6,5 milyard manat!

44 günlük qələbə 30 illik torpaq həsrətinə son qoydu. Azərbaycan məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır. Bəs bugünədək hansı həcmdə işlər görülüb, nələr gündəmdədir? 

“Ədəbiyyat və incəsənət” ekspertlərin fikrini nəzərinizə çatdırır. 

Millət vəkili Vüqar Bayramov:

-30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran Ermənistan hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıyır. Ermənistan revanşist meyillər ilə regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir. Lakin Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma deyil, məhz qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzalamaqla yeni səhifəni açmaqdır. Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. İşğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinə ötən il 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə, son 2 ildə bu istiqamətə 6,5 milyard manat yönəldilib. 2022-2026-cı illərdə isə işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulmasına 19,2 milyard manatın ayrılması nəzərdə tutulub. Qarabağda ərazilərin 15 faizi minalardan təmizlənib. Artıq bu ilin sonunda Böyük Qayıdışın yeni mərhələsi başlayacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar.

Millət vəkili Rauf Əliyev:

Bilirsiniz ki, Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır. Azərbaycan güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb.
Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün külli miqdarda vəsait nəzərdə tutulub. 

Əlbəttə ki, bu ərazilərin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Gözəl təbiəti, yeraltı və yerüstü resursları olan Qarabağ torpaqlarının iqtisadiyyatımıza böyük dividentlər gətirəcəyi şübhəsizdir. Təbii ki, quruculuq işləri həyata keçiriləndən, insanlar o torpaqlara qayıtdıqdan, torpaqların əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra biz həmin bölgələrin inkişafımıza nə qədər böyük təkan verəcəyinin, müsbət təsir göstərəcəyinin şahidi olacağıq. 

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2023)