Azərbaycan Türkiyədə keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında iştirak edir Featured

 

Bu gün Türkiyədə III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı açılıb, ölkəmizi festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalına Mərkəzdən verilən məlumatda görə, əsrlər boyu Anadolunun zəngin mədəni həyatını formalaşdıran yörüklər, yəni, köçəri həyat tərzi sürən xalqlar Türk mədəniyyətinin mühüm bir hissəsini təşkil edib. Antalya bu qədim mədəniyyətin ən parlaq nümunələrinin yaşadıldığı şəhərlərdən biridir və bu zəngin mədəni irsin gələcək nəsillərə ötürülməsi vəzifəsini üzərinə götürməyi hədəfləyib. 

Festivalın əsas məqsədi yörük mədəniyyətini gələcək nəsillərə əhatəli şəkildə çatdırmaqdır. Festival Antalyanın bənzərsiz təbii gözəllikləri ilə əhatə olunmuş Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil olunacaq. 

Tədbirdə Türk dünyasının müxtəlif guşələrindən yerli musiqi və rəqs proqramları təqdim olunacaq, milli çadırlar qurulacaq, türkdilli xalqlar öz mədəniyyətləri və sənətlərini nümayiş etdirəcəklər. Festivalda, həmçinin unudulmaqda olan əl işləri ustalarının əsərləri sərgilənəcək, ənənəvi Türk mətbəxinin nümunələri qonaqlara təqdim ediləcək, idman yarışları keçiriləcək.

Festivalda çox sayda yerli və xarici turist, ümumilikdə iki yüz mindən çox insanın iştirakı gözlənilir. 

Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İran, İraq, Rumıniya, Gürcüstan, Çin və Ukrayna da təmsil olunacaq.

Mədəniyyət Mərkəzimizin təşkil edəcəyi Azərbaycan çadırında ölkəmizin milli mədəniyyəti, incəsənəti, əl işləri geniş şəkildə sərgilənəcək, qonaqlara milli şirniyyatlarımız təqdim olunacaq. Festival çərçivəsində təşkil olunacaq bədii hissədə Azərbaycan musiqiləri və rəqsləri ifa ediləcək. Konsertdə Azərbaycanın Xalq artisti Azərin, Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, tar ifaçısı Pərviz Musayev, mərkəzin nəzdindəki “Xəzər” Xalq Rəqsləri Ansamblı milli və xalq musiqi nümunələrimizi təqdim edəcəklər.

Festival sentyabrın 15-dək davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2024)