Düşünən, dağıdan, yaradan, qorxan... Hər şeyə güldüyü halda, içində həmişə ağlayan insan – RİCK AND MORTY Featured

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bəzən bir şey səni düşündürmək üçün çox ciddi olmağa ehtiyac duymur. Bəzən sənə həyatın ən sərt həqiqətlərini yumşaq animasiya cizgiləriylə göstərir. Və sən... gülərkən içində nəsə çatlayır.

Rick and Morty məhz bu çatlaqdan içəri girir. Bu yazılar bir seriyadır.

Sadəcə bir animasiyanı yox, onun içində gizlənmiş fəlsəfəni, psixologiyanı, sarkazmı, insanın daxili fırtınalarını, modern dünyanın absurdluğunu, ailənin dağılmasını, sevginin mövcud olub-olmadığını, əxlaqın parçalanmasını — qısası, insanı anlamağa yönəlmiş bir seriya.

 

Biz artıq sadəcə izləyici deyilik. Biz artıq o portalın içindəyik.

Və bu portaldan keçmək, ekranda deyil, öz içimizdə baş verir. Burada izah olunanlar cizgi film deyil, bəşərin qırılmış tüküdür.

Rik, sən demə, sadəcə alim deyilmiş. O, Tanrıyla vuruşmuş, ailəsindən qaçmış, özünü hər versiyada yenidən tərk etmiş travmatik bir insan imiş. O, şüşədə gizlənən utancaqlığımız, sevilmək istəyib də “mənə toxunma” deyən tərəfimiz imiş. O, istedadın içində boğulan kimsə imiş. Və ən betəri, hər şeyi anlamış, amma heç nə edə bilməyəcək qədər gecikmiş biri imiş.

Morti isə sən demə sadəcə qorxaq yeniyetmə deyilmiş. O, içimizdəki uşaq imiş. Dəyişmək istəməyən, dəyişdikcə çirklənən tərəfimiz. Rikin yanında qalaraq, özünü itirən, amma Rikin də içini saxlayan güzgü imiş.

 Bəli, "Rick and Morty" çox əyləncəlidir. Amma bəzən bu əyləncə səni gecənin bir yarısı köhnə mesajlara baxmağa, sevdiyin insanı niyə itirdiyini düşünməyə, ya da özünü niyə bu qədər tənha hiss etdiyini soruşmağa vadar edir. Çünki bu serial bizimlə zarafat etmir. O, bizə zarafatla həqiqəti deyir.

 

Bu yazı sadəcə bir serial analizi olmayacaq. Hər bölüm, hər personaj, hər portal içimizdəki bir məsələdir. Bəzən bir insanın sevgidən necə qaçdığını, bəzən ailə bağlarının necə pozulduğunu, bəzənsə sadəcə “mən kiməm?” sualının içində boğulmağı danışacağıq. Bunu oxuyarkən sən Rik ola bilərsən.Yaxud Morti.

Yaxud Samer, Bet, Bördperson... Amma sonunda hamımız bir şeyi anlayacağıq, biz bu hekayədə varıq. Çünki bu animasiya yox, bu xatırlamadığımız xatirələrimizdir.

 

Rick bir obraz deyil. O, bir diaqnozdur. O, bir insanın ağlının sərhədini keçdikdən sonra qarşılaşdığı boşluğun cizgisidir. Elmdə ən yüksək zirvəyə çatmış, zaman və məkanla oynaya bilən bir adam... amma tək. Dərin, içi bomboş bir təkliyin içində boğulan, süni gülüşlərlə örtülmüş, daimi sarkazmın içində gizlənmiş bir faciə. Çünki Rick çox şey bilir. Bəlkə də həddən artıq çox. Və bu dünyada, ya da milyardlarla paralel kainatlarda bir həqiqət dəyişmir:

Bilən insan daha çox əziyyət çəkir.  Sən də hiss etmisən, deyilmi? Bəzən səhər durursan, hər şey öz yerindədir. İşin, dərsin, ailən, telefonun, planların... Amma içində qəribə bir hiss var. Boşluq. Nə qədər insanla əhatə olunsan da, sanki sən o insanların arasında yoxsan. Danışırsan, amma səni heç kim eşitmir. Gülürsən, amma o gülüş sənin dodaqlarından yox, maskandan gəlir. İçindəki səs sakit dayanır: “Sən artıq bir obrazsan. Və bu serialın rejissoru belə deyilsən.”

 Rik də bir obrazdır, amma çoxumuzdan fərqli olaraq o, bu obrazda qapalı qalmayacaq qədər ağıllıdır. O, maskanı çıxarır. Gülür, amma gülüşünün içində ölüm var. Söyür, amma o söyüş, bütün kainatın mənasızlığına üsyandır. Sevir, amma sevgisinin hər formasında özünü itirir. Və sən bu adamın özünü necə hiss etdiyini başa düşürsənsə, demək sən də az da olsa “Rick”sən. Sadəcə fərq ondadır ki, sənin portal silahın yoxdur. Sən paralel kainata keçib hər şeydən qaça bilməzsən. Sən səhər durub metroya minirsən. Rick isə ulduzlara tüpürüb içki içir. Biraz mənim kimi.. Bizim portal silahımız təslim olmamaqdır.

 Rik bunu bacarmır. O, çoxdan təslim olub. Həyatın içindəki məntiqsizlik, axmaq qaydalar, sistemin saxtalığı, insan münasibətlərindəki səthilik onu içdən çürüdüb. Və o qərara gəlib ki, "Əgər dünya bu qədər mənasızdırsa, mən niyə onu ciddi qəbul etməliyəm?"  Bax, bu cümlənin içində bir inqilab yatır. Bu cür bir düşüncə insanı azad edə bilər, ya da məhv edər.  Rikin faciəsi bundadır, o azad olub... amma hədsiz azadlıq insanı zəncirdən çox daha çox ağrıdır.  İndi sən düşün dostum, sən həqiqətən də azad olsaydın, hər şeydən, sosial rollardan, ailənin gözləntilərindən, öz qorxularından azad olsaydın...Nə edərdin? Hara gedərdin? Kimi sevərdin? Kim olardın?  Bəlkə də cavabın yoxdur. Və bu da səni Rikdən ayıran tək şeydir. Çünki Rik cavab tapıb. Və o cavab: heç nədir.

 O, kainatın ən ağıllı adamıdır. Bir zərrə hissəciklə bütün fizika qanunlarını tərsinə çevirə bilər. Ölümü dondura, həyatın molekulyar şifrəsini yenidən yaza bilər. Amma hər səhər oyananda, əlində bir şüşə içki var. Və hər gecə yatmazdan əvvəl, gözləri dolur... heç kimin görmədiyi bir şəkildə. Rikin özünü məhv etmə səbəbi, sadəcə depressiya deyil. O, öz ağlının yaratdığı cəhənnəmdə yaşayır. Bax, bu cəhənnəm nədir, bilirsən? Hər şeyi bilmək, amma heç nəyə inanmaq istəməmək. Çünki əgər hər şeyin bir izahı varsa, sevgi də, ailə də, inam da sadəcə kimyəvi reaksiyalardırsa, onda niyə yaşayaq? Əgər həyatın sonunda hər şey sıfırlanırsa, niyə bu qədər "doğru" olmağa çalışaq? Əgər bir paralel kainatda sənin ailən səni tanımırsa və başqa birində sənin uşağın belə mövcud deyilsə,onda sən kimə və nəyə görə yaşayırsan? Rik cavab tapmır. O, hər şeyin mənasızlığını dərk etdiyi üçün içir. Öz beynindən, öz düşüncəsindən qurtulmaq üçün. Hər axşam sanki öz “varlıq şüurunu” öldürür. Çünki bu şüur, ona ağrı verir. Və bu ağrı, bəlkə də ən ağır olanıdır.. Heç nəyə inanmamaq.

 Bəziləri deyəcək: “Əgər belədirsə, niyə intihar etmir?” Çünki Rik hələ də bir ehtimalın arxasınca qaçır. O, bəlkə də hər şeyin boş olduğuna inansa da, bir parıltı axtarır. Bəzən bunu Mortidə görür, bəzən Betdə, Bəzən də... keçmiş eşqində. Bax bu çox vacib məqamdır.

Rik bir vaxtlar sevmişdi. Həqiqətən. Və onun həyat yoldaşı öləndə, bütün kainatlar onun üçün dondu. Ən ağıllı adam olmaq, həyatını xilas etmədi. Portal silahı belə onu sevdiyi qadının itkisindən qoruya bilmədi.Ən dəhşətlisi də budur, o qadını o qədər sevirdi ki, onun öldüyü anda öz hisslərinə nifrət etməyə başladı. Və həmin andan sonra Rik bir qərar verdi,mənəvi cəhətdən ölmək. Hər içki qurtumu ilə bir hissəsini daha boğmaq. Hər sarkazmla bir az daha uzaqlaşmaq. Heç kimə bağlanmamaq. Çünki bağlanmaq, zəiflidir. Və Rick zəif olmaq istəmir.

Bu animasiya, cəmiyyətə də bir güzgüdür. Bəlkə sən, mən, biz Rik qədər ağıllı deyilik. Amma çoxumuz eyni yolu seçmişik. Özümüzü gündəlik qaydalarla, sosial şəbəkələrlə, karyera planlarıyla, zarafatlarla boğuruq. Əslində isə içimizdə bir "Rick" oturub, soruşur:“Bunların nə mənası var?” Amma Rikin hekayəsi bizi həm qorxudur, həm təsəlli verir. Çünki onunla özümüzü tanıyırıq. O, hər şeydən qaçır, amma hər dəfə yenidən geri qayıdır. Morti üçün, Bet üçün... bəzən isə sadəcə bir səbəb tapmaq üçün. Bax, bu da onun ən böyük paradoksudur: Hər şeyin mənasız olduğunu bilir, amma hələ də səbəb axtarır.

Və bir də, Morti var.. Səhnəyə ilk baxışda Morti, tipik yeniyetmədir. Utancaq, səsini çox yüksəltməyən, bəzən qorxaqlığı ilə adamı əsəbiləşdirən bir uşaq. Rikin yanında demək olar ki, daim arxa planda qalır. Ətrafında portallar açılır, zaman çökür, kainatlar yox olur. Morti isə sadəcə “Riiiiikk!” deyə qışqırır. Amma... bu səthi görüntünün altında bir dəyişən şüur yatır. Və bu şüur bir gün partlayacaq. Çünki Morti qorxaqlığının içində vicdan daşıyan bir obrazdır. O, bəzən “yox” deməyi bacarır. Rikə qarşı çıxmaq üçün əllərində lazer silahı olan yadplanetlilərə ehtiyac yoxdur. Mortinin “Riiiik, bu doğru deyil!” deməsi bəzən bütün kainatı silkələyir. Bu da vacibdir. Rik dünyanı dəyişə bilər, amma Morti onu sorğulaya bilər. Bu sorğu isə çox vaxt, dünyanı dəyişməkdən daha təhlükəlidir.

  Cəmiyyətlərdə də belədir, dostum. İnqilabları çox vaxt ağıllılar yox, vicdanlı orxaqlar başlayır. Onlar əvvəlcə qorxurlar, çəkinirlər... sonra birdən görürsən ki, sistemə qarşı ilk daşları onlar atır. Morti də bir metaforadır. Zəif görünənlərin içində gizlənmiş güc.

 

 Bir epizodu var. Morti bir nöqtədə başqa kainatdan gələn öz "alternativ versiyasını", daha güclü, daha amansız, daha “Rikləşmiş” bir Mortini görür. “Evil Morty”. Bu versiya Rikə qarşı çıxır, sistemi dağıdır, planlar qurur, və ən qorxulusu, inanmır. O, artıq sevgi, ailə, həqiqət kimi anlayışlara gülür. Yəni… Rikin klonudur.

 Bu da sualı doğurur. Zəiflikmi daha yaxşıdır, yoxsa ağrının içində gücə çevrilmiş qaranlıqmı? Morti zamanla seçir, qorxaq olmaq, amma insan qalmaq. Yəni bəzən “yox” deməyi, “getmirəm” deməyi seçir. Bu cəsarətdir. Bəlkə də Rikin belə edə bilmədiyi bir cəsarət.  Rik beyni ilə hökm edir. Morti qəlbi ilə. Və hər ikisi bu dünya üçün lazımdır. Çünki biri olmadan digəri ya vəhşiləşir, ya da boğulur.

 Cəmiyyətə mesa isə məncj burdadır: Sən zəif ola bilərsən. Sən qorxa bilərsən. Amma sən “yox” deyə bilirsənsə,dünyanın ən güclü silahına maliksən. Vicdana.

  Rikin bütün kainatları gəzdiyi portal silahı var. Amma heç bir portal onu keçmişindəki o qadına qaytara bilmir. Rik bir qadını sevmişdi. Həqiqətən. Dərindən. Fəlsəfi və fiziki qanunları pozacaq qədər. Onu itirəndən sonra isə heç bir paralel kainat onu tamamlaya bilmədi.

 O qadın kim idi? Biz adını çox eşitmirik. Hətta bəzi epizodlarda onun varlığı belə şübhə altına alınır. Bəzilərinə görə, bu qadın, Rikin həyat yoldaşıdır. Bəzilərinə görə isə, Rikin içində yaratdığı bir xatirə illüziyasıdır. Çünki insan bəzən itirdiyi adamı yaşatmaq üçün, onu artıq özü uydurur. Və Rik kimi bir dahi, bunu ən yaxşı şəkildə bacarar.

 Onu unuda bilmir. Çünki...O qadın Riki hələ insan ikən sevmişdi. Yəni o qadın, Rikin içkiyə başlamadığı, qızına nifrət etmədiyi, əqidəsini itirmədiyi dövrdə, yəni Rikin ruh sahibi olduğu bir dövrdə yanında idi. Bu qadının ölümü (və ya yoxluğu) ilə Rikin içindəki ruh da ölməyə başladı. O vaxtdan bəri Rik sevməyi dayandırdı. O, bəlkə də sevir amma bunu qəbul etmir. Çünki qəbul etsə, yenidən itirmək riski var. Və o, bir dəfə dağıldı. İkinci dəfə dağılsaydı... bəlkə də kainatlar dağılardı. Onun həmin qadına olan eşqi, sadəcə bir romantik hekayə deyil. Bu, onun sonuncu inamıdır. Rik çox şeyə inanmır, Tanrıya, sevgiyə, ailəyə, dostluğa… Amma bəlkə də içində bir parça, o qadının gülüşünə hələ də inanır. Hər dəfə boş otaqda oturub içkisini qaldıranda, sanki onunla “fövqəltəbii” bir kədər paylaşır. Sözsüz bir dialoq. Hər cümləsi içkini bir az da acılaşdıran... O qadın, Rik üçün qayıtmaq istədiyi tək zamandır. Amma nə qədər ağıllı olsa da, zaman maşını belə tikmir. Çünki Rik bilir, zamana qayıtmaq, o qadını qaytarmaz. Çünki bəzən insan birini itirəndə, sadəcə onu yox, özünün bir hissəsini də itirir. 

 Bu, cəmiyyət üçün də bir simvoldur. Bəzən birini sevirik və itiririk. Sonra uzun illər özümüzü dəyişirik, sərtləşirik, “mən indi daha güclüyəm” deyirik. Amma gecənin bir vaxtı, otaqda tək qalanda, onun səsi yenə də beynimizdə əks-səda verir. Çünki bəzi insanlar unudulmur. Onlar bir şəxs olmur, bir zaman olur. Ən gözəl, ən həzin, ən yarımçıq zaman.

 Rik bu eşqin altında əzilib, amma bu eşq onu insan da saxlayıb. Daxilindəki o yanıq, onu içkidən qoruyur, onu dağıtsa da, yenidən qurulmaq üçün səbəb verir. Rik və Morti kainatında ən sarsıdıcı anlardan biri "Evil" Morti ilə tanışlıqdır.

Çünki bu obraz sadəcə bir alternativ Morti deyil, bir ideologiyadır. Qarşısında dayanan sistemin içindən çıxmış bir üsyan. Əzilmiş, idarə edilmiş, istismar olunmuş, təkcə Rik tərəfindən yox, bütün bir sistem tərəfindən formalaşdırılmış bir Morti..

 Mortilər bu kainatda zəifdir. Riklər güclü.

Mortilər qorxur. Riklər idarə edir.

Və bütün "Rick and Morty" kainatı da bu sistemin üzərinə qurulub.

 

Evil Morti bu nizamı sındırmaq üçün gəlir. O, yalnızca güc istəmir, azadlıq istəyir. Amma azadlığın dəyəri dəhşətli dərəcədə bahadır.

 O, Riklərə nifrət edir. Hətta Mortilərə də. Çünki o, insanlara deyil, şəxsiyyətsizliyə, sürü olmağa nifrət edir. Evil Morti deyir: "Əgər hər kəs eyni taleyi yaşayacaqsa, fərq yaratmağın nə mənası var?”

Bu sual cəmiyyətlərə də tanışdır. Eyni məktəb, eyni iş, eyni həyat... Sonda isə "sən" yoxsan, sadəcə "onlardan biri" var. Sistemin bir nömrəsi. Evil Morti bu nömrədən imtina edəndir. Amma... Onun azadlıq uğrunda savaşı, empatiya hissini öldürüb. O, dünyanı dəyişmək istəyərkən öz içindəki insanı itirib. Əgər Rik ağlın tiranıdırsa, Evil Morti azadlığın zalımıdır. Bu bizi ekzistensial bir dilemmanın ortasına gətirir:  Azadlıq üçün nə qədər pis ola bilərik? Və bəzən sistemdən çıxmaq, bizi daha yaxşı edir, yoxsa daha qəddar?

 Bax, dostum, məncə, burada çox dərin bir məsaj yatır. Bəzən sistemə qarşı çıxanlar, sistemin yaratdığı travmalardan o qədər zədələnir ki, özləri yeni sistemə çevrilirlər. Evil Morti Rikin zülmünə qarşı çıxır, amma sonda Rikdən daha soyuq, daha amansız olur. Çünki nifrət, çox zaman azadlığın yan təsiridir. Əgər sevgiylə tarazlaşdırılmasa. Evil Morti, bu cəmiyyətin radikallaşmış vicdanıdır. Əvvəlcə həssas idi. Əzilmişdi. Sonra içindəki duyğuları silib yerinə soyuq riyaziyyat və üsyan yerləşdirdi. Bu da onu sistemin tənqidçisi yox, sistemin əksi elədi.

O, bizi bir sualla daha baş-başa qoyur: "Ədalət istəyən biri, zalım olmağa başlayanda, biz kimin tərəfindəyik?*

Bəzən cəmiyyətlər də belə dəyişir;

Azadlıq deyib tiranlığa çevirənlər…

Ədalət deyib diktatura quranlar…

Hiss deyib hər kəsi yandıranlar…

Evil Morti bu sualların bədən tapmış halıdır.

Rikin nihilizmi səssiz bir təslimiyyətdirsə, Evil Mortinin nihilizmi aktiv bir intiqamdır. İkisi də ruhunu itirib, biri içkidə, biri müharibədə.

Rik və Mortiyə baxarkən çoxları sadəcə gülür. Portal silahı, axmaq növlər, ağlasığmaz səhnələr… Amma bir az dərinə baxanlar üçün bu serial bir güzgüdür. Bəli, gülürük. Amma bəlkə də... öz halımıza.

Bəs yaxşı, cəmiyyət içindəki Riklər kimlərdir?

Ağıllı, sarkastik, lakin dərin bir yorğunluq daşıyanlar. Hər şeyə ironiya ilə yanaşanlar. Ümidlərini itirmiş, lakin hələ də gözləməyə davam edənlər. Onlar sevə bilmir, çünki sevdikləri hər şey bir gün ya dəyişir, ya da ölür. Ona görə də Riklər sevməyi özlərinə lazımsız zəiflik kimi göstərirlər. Halbuki hər gecə içdikləri şey içki yox, öz vicdanlarıdır.

Bəs Mortilər kimlərdir?

Əvvəlcə sadəlövh, inanmağa meyilli. Dəyərləri var, lakin çox zaman bu dəyərlər güc qarşısında əzilir. Morti cəmiyyətin ortalama gəncidir, istismar olunan, istifadə olunan, amma içində daha yaxşı biri olmaq istəyən. Əgər Rik təslimdirsə, Morti hələ də dirənişdir.

Evil Morty isə…

Bizim içimizdəki radikal təbiətdir. Uşaqlığımızda bizə edilən haqsızlıqlardan doğan böyük qəzəb. Bəzən bu qəzəb bizi haqlı edir, bəzən haqsızlara çevirir.

Rik və Morti kainatı, əslində bizim gündəlik həyatımızın ekstremallaşdırılmış versiyasıdır. Səhər yuxudan duran, amma niyə durduğunu bilməyən Riklər.

Dərsə və ya işə gedən, amma əslində hara getdiyini bilməyən Mortilər.

Azadlıq deyə-deyə ürəyi buz tutan Evil Mortilər.

Yumorla bəzədilmiş bir depresiya içində yaşayırıq.

Rik deyir: “Kainatda heç nəyin mənası yoxdur. Ona görə də narahat olmağa dəyməz.”

Biz isə deyirik: “Əgər heç nəyin mənası yoxdursa, bəs niyə hələ də hiss edirik?”

Rik və Mortiyə gülmək bir növ müdafiə mexanizmidir. Çünki hər həqiqət ağrıdır, və yumor ağrını yüngülləşdirən maskadır. Serial bizi tənqid edir, amma zarafatla. Yəni deyir: “Sən gülürsən, amma bilirsən ki, danışdığım səndən gedir…” Bu, Dostoyevskinin də toxunduğu məsələdir. İnsan hər şeyə alışa bilər. Hətta mənasızlığa da. Rik isə alışanlardan biridir. Morti isə hələ də etiraz edənlərdən.

Bu hissədəki sual budur: "Biz Riklə zarafat edirik, yoxsa Rik bizə gülür?"

Rik Sançez, kainatlararası səyahət edə bilən, tanrını inkar edən, ölümdən qorxmayan bir məfhumdur. Amma eyni zamanda bir stəkan içki ilə ağlayan, sevdiklərini uzaqlaşdıran, tənhalıqdan çürüyən bir adam. O qəhrəmandır, çünki hamını xilas edə bilər. O günahkardır, çünki heç kimi xilas etmək istəmir. O yalnızdır, çünki özünü belə sevməyə cəsarət etmir.

 Rik bütün kainatı anlasa da, özünü anlaya bilmir. Ona görə də elmə sığınır, özünü "ən ağıllı" adlandırır. Çünki bu, onu "ən hissiz" olmağa məcbur edir. Hər şeyi bilmək, hiss etməməyə bilet kimi işləyir onun üçün. Halbuki əsl bilik, hiss etməklə başlayır. Rikin bütün kainatı gəzməsinin səbəbi, bir yerə çatmaq deyil. Heç yerdə qala bilməməkdir. Çünki dayansa, düşünsə, hiss etsə… Öz içindəki boşluqla üz-üzə qalacaq. O boşluq ki, nə Bet, nə Samer, nə də başqa bir varlıq onu doldura bilməz. Rik sevir. Sadəcə bu sevgini tanıya bilmir. Övladını, nəvəsini, hətta bəzən cizgi pişiyini belə... Amma hər dəfə bu sevgini ağlın süzgəcindən keçirir.Çünki zəif görünməkdən qorxur. Çünki zəiflik, insan olmaqdır. Və o, insan olmaq istəmir. Amma bəzən bir anlıq susur. Gözləri dolur. Nə deyəcəyini bilmir. Orada Rik yox, yalnız bir adam dayanır. Adı Rik olsa da, o sənin atan, qardaşın, dostun, bəlkə də özünsən.

Rikin hekayəsi, insanın hekayəsidir. Düşünən, dağıdan, yaradan, qorxan... Hər şeyə güldüyü halda, içində həmişə ağlayan. O bizə deyir:

“Ən ağıllı olmaq heç nəyi dəyişmir. Əgər ürəyində sevgi yoxdursa, sən də yoxsan.” 

Sonda bizə bir sual qalır.  Rick əslində bizdən biridir, yoxsa biz onsuz da Rikin bir versiyasıyıq?

Və ya bəlkə hər kəsin içində bir Rick yatır. Sadəcə kimimiz onu gizlədirik, Kimimiz isə portalı açıb, onu azad buraxırıq. Bütün bu sözlər, epizodlar, güldüyümüz səhnələr və Rikin içkili halı... Əslində bunların heç biri sadəcə bir animasiya deyilmiş. "Rick and Morty"  rəngli, qarmaqarışıq, ironiyaya bürünmüş bəşəriyyətin manifestidir. O, bizə kainat haqqında nəsə öyrətmək istəmir. O, bizi öz içimizdəki kainatla üzləşdirmək istəyir.

 Sən Rikə baxanda əyləndiyini zənn edirsən, dostum. Amma bəlkə də beynindəki bir hüceyrə səssizcə sənin qulağına pıçıldayır ki, "bu adama niyə belə simpatiya hiss edirsən? Niyə onun bədbinliyində özündən bir şey tapırsan?” Çünki Rik, özünü anlamış, amma qəbul etməmiş insandır. Və əslində hamımız bir gün o nöqtəyə gəlirik.

Bütün cavabları tapdığımız, amma niyə axtardığımızı unutduğumuz yerə.

 Rikin içki şüşəsi bir simvoldur. O, sadəcə alkoqol içmir. O, öz xatirələrini boğur. Əvvəlcə sevdiklərini itirib. Sonra özünü. Ən sonda isə ümidi. Bax, əsl faciə də buradadır. Rik hər şeyi edə bilər. Kainatları yarada, zamanla oynaya, tanrıları aşa bilər. Amma bir qadına, yalnız bir qadına, "qal" deyə bilməz. Çünki qorxur. Çünki hər ayrılıq onun üçün bir yenidən yox olmaqdır.

 

İndi gəl, bu hekayəyə bir də başqa yöndən baxaq. Morti bizim saflığımızdır. Rik o saflığın əzik, qırılmış gələcəyidir. Yəni bu hekayə bir neçə nəfərin yox, bir insanın daxili savaşıdır. Və hər dəfə portal açıldıqda, sən ya keçmişinlə qarşılaşırsan, ya da özünü tərk edirsən. Hər versiya sənə daha da yad gəlir. Çünki... sən dostum, mənim kimi özünə yadlaşmısan. "Rick and Morty" bizə bunu demir. Amma baxaraq hiss etdirir. Bəzən sənin ən böyük düşmənin sənin ən yaxın versiyandır. Sən özünə qarşı çıxırsan, sən özünlə vuruşursan, sən özünü alt-üst edən bir gücə çevrilmisən. Multik versiyalar, variantlar, əvəzedicilər...  Bütün bunlar sənin öz üzünə baxmaqdan qaçdığın yollardır.

Və sonra gəlirik o suallara. Azadlıq nədir? Ailə nədir? Sevgi nədir?

 Mən kiməm? Rik bu sualları cavablamır. Çünki heç bir cavab yetmir.

Çünki bəzən doğru sual vermək, cavab tapmaqdan daha çox insan edir bizi.

 O gülüşlərimizin altında bir sarsıntı gizlidir. Çünki gülürük, amma dodaqlarımızın kənarında həmişə bir “kaş…” qalır. Kaş Rik özünü bağışlaya biləydi. Kaş Morti o saf halını qoruya biləydi. Kaş Evil Morti yalnız intiqamdan ibarət olmasaydı. Kaş biz... bu qədər içimizdə yalnız qalmasaydıq. Axı bəlkə də portal silahı heç vaxt mövcud olmayıb. Bəlkə də bu serial, qapıları açan silah deyil, güzgüdür. Sənə özünü göstərən, səndə gizlənən Riki, ağlayan Mortini, dirəniş edən Sameri ortaya çıxaran bir güzgü. Və bu güzgü bizə bir şeyi fısıldayır:

 “Gəzmədiyin kainatlar qalmaya bilər. Amma hələ də gəzə bilmədiyin bir yer var… Öz için.”

 "Rick and Morty" uydurma bir dünyadır, bəli. Amma içində gəzdirdiyi duyğular, bizim reallığımızdır. Düşüncənin sərhədsizliyi ilə hissin boşluğunu eyni anda yaşadan,çox güldürüb, azca ağladan və səssizcə ürəyimizə deyən:

 “Əgər hər şey mənasızdırsa, bəs niyə hələ də bu qədər hiss edirik, ha?”

İndi portal bağlandı. Əsl sual budur:

  “Bu səfərdə Rik dəyişdi? Yoxsa sən?”

 

“Ədəbiyyat və incəsənət”

(02.06.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.