Qum dənəsini qızıla çevirməyi bacaran ACUN ILICALI Featured

İnci Məmmədzadə,  “Ədəbiyyat və incəsənət” 

 

 

Adı prodüsser kimi çox tanınır. Teleulduz da hesab etmək olar onu. Bir çox proqramlara özü şəxsən qatılır. Onu həm də hədsiz maddiyyat sahibi kimi tanıyırlar. Türkiyənin ən ünlülərindəndir. Bizimçünsə bu şəxsin ayrıca özəlliyi və dəyəri var. O, mənşəcə azərbaycanlıdır.

 

Bu gün türkiyəli televiziya prodüseri və aparıcısı Acun Ilıcalının doğum günüdür. "Acun Medya"nın və Exxen platformasının yaradıcısı və sahibidir həm də Acun bəy.

29 may 1969-cu ildə Ədirnə vilayətində dünyaya gəlib. Ailəsi Ərzurumun Ilıca mahalında yaşayıb. Acunun azərbaycanlılığı ata tərəfdəndir.

İlk və orta təhsilini "Edirne İstiklal İlköğretim Okulu"nda alıb, "Kadıköy Maarif Koleji"nin orta bölümündə tamamlamışdır. "Kadıköy Anadolu Lisesi"ni bitirdikdən sonra "Gazi Üniveristesi"nin ingilis dili müəllimliyi fakültəsinə qəbul olunmuşdur. Lakin universitetdə oxumayıb, televizyanı seçmişdir.

 

Karyerası

1995-ci ildə bir mağaza açmış, ticarətə başlamış, lakin daha sonra müflis olmuşdur. Bir dostu vasitəsilə Melihcan Tunçla tanış olan Acun, futbol bacarığını ona göstərmiş, Melihcan heyrətə gəlmiş və onu öz yanında işə götürmüşdür. “Beşiktaş”ın müxbiri ikən futbolçularla səmimi olub özəl reportajlar hazırlamağa başlamış və beləliklə ulduzu parlamışdı. Daha sonra Şansal Büyükanın komandasına transfer olmuşdur. Televole-nin idman jurnalı olan vaxtlarında dünyanı gəzməyə başlamış və özünə aid bir bölmədə bunlar haqqında yazmağa başlamışdır. Daha sonra 2002-ci ildə bu səyahəti "Acun Firarda" adlı bir verilişlə davam etmişdir. Beləliklə 105 ölkəni gəzmişdir. 

2005-ci ildə Acun Medya adlı bir şirkət qurmuşdur. Fear Factor, Survivor — Kızlar-Erkekler, Survivor Türkiye-Yunanistan, Survivor — Aslanlar-Kanaryalar, Var mısın Yok musun, Devler Ligi, Yetenek Sizsiniz və Yok Böyle Dans proqramlarının prodüseri, münsifi və aparıcısı olmuşdur.

Əlavə olaraq Uğur Dündarın aparıcılıq etdiyi "Yoksa Rüya Mı?" və Behzat Uygurun aparıcılığını etdiyi "Söyle Söyleyebilirsen" verilişlərinin də yaradıcısı Acun Ilıcalı olmuşdur.

Türkiyə və Anadoluda göstərdiyi stand-up şouları ilə həyat yolunu izləyicilərə komik bir tərzdə çatdırmışdır. Son olaraq məşhurlarla hazırladığı Yok Böyle Dans yarışmasından gələn gəlirlə əqli çətinlikləri olan uşaqlar üçün məktəb hazırlatmışdır.

2013-cü ildə 70 milyon dollar qarşılığında TV8 kanalını almışdır. Kanalın qiyməti 1 ildən sonra 400 milyon dollara qədər qalxmışdır.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.