Dələduzluqla məşğul olan direktor həbs edilib

Bəzən biz mədəniyyətin aşağı səviyyədə olmasını savadsızlıqla, dünyagörüşünün bəsitliyi ilə izah edirik. Mədəniyyətin aşağı olması isə əksər hallarda aparıb cinayətkarlığa çıxarır. Növbəti xəbərimiz kriminal xəbər olacaq. 

 

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqla məşğul olan bir qrup şəxs Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda fəaliyyət göstərən “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev həmin agentliyin satış menecerləri Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olaraq agentliyə müraciət etmiş ümumilikdə 78 nəfərə qarşı dələduzluq ediblər. Siz təsəvvür edirsinizmi, şirkət aç və plan qur ki, kim müraciət edəcəksə onu aldadıb əmlakını mənimsəyək. 

Beləcə, banda üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1 milyon 490 min 200 manat məbləğində pul alaraq dələduzluq ediblər. 

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa cəlb ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)