İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Naxçıvanlılar deyirlər, Zəroş bizimdir. Lap qısqanclıqla nehrəmlilər deyirlər ki, xeyir, Zəroş yalnız bizimdir. Amma Zəroş Həmzəyeva bütüm Azərbaycanındır.
Bu gün Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü Zəroş Həmzəyevanın anım günüdür.
O, 22 mart 1925-ci ildə Naxçıvan MSSR-in Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra "Həmzəyeva" soyadını daşıyıb.
Aktrisa kimi də məhz "Zəroş Həmzəyeva" kimi məşhurlaşıb. Atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib.
Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyil göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb.
Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrəmanlarının ən yaxşı ifaçılarından sayılır. O, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin "Solğun çiçəklər" (Sara), "Nəsrəddin şah" (Sitarə), "Aydın" (Gültəkin), "Sevil" (Sevil), "Almaz" (Almaz və Yaxşı), "1905-ci ildə" (Sona), Süleyman Rəşidinin (Əliyev) "Canlı heykəl" (Anna İvanovna), ("Od gəlini" (Solmaz), "Oqtay Eloğlu" (Firəngiz), "Yaşar" (Yaqut) dramlarının tamaşalarında baş rolları ifa edib. Bu rolların bir qismini ayrı-ayrı quruluşlarda təkrarən oynayıb.
Aktrisanın baş rollar siyahısında Xumar, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Estrelya ("Sevilya ulduzu", Lope de Veqa), Şirin və Məryəm ("Fərhad və Şirin", Səməd Vurğun), Gülcahan ("Nadir şah", Nəriman Nərimanov), Süsən ("Namus", Aleksandr Şirvanzadə), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Dezdemona ("Otello", Vilyam Şekspir), Zinyət və Zalxa ("Toy", Sabit Rəhman), Məhzəti, İsmət ("Məhsəti" və "İsmət", Kəmalə Ağayeva), Mətanət ("Çicəkli dağ", Məmmədhüseyn Təhmasib), Luiza ("Sahil əməliyyatı", Cəmşid Əmirov), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) kimi sanballı xarakterlər var.
Təltifləri
14 oktyabr 1964-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 21 oktyabr 1967-ci ildə isə "xalq artisti" fəxri adlarına layiq görülüb. O, 1995-ci ildə fəxri təqaüdə çıxıb. 27 mart 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Zəroş Həmzəyeva 2004-cü il iyun ayının 6-da Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(06.06.2025)