FƏXRİ SUMQAYITLILAR - uşaqlı-böyüklü hamının sevdiyi şair Əşrəf Veysəlli Featured

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt 75 layihəsində bu gün Sumqayıt şəhərində yaşayıb yaradan ustad şair Əşrəf Veysəllidir. Görək şair nə danışacaq. 

 

ƏHVAL-RUHİYYƏ

Doğrudur, çəkişmələr, dünyəvi hadisələr, insan psixologiyasına mənfi mənada təsir edə biləcək hadisələrlə doludur dünya, amma Azərbaycanın son vaxtlar əldə edə bildiyi uğurları görəndə, xüsusilə Qarabağ torpaqlarının, itirilmiş torpaqların geri qaytarıldığını görəndə adam yaşamaq istəyir. Adam Qarabağın gələcəyini görmək istəyir, Qarabağın gözəlliyini görmək istəyirsən. Amma əldən gedənlərçün də təəssüflənirsən, indi ele şeylər gedib ki, onları geri qaytarmaq qeyri-mümkündür. Məsələn, ola bilər ki, bizim kəndimizdən də gözəl kənd tikəcəklər, Qarabağdan da gözəl Qarabağ yaradacaqlar, amma Qarabağ olmayacaq, ovaxtki  gördüklərimiz olmayacaq. Yeni bir psixologiya yaranacaq, yeni bir nəsil yaranacaq, amma adam yenə də görmək istəyir, yenilikləri görmək istəyir, xalqını, dövlətini görmək istəyir, biləsən ki, sən doğrudan da qədim dövlətə və dövlətçiliyə malik olan bir xalqsan və bu gün həmin o möhkəm özüllər üzərində dövlətini yarada bilmisən, qoruya bilirsən. Bu mənada adam Azərbaycan ordusunda xidmət göstərən oğulları, xüsusilə Şuşanın geri qaytarılmasında xidmət edən oğulları, qollarına ildırımları dolayıb hücuma keçən oğulları bağrına basıb öpmək istəyir. Şəhidlərimizin ruhu şad olsun. Azərbaycan övladları canlarından keçdi və elə bilirəm ki, siyasi mənada da Xalq və İqtidar birliyi yarandı. Əgər yaranmasa idi, əgər türkləşmə getməsə idi, Türkiyə dövləti kimi bir dövlət Azərbaycana mən burdayam deməsə idi, bəlkə də bizim işlərimiz yenə də yaxşı getməzdi. Çox şükür həyat bu mənada gözəlləşir və adam istəyir hey yaşasın.

 

FÜZULİ

Füzuli torpağı bilirsiniz də Muğam Mərkəzi olub. Seyid Şuşinski Füzulidəndir, Zülfü Adıgözəlov Füzulidəndir, Ağabala Abdullayev Füzulidəndir, yəni muğamatın, muğamın özəyinin Qarabağ torpağında olması bir daha deyir ki, buranın gələcəyi var. O gələcək Allahın köməkliyi ilə olacaq. Yüksək mədəni dəyərlər yenidən yaranacaq, yenidən Füzulidə o mədəniyyət ocaqları yarancaq. Füzilidə böyük mədəniyyət evi var idi, görüşlər keçirilərdi, İslam Rzayev və başqaları gələrdi. Mənim heç yadımdan çıxmaz, orada poeziya gecəsi keçirilirdi, mən məxmər pencəyimi Çingiz Əlioğluna saxlaması üçün verdim, girdim poeziya gecəsinə, qulaq asdım. Elə günlər olub, Füzulinin o cür coşub çağlayan günləri olub. O vaxtlar yenidən başlayacaq. Füzilidə də, Ağdamda da, Şuşada da Allahın köməkliyi ilə həyat yenidən qaynayacaq. Kəlbəcər kimi gözəl bir yer, Laçın kimi dağların zirvəsində yerləşən, dağların tacına bənzəyən yer düşmən tapdağında qala bilməzdi. Doğrudan da, Ulu Öndər Heydər Əliyev çox gözəl qeyd etmişdi, “Biz ora qayıdacayıq, hökmən qayıdacayıq”. Və xoş ki biz yenidən Şuşanı ala bildik, biz yenidən itən torpaqları qaytara bildik, adam kövrəlir bunları danışdıqca, gördükcə, hiss etdikcə, Allahin izni ilə işıqlı və çox gözəl görürəm gələcəyimizi. 

 

XATİRƏLƏR

Ədəbiyyat haqqında fikirləşəndə, korifeylərimiz haqqında düşünəndə mən çox möhtərəm adamlarla görüşmüşəm. Çox zəngin, mənəviyyatı zəngin insanlarla görüşmüşəm. Məsələn, mən Mehdi Hüseyn haqqında kiçik bir xatirə deyim sizə. Deməli, o vaxtları dəbdə idi, hamımız Arazı tənqid edirdik, Araz ilandır, Araz cəlladdır, hərə bir şeir yazırdı, az qalmışdıq hamımız Arazı boğazından asaq (gülür –red.). Mənim də bir yazım var idi.

Torpağı yandırıb, yaxır Araz,

Arazdı bir qəlbi ikiyə parçalayan.

Parçalanmış qəlbimin, qanıdır Araz.

Bu şeirimi oxuyurdum, Osman Sarıvəllinin otağında, Gənclər günündə. Bu vaxt Mehdi Hüseyn girdi içəri, belə baxdı, dedi: ”Cavan oğlan, ürəyin də o qədər qanı olar?” Dedim, o boyda ürəyin qanı da o boyda olar. Azərbaycan boyda ürəyin qanı da Araz qədər olar. Güldü, dedi: ”Osman, bu, aşıq olmağına aşıqdır”. Elə orda mənim şeirlərimi çap etdilər.

Çox böyük nasirimiz Fərman Kərimzadə, həm də rəssam idi. Ədəbi aləmə gəlirdi, hekayələrini oxuyurdu, amma o qədər utancaq idi, heç yerə getmirdi .Mən girdim onun qoluna, gətirdim Əbülhəsən Ələkbərzadənin yanına. Dedim, böyük yazıçıdır, xahiş edirəm dinləyin və yazılarını çap edin. Üç böyük hekayəsini “Azərbaycan” jurnalında çap etdilər. ”Sonuncu eksponat” və.s. Bu hekayə çap olunanda, məni əsgərliyə göndərdilər. Sonradan Əbülhəsən dedi ki, sən deyən hekayələr, çap olundu.

Xəlil Rza Ulutürk ilə bağlı, Süleyman Rüstəm ilə  bağlı da xatirələrim var. Süleyman Rüstəm çox xeyirxah adam idi. Mən deyim ki, bir yazı oxudum. Lirik poema, “Bir gecəlik ayrılıq” adında, xoşlarına gəldi. O vaxt  Tofıq Bayram “Ulduz”jurnalında işləyirdi və Tofiq Bayramdan yazı keçirmək mümkün deyildi. Çox tələbkar yazar idi, o qoymazdı, pis yazı getsin “Ulduz”jurnalında. Mənim poemam xoşlarına gəldi. Tofiq Bayram dedi: ”Əşrəf, gəl belə edək, mən də yazaram bunun haqqında, amma istəmirəm. İstəyirəm ki, xalq yazıçısı yazsın sənin haqqında”. Dedim, hə nə olar. O götürdü və təqdim etdi Süleyman Rüstəmə. Az keçdi, bir də gördüm “Azərbaycan Gəncləri“ həmin poemamı verib, Süleyman Rüstəmin uğurlu yolu ilə. Orda Süleyman Rüstəm yazmışdı ki, Azərbaycanın bütün mətbuat orqanlarının qapısı bu gəncin üzünə açıq olmalıdır. Özünün 70-dən yuxarı yaşı vardı, 6-cı mərtəbədə yerləşirdi “Azərbaycan Gənclər”jurnalı, özü oraya qalxıb yazını təqdim etmişdi. Mən onunla əyani şəkildə görüşə bilmədim, telefonla zəng vurdum, təşəkkür etdim. Dedi, , sənin şeirini evdə arvad da əzbərdən bilir. 

Maraqlı hadisələr çoxdur, hamısın danışsam qurtarmaz. Əli Kərimlə də yaxın ünsiyyətdə olmuşuq. O vaxtlar mənim “Ulduz “jurnalında şeirlərim çap olunmuşdu, “Səadət”, bir də, “Küknar haqqında ballada” şeirlərim. O şeirləri oxumuşdu və xoşuna gəlmişdi. Təbrik elədi məni. Əli çox incə yumora, incə zarafata və çox poetik tutuma malik olan dünyaya sahib idi. Onun ilk efir yazısı da Sumqayıtdan gedib. Sumqayıtda Feyzi Mustafayev yaşayırdı, Əli Kərim haqqında “Dinmə, ey kədər “ kitabını ilk Feyzi Mustafayev yazıb. Feyzigildə Əli Kərimlini dindirmişik, bizə şeirlər oxuyub. ”Zoya kimi”,”Qaytar ana borcunu“, “İlk Sevgi” - bax bu şeirləri öz ifasında səsləndirib. Bu şeirlər radioda gedib, o vaxt Feyzi Mustafayev təqdim edib. Əli Kərim Sumqayıtla bilavasitə əlaqədə idi, həm də Əli Kərimin bir əsəri var idi, istəyirdi ki, Sumqayıt Teatrında tamaşaya qoyulsun. Şəkidə qoymuşdular, adı “Ürək güzgüsü” idi. Maraqlı mövzu idi. Belə ki, hər kəs öz ürəyinin təmizliyindən danışır, hamı deyir mənim ürəyim təmizdir. Bir nəfər ürək güzgüsü adlı aparat kəşf edir. Deyir, kimin ürəyi təmizdirsə, gəlsin baxaq. Heç kim yaxın getmir (gülür –red.). Əli Kərim Sumqayıtda yaşayarkən tez-tez poeziya görüşlərində olurdu. Əli Kərim görüşlərin birində dedi ki, mən arzu edirəm, Sumqayıtda poeziya klubu və ya poeziya teatrı yaransın. Bu, Əlinin arzusuydu. Uzun müddət biz mübarizə apardıq ki, ”Əli Kərim” Poeziya klubu yaransın. Poeziya klubu yarandı, ancaq Əli Kərimin adın vermirdilər. O vaxt Əli Kərimi başqa cür tanıyırdılar. Onda deyirdilər, Səməd Vurğunun adını vermək lazımdır. Mən etiraz etdim. Əyani şəkildə etiraz etdim və sübut etdim ki, Əli Kərim də Əli Kərimdir. Səməd Vurğun sevimli şairimizdir, Xalq şairimizdir, adına çox şeylər var. Kitabxanamız var, küçəmiz var, ən böyük Mədəniyyət ssarayı onun adınadır, ancaq Əli Kərim adına heç nəyimiz yoxdur. Ondan sonra razılaşıb Əli Kərimin adın təsdiqlədilər. ”Əli Kərim” Poeziya evi beləcə yarandı. Min şükür, hal-hazırda həmin poeziya evi çox böyük və çox gözəldir. Sumqayıtın bir ədəbiyyat ocağına çevirilib. Əli Kərim heç vaxt yaddan çıxmayan, sözün əsl mənasında poeziya adamı idi, şeir adamı idi. Çox böyük sənətkar idi.

 

SUMQAYIT ƏDƏBİ MÜHİTİ

Əvvəla, bir şey deyim ki, Sumqayıtda ilk dəfə SSRİ Yazıçılar Birliyinin üzvü mən olmuşam. Məndən əvvəl bir nəfər olub, ancaq o, azərbaycanlı deyildi. Mən Sumqayıta gələndə, gördüm burada ədəbi mühit var. Xasay Cahangirov ədəbi birliyə rəhbərlik edirdi. Sonra Qulam Feyzullayev var idi. Qəzəllər müəllifiydi, əruzda yazanlardan idi. Yəni, baxırdın ki, burada ədəbi mühit var, ancaq o səviyyədə deyil ki, burada böyük görüşlər keçirilsin. Vaqif İbrahimin poeziya evinə rəhbərliyi ilə, Sumqayıtda ciddi mənada ədəbiyyata gəliş, ədəbiyyata ciddi münasibət başladı.Və deyim ki, hər şey münasibətdən asılıdır. Kim nə deyir, desin, hər şey münasibətlərdən asılıdır. O vaxt mən işsiz idim. Sumqayıtda mədəniyyət şöbəsinin müdiri bilirsən kim olub? Erməni. Ticarət şöbəsinin müdiri, bilirsən kim olub? Erməni.Tamara var idi, Rəsulova Tamara. Bizim mədəniyyətin rəhbəri o idi. Onun atası azərbaycanlı idi, anası erməni idi. O da şeirlər yazırdı, ancaq rusca yazırdı. Elə oldu ki, Vaqif bir fənd işlətdi, dedi: “Əşrəf, sən işsizsən, Tamara xanımın şeirlərindən, bir-ikisini Azərbaycan dilinə tərcümə et, o sənə bir ştat versin”. Mən də onun şeirlərindən bir-iki bənd tərcümə etdim, elə-belə tərcümə etdim, boğazdan yuxarı (gülür –red). Tamara xanımın xoşuna gəldi, dedi yaxşıdır və mənə iş verdi. Beləcə, Sumqayıtın mədəniyyət şöbəsinin müdiri olan erməni qadına kəf gəldik. Mənə nə iş verdi? Şahmat klubunun direktoru işini (gülür –red.). Halbuki, mən ömrümdə şahmat oynamamışam. Şahmat nədir, bilmirəm, dama nədir bilmirəm. Şeirimdə də var:

Gör məni hayana atdı günlərim,

Nə çalım fəryadı qırıq simlə mən,

Piyada qaldılar, atlı günlərim,

Şahmat oynayıram, taleyimlə mən.

Mən oldum şahmat klubunun direktoru. Elə oldu ki, yavaş -yavaş poeziya klubu ilə şahmat klubu cütləşdi, eyni binada yerləşdirildi. Birinci mərtəbə şahmat klubu oldu, ikinci mərtəbə poeziya klubu oldu. Axırda gördülər mən ədəbiyyat adamıyam, məni verdilər poeziya klubuna direktor. Ancaq poeziya klubunun yaranma təşəbbüskarlığı, dediyim kimi, Əli Kərimdən gəlmişdi. Çox görüşlər keçirmişik orada. Bunu xatirə kimi deyirəm. Mən universitetdə oxuyurdum, universitetdən çıxıb gələndə bir beşmərtəbəli binanın qabağında çay evi var idi, yanında bir söyüd ağacı var idi, həmin söyüd ağacının yanında Əli Soltan mənim qarşımı kəsdi. Mən onu tanıyırdım, o məni tanımırdı. Mən ondan yaşda balaca idim, o isə yazıçı, şair kimi tanınırdı. Kəsdi qarşımı, dedi, ‘Mən Sumqayıta gedirəm, mənim yol pulum yoxdur. Bacımgilə gedirəm, mənə yol pulu ver”. İnanırsan? Mənim də cibimdə cəmi 50 qəpik pulum vardı, çıxardıb verdim. Dedim, buyur. Olan pulum budur, verirəm sənə. 50qəpiyi aldı, dedi, “Ola bilər ki,bu pulu mən sənə qaytarım, ola bilər ki, qaytarmayım. Ancaq bir şeir demək istəyirəm“. Dedim ki, de. Dedi : 

Bəzən düşünürəm, fikrə dalaraq,

Kaş çata bilərdim, yoldaşlarıma.

İllərlə su kimi içdiyim araq,

Bu gün çevrilibdi, göz yaşlarıma.

50 qəpiyə almışam mən bu şeiri ondan. Mən nə etdim? Mən cavan oğlan idim, getdim elektrik qatarına mindim, pulsuz evə gəldim (gülür –red.).

 

SUMQAYIT İZLƏRİ

Sumqayıtda ədəbi mühit formalaşdı. Var ədəbi mühit, nəticələri də var. Gözəl şairlər var Sumqayıtda.Yəqin, hamısını tanıyırsan cavanlarından tutmuş Sabir Yusifoğluna kimi hamısı yaxşı şairlərdir. Sumqayıtın özündə həyat qaynayır, həmişə də belə olub. Bax, Sovet dönəmində də müxtəlif yerlərdən axıb gələn insanlar var ki, Sumqayıtda yaşayırlar, onların aralarında poetik mənada, ədəbi mənada, ədəbi əlaqələr yaranıb. Burada Həmzə Səfərov yaşayırdı. Sənin yadına gəlməz Həmzə Səfərov çox gözəl rus dilini bilirdi və rus poeziyasını Azərbaycan dilinə tərcümə edirdi. Onun bir şeiri var idi, bir bəndini deyim. Deyir:

Məhəbbətin yollarında qüssədən ,

Səadətdir saçlarıma düşsə, dən.

Məhəbbətsiz ömr eyləyən kimsədən,

Bir aşiqin məzar daşı yaxşıdır.

Həmzə Səfərovun şeiridir. Görürsən nə qədər gözəldir. O gün televizorda qulaq asıram, bizim Seyran çıxış edir. Bir şeir dedi.

Keçmə şairindən, muğənnisindən,

Könlümü o yerə bağlar deyirlər.

Döysən Qarabağda bir uşağı sən,

Muğamat üstündə ağlar deyirlər.

Seyran dedi, əfsuslar olsun ki, bu şeirin müəllifi kimdir, bilmirəm. Amma mən bilirəm, bunun müəllifi Fikrət Cavadovdur. Fikrət deyirdi:

Mən qardaş itirmişəm,ay qardaşı olanlar ,

Mən qardaş itirmişəm,ay qardaşsız qalanlar.

Mən gəlin itirmişəm, hərisi alınmayıb,

Mən beşik itirmişəm, laylası çalınmayıb.

Nə gözəldir. Yəni, Sumqayıt ədəbi mühiti var, poeziyası var. Yəqin, Gülbala Mehdinin yaradıcılığı ilə tanışsan, çox gözəl və inandırıram sizi ki, haqqında ürək dolusu danışıla bilinəcək bir şairdir. Yəni, çoxdur Sumqayıtda yaxşı şairlər. Ədəbi mühitin özünün formalaşmasında burada ləyaqətli insanların yaşaması vacib amildir. Mən burda bir adam tanıyırdım, daha doğrusu gənclik illərimdə qollarımdan yapışan, mənə dayaq duran insanlardan biriydi, Zəbi Abdullayev. Çox zəngin bir kişi idi. Uzun müddət ikinci katib işləmişdi Xızıda. Ələkbər Cavadov var idi, Qubanın birinci katibi işləyirdi, Mircəfər Bağırovun dövründə. Yəni, deyirəm bunlar zəngin adamlar idi. Zəbi ilə nə hər adam ədəbiyyatdan danışa bilərdi, nə də dini söhbətlər etmək olardı. Çox savadlı adam idi, Zəbi Abdullayev. O, həmişə Füzulidən misallar gətirirdi. Klassik ədəbiyyatı gözəl bilirdi. Bizim bəxtimiz elə gətirdi ki, biz tədbirlərdə onları gördük. Sonra elə oldu ki, bizim Sumqayıtda ədəbi məclisə Süleyman Rüstəm, poeziya evinə isə Rəsul Rza rəhbərlik etdi. Yəni, Azərbaycan Xalq şairləri bir növ bağlanmışdılar Sumqayıta. Həm ədəbi-bədii tədbirlər, həm ədəbi-bədii gecələr, kitab müzakirələri bol olurdu, ümumiyyətlə, canlanırdı həyat.”Canlanır hər qarış yer Sumqayıtda” - bu sözlər həqiqətən də həqiqətə uyğun sözlər idi. Ona görə də Sumqayıtda yaxşı yazarlar çoxdu.

 

“Ədəbiyyat və incəsənət”

(09.08.2024)