Bulvarda kino axşamı – BUNDAN GÖZƏL İSTİRAHƏT? Featured

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Böyük şəhərlərin nəbzləri həmişə yamyaşıl park və xiyabanlarda, bulvarlarda döyünür. Buralar tək təmiz hava udmaq üçün deyil, həm də asudə vaxtın, istirahətin təşkili üçün ən əlverişli məkanlar hesab edilir. Nə xoş bizə ki, bizim Bakımızın adi dillər əzbəri olan bulvarı vardır və nə yaxşı ki, bulvar təyinatı üzrə fəaliyyət göstərməkdədir.

 

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19-da “Bulvarda kino axşamı” adlı layihənin icrasına başlanılıb. Layihənin ilk günündə ilk nümayiş C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi olub. Öncəki günlərdə mən bu film barədə oxucularımı ətraflı bilgiləndirmişəm əlbəttə ki.

Layihənin məqsədi qeyd etdiyim kimi, insanların istirahətinin təşkilinin olmasıdır, ammadaha ümdə olan məqsədlər də var - gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunu yalnız Bakı sakinlərinə deyil, şəhərimizdə qonaq olan turistlərə də tanıtmaq!

Qeyd edim ki, layihənin ilk təqdimatında yüzlərlə izləyici iştirak edib.

Layihə çərçivəsində “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqları da sərgilənib. Sərgini ziyarət edənlər sevdikləri film qəhrəmanlarının onlara tanış olan qiyafələrini və aksesuarlarını, eləcə də çəkiliş vaxtı istifadə edilən avadanlıqları maraqla izləyiblər.

Bu isə film izləmə görüntülərini əyani vasitələrlə tanışlıqla tamamlayaraq film barədə daha mükəmməl bilgi alıb təəssüratlar qazanmağa xidmət edib.

“Bulvarda kino axşamı”nın növbəti təqdimatı Azərbaycan kinosunun 127 illiyinə həsr olunacaq. Bu münasibətlə avqustun 1-də və 2-də bulvarda daha iki film nümayiş ediləcək.

Hər kəs dəvətlidir, gəlin, mənəvi zövq alın, dincəlin!

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.