Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"
Hər bir azərbaycanlının mütləq baxmalı olduğu 3 filmdən biri "Qəm pəncərəsi"dir. Bu mənim qənaətim deyil. İzləsəniz, görərsiniz ki, bunu neçə ünlü təkrarən söyləyib. Filmin ssenarisini xalq yazıçısı Anar yazıb, həm də o, filmin quruluşçu rejissorudur.
"Qəm pəncərəsi" filmi əsasən Mirzə Cəlilin əsərləri əsasında çəkilib. Bu film xalqımızın müsbət və mənfi cəhətlərini özündə əks etdirir. Bəzən
Azərbaycanın klassik yazıçılarını daha bəşəri, daha böyük miqyaslı əsərlər
yazmamaqda günahlandırırlar. Məgər Nobel mükafatçısı İvan Bunin rus
kəndlisindən yazmırdımı? Ancaq bir həqiqəti də danmaq olmaz ki, XIX əsr Rusiya ədəbiyyatında, həmçinin Fransa ədəbiyyatında hadisələr daha çox kübar ailələrdə yaşanırdı. Bunun səbəblərindən biri də həmin yazıçıların yüksək
təbəqə nümayəndələri olması idi. Onlar kübar ailələrdə doğulmuş, elita tərbiyəsi
görmüşdülər. Biz Cek Londonun "Martin İden" romanında, Balzakın "Bəşəri
məzhəkə" epopeyasında kübar cəmiyyətin tənqidini görə bilərik. Qərb yazıçıları
xilası daha çox elitadan gözlədiyi halda, biz Qurbanəli bəydən, Novruzəlidən yüksək bacarıq, savad umuruq. Kim haqlıdır, bizmi, onlarmı? Axı zaman onların haqlı olduğunu sübut etdi. Biz Novruzəlidən
intellekt tələb etdiyimiz və onu rus uşaqlarının gözündə gülüş obyektinə
çevirdiyimiz halda, Cek London bütün kübar ailələrinin saxtakarlığını ifşa edən
"Martin İden"i yaratmışdı. Axı Qoqol "Taras Bulba"nı yazmışdı. O Taras Bulba ki, düşmən qızını sevən oğlunu "səni mən yaratmışam, mən də öldürürəm" deyərək
qətlə yetirir.
Yazıçını yazmadıqlarına görə qınamaq olarmı? Ümumiyyətlə, klassikləri tənqid
edə bilərikmi? Tənqid olunmaz şəxsiyyət yoxdur, heç kimi bütə çevirmək olmaz.
Amma kimisə tənqid edərkən ictimai-siyasi şərtlər, dövrün siyasi mənzərəsi mütləq mənada nəzərə alınmalıdır. Məncə, mövzudan çox yayınmasam yaxşıdır.
"Qəm pəncərəsi" filmində biz köhnə fikirlə yeni düşüncə axını arasında yaranmış
konfliktin şahidi oluruq. Köhnə nəsil ənənəvi düşüncəni mühafizə etmək tərəfdarı olsa da, onların övladları, nəvələri yenilik tərəfdarıdır, onlar Kefli İsgəndəri
qəhrəman sayırlar. Bəs Kefli İsgəndər qəhrəman idimi? Mən deyəndə ki, Cəbiş
müəllim, Kefli İsgəndər nümunəvi obraz deyil, məni qınayırlar. Cəbiş müəllimə öz arvadı inanmırdı, arvadı qonşu kişi ilə əlbir olub Cəbiş müəllimdən sabun
bişirməsini istəyirdi. Bu fikirlərlə razılaşmayan adamlar deyirlər ki, Kefli
İsgəndərin, Cəbiş müəllimin günahı yoxdur, cəmiyyət onları o günə qoyub. Əgər
cəmiyyət, savadsız kütlə intellektə qalib gəlirsə, demək ki, o intellektin həyatda qalmaq şansı yoxdur. Bütün xalqlar aydınlanma mərhələsi
keçir və bütün xalqlar aydınlanma mərhələsini könülsüz şəkildə keçir. Məcburən,
döyülərək, tənqid olunaraq. Bu mövzuda məni tənqid edən adamlar Alfons de
Lamartinin Hüqonun "Səfillər" əsəri haqqında yazdığı tənqidi oxumayıb. Lamartin deyir ki, Hüqo elə xalq kimi davranır, xalqda həmişə günahkar axtarır. Lamartin
yazır ki, Hüqo "Səfillər"dəki obrazların əzablı həyatına görə bütün cəmiyyəti
günahkar çıxarır. Lamartin Fantinanın saçlarını, dişlərini satmasını həddən artıq
pafoslu sayır. Lamartin yazır ki, bu səhnələrdəki dramatiklik şişirdilmiş
səviyyədədir.
Mirzə Cəlil səmimi-qəlbdən xalqımızın inkişafını istəyirdi. Ən çətin zamanda, ən çətin şərtlər altında
"Molla Nəsrəddin"i yaratmışdı. Təbii ki, tək yaratmamışdı. Dostları, xüsusən də
Ömər Faiq Nemanzadə ona çox dəstək olurdu. Amma hər birimiz ciddi mənada
düşünməli və bu suala cavab tapmalıyıq. Novruzəli, Kefli İsgəndər bizi inandıra
bildimi? Axı şüurun qəbul etdiyi reallıqlar var. Uğursuz adamların dilində səslənən həqiqəti heç kim ciddiyə almır. Kefli İsgəndər cəhalətlə savaşmaq, insanları
inandırmaq üçün müxtəlif variantlar düşünüb tapmaq əvəzinə, öz hücrəsinə
qapanırsa, ona inanan uşaqlar kimdən güc alsınlar, kimə inanıb təhsil almaq
istəsinlər? Əslində, Mirzə Cəlilin "Poçt qutusu" hekayəsini yazmaqda məqsədi
Novruzəlini və ya xalqı aşağılamaq deyildi. Əslində, qutuya atılan da məktub
deyildi. Qutuya ana dilimiz və milli təfəkkürümüz atılmışdı. Və həmin rus uşaqları da milli düşüncəmizdən, ana dilimizdən uzaqlaşdığımıza, böyümək istəmədiyimizə görə Novruzəliyə - əslində, bizə gülürdülər.
"Qəm pəncərəsi" filmində ən çox ifadə olunan məsələlərdən biri də qadın azadlığı problemidir. "Danabaş kəndinin əhvalatları"nda, "Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi"ndə bu mövzular obrazlı şəkildə
təsvir olunub. Bu filmə baxarkən Mirzə Cəlilin yaşadığı iztirablar, keçirdiyi ürək
ağrıları gözlərim önündə canlandı və kədərləndim. Özümdən asılı olmadan
gözlərim doldu. Üzeyir Hacıbəyov haqqında yazılan xatirələri oxuyarkən də beləcə kövrəlmişdim. Biz bundan sonra əzab çəkməsək də olar. Üzeyir bəy hamımızın
yerinə əzab çəkib. Filmdə kəndlilərin qudurğan Xudayar bəyə münasibəti insanı
dəhşətə salır. Kəndlilər Xudayar bəyin şallaq zərbələrinə sevinir. Bu filmdə biz
kütlə psixologiyasının təsvirini görürük. Ancaq film təkcə mənfilərdən ibarət deyil. Mirzə Cəlil bizə bir ümid parıltısı, gələcəyə inam qığılcımı verdiyi kimi, onun
həyat və yaradıcılığına həsr olunmuş bu filmdə də Kefli İsgəndərin ətrafına
toplaşmış kefsiz uşaqlar cəhalət girdabında boğulan xalqın gələcəyinin parlaq
olacağına inam hissi yaradır.
Xudayar bəyin özbaşınalığı o dövrün xanlarının, bəylərinin rəiyyətə münasibətini əks etdirir. Xudayar bəyin zalım hərəkətlərinə, qəddar davranışına səbəb kənd
camaatının avamlığıdır. Xudayar bəy savadlı deyil. Sadəcə, hiyləgərdir. Ancaq
Xudayar bəyin öz dostunun arvadına göz dikməsi o demək deyil ki, bu xüsusiyyət bütünlükdə xalqımıza məxsusdur.
Hər bir azərbaycanlı bu filmi izləməlidir.
Bu film həm də bizim yaddaşımızı səsləyir və bizi fəaliyyətə, faydalı işlər
görməyə həvəsləndirir.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)