Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki: - "Mən Fəxri xiyabanı istəmirəm, məni Novxanıda- Validin yanında dəfn edərlər. Kim məni ziyarət etmək istəsə, oraya gələr. Mən Validdən ayrı qala bilmərəm. Hələ indi həyatdayam, ayrı qala bilmirəm. O biri dünyada necə ayrı qalım? Birimiz Fəxri xiyabanda, birimiz Novxanıda?! Elə şey olar?! Övladlarıma da vəsiyyətimi etmişəm. Bunu bilirlər."
O, 1941-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1959-cu ildə hələ 10-cu sinifdə oxuyarkən Respublika Radiosunda təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 1959-1975-ci illərdə bir sıra radio tamaşalarında baş rolları səsləndirib. 1975-ci ildə televiziyada diktor kimi fəaliyyətə başlayıb və 1978-ci ildə ali dərəcəli diktor adına layiq görülüb. Daha sonra indiki BDU-nun Filologiya fakültəsinin axşam şöbəsində ali təhsil alıb. 1991-ci ildən xalq artistidir. 2002-ci ildən prezidentin fərdi təqaüdünü alır. O, tanınmış aktyor Möhsün Sənaninin oğlu televiziya redaktoru, ssenarist, mərhum Valid Sənaninin həyat yoldaşı olub...
"Mən televiziyaya gələndə Valid artıq öz sözünü demiş bir redaktor idi. İnanın, biz ikimiz də bir-bimizin tayı idik. Mənim 18 yaşım vardı. Gözəl, yaraşıqlı qız idim. Məhəlləmizdən, qohum-qonşudan anama xəbər göndərənlər çox idi. O da deyirdi, qızım hələ uşaqdı. Daha demirdi ki, bu “uşaq qız” artıq könlünü verib. Bir qonşumuz vardı, zərgər idi. Anası gəldi bizə, əlindəki boxçanı açanda məəttəl qaldıq. Biz o qədər brilyantı, qır-qızılı heç yuxuda da görməmişdik. Elə bil Əlibabanın xəzinəsi idi. Masnın üstünə töküb dedi ki, bunlar Ofanındı, təki bir kəlmə “hə” desin. Mən isə Validi sevirdim. Valid mənim üçün bir dünya xəzinə idi...”
Bəli, bu dəfə sizə Ofeliya Sənanidən danışıram. O, Ofeliya xanımdan ki, onu hamımız sevirdik. O vaxt biz onun səsinə, simasına, abır-həyasına, mədəniyyətinə vurulmuşduq. Budur, Ofeliya xanımın nə az, nə çox 84 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayırıq...
“Ədəbiyyat və incəsənət”
(27.05.2025)