərlərə bağlasaydı, bəlkə də, respublikanın ən tanınmış aktyorlarından biri olacaqdı. Lakin hərənin öz taleyi, öz qisməti var. Elxan da Oğuza gəldiyinə, burada yaşayıb yaratdığına görə heç vaxt peşman olmadı, əksinə taleyindən və qazandığı nailiyyətlərdən çox razılıq elədi sevimli aktyorumuz...
Elxan Əzizov 1941-ci il iyul ayının 12- də qədim mədəniyyət diyarı olan Şəkidə anadan olmuşdur. Tikinti idarəsində mühasib işləyən atası, ipək kombinatında fəhlə işləyən anası övladlarının aktyor olacağına xəyallarına belə gətirməzdilər. 1959-cu ildə orta məktəbi bitirən Elxan 2 il ipək kombinatında fəhlə işləyir. Sonra Bakı şəhərində texniki peşə məktəbini qurtarıb zavodda fəhlə işləməyə başlayır. Eyni zamanda Bakıxanov qəsəbəsindəki mədəniyyət sarayında hazırlanan tamaşalarda aktyor kimi səhnəyə çıxır.
Elxan Əzizov 1964-cü ildə Bakı Kitabxanaçılıq Texnikumunun klub şöbəsinə daxil olur. 1967-ci ildə texnikumu bitirən Elxanı təyinatla Şəki Şəhər Mədəniyyət Evinə göndərirlər. 4 ay orada işləyir. Sonra Oğuz (keçmiş Vartaşen) rayon Mədəniyyət şöbəsinin dəvəti ilə bu rayona gəlir, rayon mərkəzində mədəniyyət evinin bədii rəhbəri təyin olunur. Beləliklə, Elxan taleyini, həyatını Oğuza bağlayır. Rayon mədəniyyət evində metodist, direktor, xalq teatrının rejissoru işləyir. 1990-cı ildən 2012-ci ilədək burada metodist işləyib. Uzun illər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri olmuşdur.
1971-ci ilin noyabrında rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən dram kollektivinə “Xalq teatrı” adı verilib. Xalq teatrının ilk olaraq hazırladığı İ.Əfəndiyevin “Bahar suları” tamaşasında Qulu rolunu E.Əzizov ifa etmişdir. Həmin vaxtdan 24 tamaşada, 40-dan çox satirik səhnəcikdə və intermediyalarda rol alan E.Əzizov elə ilk vaxtlardan oğuzluların sevimlisinə çevrilmişdir. Şəhər mədəniyyət və istirahət parkında yaradılmış “Gülüş çələngi” miniatür teatrında çalışarkən respublikanın 28 rayonunda məktəblilər qarşısında göstərilən tamaşalarda müxtəlif rollarda oynamışdır.
Elxan həm Oğuz teartsevərlərinin, həm çıxış etdiyi digər bölgələrdə onun iştirak etdiyi tamaşaları seyr edənlərin böyük məhəbbətini qazanıb. C.Məmmədquluzadənin “Ölülər” əsərində Şeyx Nəsrullah, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Soltan bəy, “Məşədi ibad”da hambal, “Ər və arvad”da Mərcan bəy və Kərbalayi-Qubad, S. Qədirzadənin “Şirinbala bal yığır” əsərində Əşrəf kişi, M.F.Axundzadənin “Hekayəti-Molla İbrahimxəlil kimyagər” komediyasında Molla İbrahimxəlil rollarında, ümumiyyətlə 27 irihəcilmi tamaşada baş rollarda oynamış, 30-dan çox satirik səhnəcikdə və etüddə çıxış etmiş aktyor minlərlə tamaşaçının sevgisini qazanmış, maraqlı obrazlar yaratmışdır. Sevimli aktyorumuz Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir, Gədəbəy, Zəngilan, ümumiyyətlə, respublikanın 16 rayonunda qastrol səfərlərində olmuşdur. Rayon mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivinin üzvləri ilə birlikdə respublikamızdakı əlillər, qocalar və uşaq evlərində, Gəncə və Ağdərə hərbi hospitallarında, Goranboyda, Naftalanda, cəbhə bölgələrində çıxış etmişdir.
Səhnədə 55 ildən çox fəaliyyət göstərən E.Əzizovun qazandığı uğurlar çox olmuşdur. Onun bu uğurları həmişə layiqincə qiymətləndirilmişdir. O dəfələrlə baxış müsabiqələrinin qalibi olmuş, fəxri fərmanlar, diplomlar, müxtəlif mükafatlar almışdır. 1996-cı ildə rayon mədəniyyət idarəsində anadan olmasının 50, səhnə fəaliyyətinin 35, 2011-ci ildə Oğuz rayon Mədəniyyət idarəsində anadan olmasının 70, səhnə fəaliyyətinin 55 illik yubileyi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Fəxri fərman və pul mükafatına layiq görülmüşdür.
Elxan Əzizov 9 aprel 2016-cı ildə dünyasını dəyişmişdir.
Oğuzluların qəlbində gözəl iz salmış, adı gələndə onu tanıyan hər bir insanın çöhrəsində gülüş oyadan sevimli aktyorumuza Allahdan qəni-qəni rəhmət diləyirik. Qəbri nurla dolsun.
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)