TANINMIŞ SUMQAYITLILAR - Elnarə Akimova Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət

 

Məşhur rubrikamızda növbəti tanınmış sumqayıtlını təqdim edirəm. Bu təqdimat xüsusən faydalı olacaq. Bildiyiniz kimi, sentyabrın 1-də Milli Məclisə növbəti seçkilər günüdür. Sumqayıtdan olan namizədlərdən biridir həm də təqdim etdiyim bu şəxs. Söhbət Elnarə Akimovadan gedir. Alim, yazar, hakim partiyanın fəalı, təəssübkeş bir xanımdır Elnarə xanım. Həm də sadədir, demək ki, hər bir seçicisi üçün övlad, ana, bacı olacaq. Namizədliyi 46 saylı seçki dairəsindəndir.

 

ƏDƏBİ PROBLEMLƏRİN ARAŞDIRICISI

Elnarə Akimova 1990-cı illərin sonlarından etibarən ədəbi mətbuatda çıxışlar edir. Müasir ədəbiyyatın elə bir  problemi yoxdur ki, Elnarə Akimova o barədə məqalə yazmasın: ədəbi tənqidimizin 90-cı illər mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində", şeirimizin son iyirmi ilinin inkişaf perspektivlərini, həm uğurlu, həm də bu inkişafa ziyan gətirən məqamlarını "Çağdaş poeziya və ədəbi təmayüllər", müasir tənqidimizin toxunduğu problemlərdən söz açan "Yeni təfəkkür və ədəbi tənqid", “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” kitabları, həmçinin ədəbiyyatımızın yaradıcılıq problemlərinin müxtəlif məqamlarına işıq salan, dəyərli ədəbiyyat xadimlərininədəbi irsini tədqiq predmetinə çevirən digər kitablar və sayı-hesabı bilinməyən onlarla məqalələr Elnarə Akimovanın qələmindən çıxıb. 

 

UŞAQ ƏDƏBİYYATI MÜTƏXƏSSİSİ

Elnarə Akimova AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiridir. İllərdir uşaq ədəbiyyatının problemləri ilə məşğul olur, müxtəlif forum və iclaslarda uşaq ədəbiyyatı, dərsliklərin vəziyyəti ilə bağlı ardıcıl çıxışlar edir. 

 

İCTİMAİ MÖVQE SƏRGİLƏMƏSİ

Ümumiyyətlə, Elnarə Akimova televiziya məkanında, mətbuatda, müsahibələrində təkcə ədəbi yazıları, fikirləri ilə görünmür, eyni zamanda ictimaiyyəti narahat edən problemləri qabartmaqla ziyalı mövqeyi nümayiş etdirir. Bu çıxışların hər biri ilə “youtube.com” platformasında tanış olmaq mümkündür.

 

AKADEMİYANIN FƏALI

Elnarə Akimova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəal əməkdaşlarından biridir, müasir ədəbiyyatla bağlı keçirilən bütün müzakirələrdə onun düşüncələrinə xüsusi önəm verilir. Hər il İnstitutda keçirilən və ilin ədəbi yekunlarına həsr olunan elmi yaradıcılıq müşavirəsində poeziya haqqında, ilin ədəbi yekunları haqqında məruzələr ona tapşırılır.

 

MƏŞHURLARIN YÜKSƏK RƏYİ

Elnarə Akimovanın peşəkarlığı, professional hazırlığı göz qabağındadır. Onun yazı tərzi, fərdi üslubu əsasən elmi təfəkküründən güc alır. Onun haqqında ölkənin ən güclü alimləri, akademikləri, yazıçıları – İsa Həbibbəyli, Nizami Cəfərov, Kamal Abdulla, Anar, Elçin, Azər Turan, Teymur Kərimli, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Bədirxan Əhmədli, Məti Osmanoğlu, Mətanət Vahid və başqaları fikir söyləyib, məqalə yazıblar. 

 

PARTİYADA SEÇİLMƏSİ

Elnarə Akimova Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Dörd ilə yaxındır ki, burada ideoloji məqalələrlə çıxış edir, ölkənin siyasi həyatında baş verən proseslərə ayıq və çevik münasibət göstərir. Elnarə xanım ideoloji dürüstlüyü ilə hər zaman seçilmiş, vətənpərvərlik amilini uca tutaraq yaşamışdır. Onun yaradıcılığında vətən amilinə xidməti ilə seçilən fədakar ziyalılarımızın irsinin tədqiqi xüsusi yer tutur. 

 

HƏYATI

Elnarə Seydulla qızı Akimova 28 yanvar 1978-ci il tarixində Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 saylı orta məktəbi bitirmiş, Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1995-1999-cu illərdə bakalavr, 1999-2001-ci illərdə magistr təhsili almışdır. 2001-2004-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş, 2006-cı ildə "Müstəqillik dövründə Azərbaycanda ədəbi tənqid (90-cı illər)" mövzusunda namizədlik, 2017-ci ildə "Müstəqillik dövrü Azərbaycan poeziyası müasir ədəbi təmayüllər kontekstində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda filologiya elmləri doktoru, dosent, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı" şöbəsinin müdiridir. Həmçinin “Ədəbiyyat qəzeti”ndə ədəbiyyatşünaslıq şöbəsinin müdiridir. 

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 

FƏALİYYƏTİ

2001-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində işə başlamış (2001), kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrini icra etmişdir.

2011-2016-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası nəzdində olan Elmi Seminarın üzvü olmuş, 2012-2016-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Azad Həmkarlar Təşkilatının sədr müavini kimi çalışmışdır.

2015-cü ildən ölkənin nüfuzlu "Ədəbiyyat qəzeti"ndə Azərbaycan ədəbiyyatının yaradıcıq problemlərindən bəhs edən elmi-nəzəri yazılarla çıxış edir.

 

KİTABLARI

On altı kitabın müəllifi və həmmüəllifidir. Onlardan 10-unun müəllifi (“Azərbaycan ədəbi tənqidi müstəqillik illərində” (2009), “Yeni təfəkkür və ədəbi tənqid” (2013), “Çingiz Aytmatov – türk ruhunun qələbəsi” (2013), “Çağdaş poeziya və ədəbi təmayüllər” (2016), “Bəxtiyaram Mən (Bəxtiyar Vahabzadə haqqında (Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə). Tərtibçi, ön sözün müəllifi)” (2016), “Müslüm Maqomayev” (2018), “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” (2019), “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda (Elnarə Akimovanın təqdimatında)” (2019), “Uzun, incə bir yolda (Azər Turan ömrü)” (2021), 6 kitabın həmmüəllifidir. 600-ə yaxın elmi və ədəbi-tənqidi məqalənin müəllifidir.  Bu yazılarda müasir ədəbiyyatımızın yaradıcılıq problemləri, klassik və çağdaş şəxsiyyətlərimizin həyat və yaradıcılığı, gənc yazarların bədii mətnləri elmi-nəzəri düşüncənin predmetinə çevrilmişdir.

 

MÜKAFAT VƏ TƏLTİFLƏRİ

Çox sayda beynəlxaq elmi konfrans və simpoziumların iştirakçısı olmuş, məruzələr etmişdir. Məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Şans” nominasiyası” (2013), “AMEA Rəyasət heyətinin "Fəxri fərman"ı (2014), “AMEA Rəyasət heyəti Humanitar Elmlər Bölməsinin "Fəxri fərman"ı (2015), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin gənc alimi" mükafatı” (2015), “Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti"nin "Əli bəy Hüseynzadə mükafatı" (2016),  “Azərbaycan Yaradıcılıq Fondunun "Ədəbiyyat adamı" mükafatı” (2018),  “APA Holdinq "Kulis.az" saytı”nın “İlin tənqidçisi” mükafatı (2019), “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Fərmanı” (2019),  “AMEA-nın Rəyasət Heyətinin “Fəxri fərman”ı” (2021), “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvi” döş nişanı” (2021), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Yaşar Qarayev" mükafatı  (2024) ilə təltif olunmuşdur.

27 mart 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 02 fevral tarixli 4289 saylı sərəncamı ilə elmi və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” ilə təltif olunmuşdur.

 

HƏDƏFİ

Əsas hədəfi yeniyetmə və gənclərin elmə, maariflənməyə maraqlarının artması, uşaq ədəbiyyatının inkişafı, cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsidir. Digər hədəfləri insanların maddi rifah halının yüksəldilməsi, doğma Sumqayıtın çiçəklənməsi və inkişafıdır. 

 

Saf arzudan və xoş niyyətdən yaranan bir yol tutub gedir. Yolu aydın, işıqlı olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2024)