İnci Məmmədzadə, “Ədəbiyyat və İncəsənət”
Adlar taleləri həll edir. Adını Solmaz qoydular. O, çiçəkləri çox sevirdi. Solmayan çiçək kimi qaldı yaddaşlarda.
Bu gün Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Solmaz Qurbanovanın anım günüdür. O,1939-cu ildə Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S. Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.
O, Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir) rolları ilə tanınır.
Kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır.
Azərbaycan Respublikasının xalq artisti Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.06.2025)