Sumqayıtın görkəmli simaları - MİNARƏ TAHİROVA Featured

 

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Sumqayıt özünün növbəti yubileyini qarşılayır. Noyabrda şəhər 75 illiyini qeyd edəcək. Bu rubrikada sizləri Sumqayıtın görkəmli simaları ilə tanış etməkdəyik. Bu dəfə Minarə Tahirova barədə danışacağıq. 

İlk təhsilimi Sumqayıtın məhşur liseylərindən biri olan TTEL-də almışam. Sumqayıtlı olan bir çox insana Minarə xanım kimdir desəm, bu suala sevə-sevə, ətraflı cavab verə bilər. Ancaq bir çox insan təəssüf ki, bizim qədər şanslı deyil. Çünki, biz- məhz TTEL-in 1987-2011 dönəminə - yəni Minarə xanımın direktorluğu dönəminə düşən şagirdləri olaraq Minarə müəllimədən əsl təhsil xadimi necə olar, elm-irfan ocaqlarında ön plana nələr çəkilməlidir, rüşvətsiz və sadəcə savad dərəcəsi ilə şagirdlər, hətta, müəllimlər necə bir-birindən ayırd edilər onu öyrənmişik.

Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır.

1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.

1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb.

O eyni zamanda :

Respublika qabaqcıl maarif xadimi" döş nişanları;

2000-ci ilin 18 martında Prezidentin Fərmanı ilə "Əməkdar müəllim"

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü;

2006-cı il "Şöhrət" ordeni kimi bir sıra fəxri fərman və dövlət ordenlərlə tətlif olunmuşdur.

Ətraflı məlumat almaq istəyən hər kəs bu məlumatları vikipediadan əldə edə bilər ancaq, bizim Minarə xanım haqqında olan fikir və düşüncələrimiz 5-6 elmi cümlə ilə kifayətlənmir. Biz Minarə müəlliməni bir ana, bir nənə qədər doğma bilirdik. Əfsuslar olsun ki, hal-hazırda adı bəzən neqativ işlərdə hallanan bizim gözəl liseyin hər qarışında Minarə müəllimənin çox əməyi var. Bir müəllim düşünün ki, 15sentyabr bilik günündə çıxış edən zaman məktəblilərin valideynləri tərəfindən ona hədiyyə olunan gül buketlərini masasının üstünə düzür və məktəbində çalışan xadimə xanımları ilk öncə məktəbin mərkəzinə çağırır, ona hədiyyə olunan bütün gülləri həmən xanımlara təqdim edib, adəta bir ana şəfqəti ilə onlarla qucaqlaşardı. Sonra isə üzünü bütün kolleqalarına və valideynlərinə tutub deyərdi: “Bilin ki, savadlı kadrlar hər zaman yetişə bilər, lakin savaddan öncə mərhəmət, vicdan, əməyə sayğı kimi ali duyğuları övladlarınıza aşılamağa çalışın.

Qoymayın ki, onlar cəmiyyətdə varlı və kasıb arasında təbəqələşmə yaratsınlar”. Yadımdadır ki, Minarə xanım məktəbi buraxmalı olduğu zaman bütün müəllimlər onunla sağollaşarkən gözləri dolu-dolu ondan danışıb məktəbdə nə qədər əziyyəti olmasını dil boğaza qoymadan bizlərə anlatırdılar.

Bir direktor düşünün ki, məktəb təmirə bağlanan zaman əlinə boyanı alsın və divarları özü boyasın.

Bir direktor düşünün ki, şagirdlər məktəbə rahat gələ bilsin deyə öz şəxsi vəsaiti hesabına məktəbdən mərkəzi yola qədər asfalt çəkdirsin.

Bir direktor düşünün ki, həftədə mütləq ən azı bir dəfə bir sinifə baş çəkib müəllimlərin dərs metodlarını dinləsin, onları incitmədən rəy bildirsin.

Bir direktor düşünün ki, övladı olmasa belə yüzlərlə şagird onun vəfatını eşidib tabutunu çiyinlətinə alsınlar. 

Bir direktor düşünün təhsilə, elmə can qoysun və bu gün onun yetirmələri Azərbaycanın hər yerindən səs salsın.

Bu gün istənilən sektoru ələk-vələk etsək, sizə arxayınlıqla deyə bilərəm ki, siz oralarda Minarənin yetirmələri, davamçıları ilə rastlaşacaqsınız.

Minarə Tahirova 20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.

Bu gün mən öz növbəmdə qələminə güvənən gənc yazar, həyatının başlanğıcında olan, özü üçün dönüm nöqtəsi yaratmağa çalışan bir xanım olaraq onu hörmətlə yad edir və düşünürəm ki, Minarə müəllimənin həyat hekayəsinə yaxından şahid olan hər kəs bu yazdığlarımı oxuyan zaman daha çox təsirlənəcək, TTEL-də keçirdikləri Minarə müəlliməli günlərini yad edəcəkdir.

Minarələr təkcə məscidləri yox, elm ocaqlarını da gözəlləşdirərmiş. Qəbriniz nurla dolsun Minarə müəllimə!

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2024)