Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla işbirliyi əlaqələrini daha da gücləndirir

Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanda keçirilən “Özbəkistan mədəniyyət günləri” çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti Günay Əfəndiyeva ilə görüşüb. 

 

Fonddan yayılan məlumata görə, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycanda “Özbəkistan mədəniyyət günləri”nin yüksək səviyyədə keçirilməsi münasibətilə Ozodbek Nazarbekovu təbrik edib. Günay Əfəndiyeva təşkilat tərəfindən Özbəkistanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması yönündə həyata keçirilmiş layihə və tədbirlərdən söz açıb. O, Fondun Özbəkistanla bağlı gələcək layihələrindən bəhs edərək, ölkə ilə daha aktiv qarşılıqlı fəaliyyətlərin vacibliyini diqqətə çatdırıb. 

Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycanda “Özbəkistan mədəniyyət günləri”nin keçirilməsindən məmnunluğunu ifadə edərək, tədbiri ölkələrarası dostluq münasibətlərinin möhkəmlənməsinə önəmli töhfə kimi qiymətləndirib. Nazir Fond tərəfindən özbək xalqının milli-mənəvi dəyərlərinin təbliği istiqamətində aparılan işləri yüksək dəyərləndirib. O, təşkilat ilə ölkə arasında işbirliyi əlaqələrinin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Fondun Özbəkistanla bağlı yeni layihələrinin birgə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilməsinə dəstəyini ifadə edib. 

Görüş tərəfdaşlığın gələcək perspektivlərinə dair müzakirələrlə davam edib.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələrini təqdim ediblər. Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov ölkənin milli geyim nümunələri və qədim musiqi alətini Fondun muzeyinə bağışlayıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2023)