Sual-cavab: Dövlət hansı mənzilləri onlayn-satışa çıxarır?

 

Söhbət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərədindən gələn il yanvarın 23-də saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacağından gedir. Satış nazirlik tərəfindən hazırlanmış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadla xəbər verir. 

 

Elektron portalda mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) təqdim olunur. 

Mənzillər daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təmin ediləcək. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Həmin mənzillərdən almaq istəyən şəxslər portala daxil olaraq onlarla tanış ola bilərlər. Mənzillərin satışı başlandığı andan mənzili portalda seçən ilk şəxs mənzili almaq hüququ qazanacaq. 

Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.

Mənzili seçən şəxslə nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzillərin portal üzərindən satışı gələn il iyulun 1-dək davam edəcək.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2022)