Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Ruhum heç vaxt Qarabağdan və Qarabağ sevdasından ayrı düşməyib.
Düşüncələrimi həmişə könül mülkümün də, mənəvi dünyamın da şəriksiz səyyarəsi, düşüncələrimin davamının göy qurşağı bilmişəm və hər zaman bu vətənin, millətin oğlu olaraq nə vaxtsa “irəli” əmri verilərsə ön sıralarda olub əlimdəki xəncərdən tutmuş, silahımdakı patrona qədər bütün gücümlə Xocalı qatillərindən qisas alacağım günü gözləmişəm.
Hər bir vətəndaş kimi məndə vətən, torpaq anlayışını fərqli cür təsəvvür etmişəm. Nə şəhadət, nədə qazi olmaq nəsibimdə olmasa belə ğvətənin azadlığı üçün canını, qanını fəda edən şəhidlərimizdən bir fatihə surəsini əksik etməmişəm. Bu gün oxucularımıza xəyali qəhrəmanlardan yox, Azərbaycan oğullarının qəhrəmanlığından və vətənə olan eşqinin tərcümeyi-halı olan “Ağ atlı oğlan” filmi barədə danışmaq istəyirəm.
1992-ci ildə Təbrizdə olan Ənvər Əbluc İran-İraq müharibəsində şəhid olan 10-12 yaşlı oğlanın qəhrəmanlığı haqqında eşidir. Bakıya qayıdanda isə Qarabağda qızğın döyüşlər gedirdi. Azərbaycan televiziyasında bir neçə dəfə cəbhəyə qaçan uşaqları göstərirdilər. Elə həmin vaxt rejissor belə igid uşaqlar haqqında film çəkmək qərarına gəlir.
“Ağ atlı oğlan” belə yaranır…
Filmimizin qəhrəmanı nənəsinin nağılları ilə böyüyən 12-13 yaşlı Muraddır. Onun ən sevdiyi isə “Ağ atlı oğlan” nağılıdır. Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyirin şər üzərində qələbəsinin şahidi olur.
Cəbhəyə getmək üçün evdən qaçan Murad yolda Əbdül dayı və Cəfərlə tanış olur. Əsas hadisələr bundan sonra baş verir. Murad öz arzusuna çatır, öz ağ tankında döyüş meydanına çıxır.
1995-ci ildə ekran üzü görən film real hadisələrə əsaslanır. Filmin musiqiləri Oqtay Rəcəbova, ssenarisi İsi Məlikzadə və Ənvər Əbluca məxsusdur.
Ekran əsərində Yaşar Nuri, Sədayə Mustafayeva kimi məşhurlar rol alıblar.
Çəkilişlər Füzuli, Qaraheybət, Ceyranbatan, Nabran və Xudatda baş tutub. Bu zaman hərbçilərin kino heyətinə çox köməkliyi olub.
Rejissorun oğlu, Murad kimi tanıdığımız Abbasqulu Əbluc isə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2008-ci ildən Milli Onkologiya Mərkəzində anestezioloq-reanimatoloq olaraq çalışır.
Ön xətdə - səngərlərin həndəvərlərində uşaqlıq illərini, uşaqlığın bəyaz dünyasını xatırlamaq təzad deyilmi? Xatırlamada milli-xəlqi ruh varsa, milli-xəlqi ruha söykənən tarix, dövləti, dövlətçiliyi döyüş-döyüş qoruyanlar, qələbə-qələbə tarix yaradanlar, igidlik, igidlər, varsa, təzad deyil. Uşaqlığında dava-dava oyunlarının əsgəri olanlar hərbi xidmətdə o illəri bir qədər kövrəkliklə xatırlayırlar. Həmin xatırlamalarla səngərlərin həndəvərlərində bizim xatırlamalarımız arasında etiraf edilməli bir bağlılıq var. Bayaqdan bəri həmin bağlılıq haqqında düşünürəm.
Uşaqlığımızda nağılları çox sevmişik, Məlikməmmədin igidliyinə, dərzi şagirdi Əhmədin ağlına, zəkasına vurulub nağıl-nağıl böyümüşük, nağıl-nağıl durulmuşuq. Məlikməmmədlər hər birimizin şəriksiz qəhrəmanı olub. Uşaqlar yeniyetmələşib, yeniyetmələr cavanlaşıb, cavanlar yaşa dolub - yaşlaşıb, Məlikməmmədlər həmişə eyni yaşda - igidlik yaşında qalıb.
Müharibə illərinin uşaqları nağıl qəhrəmanlarını tamam-kamal tanımağa macal tapmadılar, müharibənin qəhrəmanlarını tanıdılar. 1990-cı ilin 19 yanvar gecəsi imperiyanın tanklarının qarşısını kəsənləri tanıdılar, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı qoruyanları tanıdılar. Meşəli, Bağanıs-Ayrım, Ağdaban, Xocalı faciələrindən onların da ürəyi burxuldu...
Bir az əvvəl əsgərlərlə səmimi söhbətimiz olmuşdu. Nağıl qəhrəmanlarıyla başlayan söhbətimiz qəhrəmanlarımızla tamamlanmışdı. Çavuş Yusif Nağıyev demişdi:
- Zamanında nağılları, nağıl qəhrəmanlarını biz də sevmişik. Elə həmin vaxtlarda müharibənin nə olduğunu ata söhbətlərindən, oxuduqlarımızdan, televiziyada gördüklərimizdən bilmişik. Elə o yaşlarımızda da dərk etmişik ki, müharibə döyüş, qəhrəmanlıq deməkdir. Qəhrəmanlarımızı tanıdıq və aydınlığıyla dərk etdik ki, nağıllar bizi bu qəhrəmanların qəhrəmanlığının mahiyyətini öyrənməyə, məqamında təkrarlamağa hazırlayırmış.
Nağılların bəm-bəyaz dünyasında yeniyetmələşənlər, gəncləşənlər gördülər ki, uşaqlıq illərində nağılçılardan eşitdikləri, oxuyub tanıdıqları qəhrəmanlar ayrı adla, ayrı biçim qəhrəmanlıqlarla onlarla çiyin-çiyinə, nəfəs-nəfəsə yaşayırmış. Gördülər də, tanıdılar da, sevdilər də. Hər biri torpaqlarımıza tamah salanlara qarşı döyüşlərdə Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlığının məzmununu, necəliyini düşüncələrinə köçürə-köçürə hərbi xidmətə başlayıb, əsgərləşib. Müharibə illərinin uşaqları belə böyüyüb.
2020-ci ilin sentyabr ayında başlanan haqq mübarizəmizdə canını, qanını fəda edən şəhidlərimizində uşaqlıq qəhrəmanları Babək, Koroğlu, Qaçaq Nəbi kimi Azərbaycan oğullarının olduğunu söyləmək çətin deyil. Çünkü bu saydığım igidlərin hər biri bu vətənin, bu millətin azad yaşamlarının əlindən alınmaması üçün necə və nələrlə mübarizə apardıqlarını bilirik. Uşaqlıqda hamımız Məlikməmməd olmaq, düşmənin kökünü kəsmək istəmişik. Daha sonra isə Qarabağda gedən döyüşlərin qəhrəmanlarını tanımışıq. İctimaiyyətin onlara sevgisini görmüşük. Böyüyəndə onların davamçısı olmağı qərara almışıq. Yəni biz nağıl qəhrəmanlarının deyil, real qəhrəmanların qəhrəmanlığını yaşada-yaşada, o qəhrəmanlıqlarla yaşaya-yaşaya böyümüşük. Bir daha, həm də dönməzliklə əmin oluruq ki, mənəvi-psixoloji hazırlığın belə düşüncələr əsasında formalaşdığı üçün bu səviyyədə yüksəkdir. Uşaq ikən Qaçaq Nəbinin, Babəkin, Əlif Hacıyevin ardında durub vətəni müdafiə etmə xəyallarını quran uşaq idiksə, bu gün o xəyalları ermənilərin “keçilməz” dediyi Ohanyan xəttini keçib ermənilərin Qarabağımızda qurduğu murdar səltənəti yerlə bir edən qalib ordunun nəfərləriyik.
Nağılların fəlsəfəsi qəhrəmanlıqdı, qəhrəmanlığa aludəliyin, meyilin, təşnəliyin təbliğidi, mahiyyəti etibarilə şər qüvvələrə qarşı mübarizədi. Azərbaycan əsgərinin düşüncələri uşaqlığından nağıllarımızın fəlsəfəsi əsasında mübarizəyə yönəldilib. Müharibə bizim mübarizliyimizi döyüş əzmi səviyyəsinə, döyüş əzmini qələbə ruhu həddinə çatdırıb. Azərbaycan əsgəri ona görə güclüdü. Azərbaycan Ordusu belə əsgərlərin ordusudu.
Dünyada ikinci ən qədim insan məskəni Füzuli rayonu ərazisindəki Azıx mağarası olub. Yəni bəşərə bəşərilik, dünyəvilik işığı Azıx mağarasından düşüb. Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə döyüşəcək, torpaqlarımızı işğaldan azad edəcək, qələbə qazanacaq, nağıl təfəkkürünün başlanğıcı olan bu mağaranı da azadlığa çıxardacaq...
Mübarizlik milli-xəlqi ruhdan, milli mentalitetdən gəlir. Min illər əvvəl bu ruhu Cavanşirlər yaşadıb, sonralar Basatlar, Beyrəklər, Qaraca Çobanlar, Uzun Həsənlər, Xətailər, Cavad xanlar... Bu ruh yaşarı ruhdu, yaşanıla-yaşanıla yaşadılan ruhdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandı, bu ruh yaşadıldı, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, bu ruhu Azərbaycan zabiti, Azərbaycan əsgəri böyük sədaqətlə yaşadır”, - deyəydim. Onu da deyəydim ki, on illərdi müharibəyə görə, müharibənin gerçəkliklərinə görə Azərbaycanımızda nağıl dünyası uşaqları cazibəsində saxlaya bilmir, nağıllar həmin nağıllardı, qəhrəmanlar həmin qəhrəmanlardı, zaman o zaman deyil - dünyanın arşını əyilib. Dünyanın əyilmiş arşınını Azərbaycan əsgərinin Böyük Qələbəsi düzəldəcək...
“Ağ atlı oğlan” filmi müharibənin fəlsəfəsini də açır, gerçəkliklərini də göstərir. Filmdə Murad aydın düşüncəsiylə, müharibəyə, müharibə aparanlara, Vətənə fərdi münasibətiylə həm müharibə illərinin uşaqlarını, həm də rəmz formatında xalqı təmsil edir. Murad nağıllara meyilli yaşda olsa da, döyüşlərdədi - döyüşür, harada olduğunu ailəsi də bilmir. Döyüşür - inanır, inanır - döyüşür. Ağ atlı oğlanların gələcəyinə, Ali Baş Komandanın əmriylə döyüşəcəyinə, müharibənin qurtaracağına inanır, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır. Ona da inanır ki, Ağ atlı oğlanlar nağıl qəhrəmanları yox, qətiyyətiylə, döyüş əzmiylə, qələbə ruhuyla, Vətənə, dövlətə, dövlətçiliyə məhəbbətiylə tarixlər yazmağa qadir azərbaycanlı qəhrəmanlar olacaq.
Muradlar - müharibə illərinin uşaqları 2016-cı ilin Aprel döyüşlərini xatırlayır, əsgərlərin döyüş əzmini, qələbə ruhunu, Lələtəpədə, Bayraqtəpədə, Günnütdə əzəmətlə dalğalanan bayraqlarımızı xatırlayır. Bu xatırlamaların hər biri nağıllardan gerçəkliyə düşən işıqdı. Bu işıq xatırlayanların da, bizim də ürəyimizi telləndirir...
1993-cü ilin dekabr ayının 29-uydu. Murovdağın ətəyində - Zəligöldə blindajda bir səmimi söhbətin cazibəsindəydik. Sahib Aslanov tavar sazda “Qaraçı”dan “Ruhani”yə keçmişdi - xallar-güllər ruhumuzun nazını çəkmişdi. Sahib əsgərlərə xitabən demişdi:
- Nağıl qəhrəmanları sizin sevdiyiniz kimi sevilmir. Uşaqların qəhrəmanları siz olacaqsınız. O uşaqlar özlərindən kiçiklərə nağıl qəhrəmanlarından deyil, gerçək qəhrəmanlardan - sizlərdən danışacaqlar.
Onda mənə elə gəlmişdi ki, blindajın işığı artmaqdadı...
Hərbi xidmətə nağıl qəhrəmanlarından daha çox müharibə qəhrəmanlarını tanıyıb gələnlərin əhatəsində belə düşüncələr yaddaşımın “qırışığını açır”. Yeniyetmələri gəncləşdirən, gəncləri əsgərləşdirən qəhrəmanlarımızı - Əlif Hacıyevi, Yusif Mirzəyevi, Vəzir Orucovu, Şirin Mirzəyevi, Etibar İsmayılovu, ... , Mübariz İbrahimovu xatırlayıram. Məni səngərdən bu xatırlamalar uğurladı. Sabahlarımızın qəhrəmanlarının əhatəsində dünənlərimizin qəhrəmanlarını xatırlamaq mənəvi borcödəmə kimi yaşanıldı...
...Nağılların fəlsəfəsi qəhrəmanlıqdı. Xalqın sabahlarını, qəhrəmanlıq məfkurəsi təmin edir; əsgərlərimiz işıqlı, nurlu sabahlarımıza xidmət edirlər.
Son iki abzasımı şəhid analarına həsr edərək bitirirəm. Heç kim deyə bilməz ki, övlad itkisi keçicidir. Xeyir, övlad itkisi fələyin insana çəkib çəkə biləcəyi ən ağrıdıcı dağdır. Lakin zirvəsi qar kimi ağaran ağsaçlı analarımız başını dik tutub hər yerdə bu fikri dilə gətirirlər:
- Vətənə xidmətdə təmənna olmur. Ölkə başçısının bu qayğısı bütün hərbi qulluqçuların hərbi xidmətə münasibətini daha da artırıb. Bilirik ki, Türkün başlıca qayəsi azad edilən torpaqlarımızın düşməndən və ona uzadılan yad əllərdən qorumaq və ona sahib çıxmaqdır. Taleyimizdən razıyıq ona görə ki, ALLAH bizə, bizlərə haqq dünyasına köçmədən qələbə sevinci yaşatdı. Nağıl qəhrəmanlarının gerçək qardaşlarıyla bir sırada...
... “Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır” deyən Azərbaycan əsgəri bilir ki, Muradların yolunu gözlədiyi Ağ atlı oğlan elə onun özüdü, səngərdaşıdı. Ali Baş Komandanın döyüş əmriylə ayaqlanan bu millət işğal altında olan tarixi torpaqlarımızda da şəhid qanı ilə sulanan üçrəngli bayrağımızı dalğalandıracaq və ucadan bütün düşmənlərin qulaqlarını kar edəcək bir səs yüksələcək, “Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!” deyib döyüşəcək, qələbə ruhuyla döyüşəcək, gerçək qəhrəman olmaq üçün döyüşəcək...
“Ədəbiyyat və incəsənət”
(10.06.2025)