Bütün diqqətlər Kəhraba sahilə - KANN KİNOFESTİVALI, 2025 Featured

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Mayın 12-də açılan 78-ci Kann Film Festivalı haqlı olaraq tək kinosevərlərin deyil, bütün mədəniyyət xadimlərinin di9qqətini Fransanın Kəhraba sahillərinə yönəldib. Orda nələr baş verir? Suallara cavab almaq üçün Euronews telekanalının köməyi ilə qanadlanıb biz də Kanna virtual səfər edirik.

 

Məşhur aktyorlar, rejissorlar, ssenaristlər və kino dünyasının nümayəndələri sənayenin ən nüfuzlu illik tədbirlərindən birinə qatılmaq üçün Fransanın cənub-şərqindəki Kann kurort şəhərinə axışırlar

Məşhur aktyor, hamımızın “Bir dəfə Amerikada” filmi ilə sevimlimizə çevrilmiş Robert De Niroya fəxri “Qızıl Palma budağı” mükafatı təqdim olundu.

Növbəti günlər ərzində festivalda Tom Kruzun, Spayk Linin və Ari Asterin Eddinqtonun son filmlərinin böyük premyeraları olacaq.

Tədbirdə Hollivudun bir çox məşhurları iştirak edir. Açılış mərasimində qırmızı xalçadan keçən ulduzlar arasında Robert De Niro ilə yanaşı, Quentin Tarantino və Jülyett Binoş da yer almışdı. Həmçinin Leonardo Di Kaprio Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim edərkən ayaqda alqışlarla qarşılandı.

Bu il festivalın münsiflər heyətinə dünyaşöhrətli aktrisa Jülyett Binoş başçılıq edir.

Mayın 24-də təqdim ediləcək Kann Film Festivalının əsas mükafatı olan “Qızıl Palma budağı" uğrunda 22 film mübarizə aparır. Bu filmlərə Ues Andersonun “Finikiyalı planı”, Riçard Linkleyterin “Yeni dalğa”, Lin Ramzeyin “Sevgimlə öl”, Yoahim Trierin “Sentimental Remint” və digər filmlər daxildir.

Münsiflər heyəti 22 filmin hamısına diqqətlə, necə deyərlər, “lupa ilə” baxacaq və mayın 24-də təqdim olunacaq nüfuzlu mükafatın əsas qalibini və digər mükafatçıları seçəcək.

Maraqlı hadisələr baş verdikcə size də məlumatlandıracağıq.

 

Məlumat üçün bildirim ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) dünyanın ən məşhur kinofestivallarından biridir. Bu festival ənənəvi olaraq Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı "Qızıl Palma Budağı"dır.

Sonralar şən avropalı təşkilatçılar darıxdırıcı və solğun payızdan rəngbərəng bahara adlamaq qərarına gəlib festivalı may ayında keçirməyə başladılar. Bundan başqa, "Qran-pri", "Qızıl Kamera" mükafatları da həmin festivalın mükafatları sırasındadır.

Onu da qeyd edim ki, Kann kino festivalında Azərbaycan ötən il təmsil olunmuşdur. Rejissorluğunu Azər Quliyevin  etdiyi "Sanki yoxsan" filmi festivalda yer alan, amma əsas müsabiqədənkənar filmlər arasında olub. Kim bilir, bəlkədə gələcəkdə  "Qızıl Palma" mükafatını  hər hansı bir Azərbaycan filmi də əldə edər?

Niyə də arzulamayaq?

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.