İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Yazıçı-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsərinin motivləri əsasında hazırlanmış “İrəvanda nəyim qaldı” tamaşasında yaxın tariximizin gerçək faktları, Azərbaycanın qədim yurd yeri İrəvanda zaman-zaman soydaşlarımıza qarşı aparılan gizli təxribatlar, erməni ideoloqlarının ərazi iddiaları və Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın siyasi müstəvidə müdafiəsinə qalxması əks olunur.
Ümummilli Lider sovet dönəmində hakimiyyətə gələrkən təkcə Azərbaycan tarixinə, mədəniyyətinə, toponiminə mənəvi terror həyata keçirən məkrli ermənilərə qarşı deyil, həm də onları müdafiə edən Mərkəzi hakimiyyətlə mübarizə aparırdı. Sovetlərin qanunları çərçivəsində daşıdığı vəzifə böyük risk idi. Amma dahi şəxsiyyətin zəkası, dəmir məntiqi, siyasi iradəsi və idarəçilik təcrübəsi onun qalibiyyətinin əsası idi. Tamaşada bu faktlar dialoqlar, bəzən də monitor vasitəsilə kinoxronika olaraq nümayiş olunub.
Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə layiqli töhfə olan bu səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Xalq artisti Firudun Məhərrəmov, quruluşçu rəssamı Mustafa Mustafayev, məsləhətçilər isə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov və filologiya elmləri doktoru, professor Mahirə Nağıqızıdır.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə, təşkilat rəhbərləri və teatrsevərlər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)