Gülmək üçün onun sadəcə üzünü görmək yetirdi Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 O, Azərbaycan komediyasının qızl pleadası nümayəndələrindən idi – Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev, Nəsibə Zaynalobva, Siyavuş Aslan və o – Hacıbaba Bağırov. Həqiqətən də gülmək üçün onun sadəcə üzünü görmək yetirdi.

Gəlin bu gün bu görkəmli aktyoru yad edək. Axı bu gün onun dünyaya gəldiyi gündür.

 

Azərbaycan SSR xalq artisti Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra, onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

 

1953-cü ildə Hacıbaba Bağırov Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib. 1959–1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. 

 

Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z,Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib. 

 

Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

Bir də onun yaratdığı bir obraz olub ki, milyonlaral tamaşaçı onu təqlid edib, frazalarını əzbərləyib. Söhbət, Sonquludan gedir.

 

Filmoqrafiya 

 

1. Kişilər 

2. Sehrli çıraq 

3. Salam, Zeynəb 

4. General 

5. Müşavirə 

6. Aktrisanın təbəssümü 

7. Bir az da Bahar bayramı 

8. Məhəllə 2 Moskvada 

 

Mükafatları 

 

- Respublikanın Əməkdar Artisti 

- Azərbaycan Xalq Artisti 

- "Şöhrət" ordeni 

- Qızıl Dərviş 

 

Hacıbaba Bağırov 4 oktyabr 2006-ci il, 74 yaşında onikibarmaq bağırsağın iltihabından vəfat edib.

Allah rəhmət eləsin! 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.