YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan aktyoru Yusif Muxtarov! Amma tək aktyormu? Geniş ictimai fəaliyyət, üstəlik, rəhbər fəaliyyət bu şəxsiyyətin sanki alın yazısı olub.

Bu gün onun doğum günüdür. Bu gün onu anır, Ruhuna dualar oxuyuruq.

 

Yusif Muxtarov 22 iyul 194-ci il tarixində Sabirabadda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.

1991-ci ildə ona Əməkdar artist fəxri adı verilib.

1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub. Yusif Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Nazim Hikmətin «Qəribə adam», M.Y. Lermontovun «İki qardaş», Səməd Vurğunun «Vaqif», Sabit Rəhmanın «Xoşbəxtlər», Nazim Hikmətin «Bayramın ilk günü», Mar Bayciyevin «Duel», Çingiz Aytmatovun «Qırmızı yaylıqlı qovağım mənim», İlyas Əfəndiyevin «On iki manatlıq lüstr», «Söyüdlü arx» televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən «Baladadaşın ilk məhəbbəti», «Gecə qatarında qətl» filmlərində yaddaqalan obrazlar yaratmışdır.

Azərbaycan Radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur.

Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olub.

 

Teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkili üçün Yusif  Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatına layiq görülüb. Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib. Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarova «Xalq artisti» fəxri adı verilib.

Yusif  Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.