Abbas Rzayevin 69 yaşı var. Teatr, o cümlədən balet vurğunudur. Sovet dönəmində bir ayağı bizim Opera və Balet Teatrında ikən digər ayağı Moskvanın Kiçik və Böyük Teatrlarında olub. Müstəqillik dönəmimizdə isə ən böyük arzusunu həyata keçirib, gedib Milanın La Skala teatrında Verdinin “Trubadur” operasını izləyib. Deyir ki, ayın 8-də Baklda əsl bayram ab-havası duyulacaq. “Sonalar gölü” (köhnə kişilər baleti köhnə adı ilə tanıyırlar) tarixin on ən şedevr baletlərindən biridir.
Bəli, “Ədəbiyyat və incəsənət” portalı olaraq gün ərzində sizləri agah etdik ki, sabah - Qadınlar bayramı günündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi rus bəstəkatı Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası nümayiş olunacaq. İş ondadır ki, teatr hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində bu tamaşanı bayram hədiyyəsi kimi təqdim edir. Amma necə deyərlər, bu həna o hənadan deyil. Aydınlıq gətirək.
“Qu gölü”nün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.
Həmin gün tamaşada prima balerina Nadejda Batoyeva (Odetta-Odilliya) və Filip Styopin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.
Mariinski Teatrının ulduzları ilə yanaşı, yerli balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Makar Ferştandt, Anar Mikayılov, Elmira Süleymanova, həmçinin Ayan Eyvazova, Timur Oduşev, Seymur Hadıyev, Samirə Məmmədova, Kamran Qurbanov və başqaları da səhnədə olacaqlar.
Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.
Əməkdaşımız “Qu gölü” barədə aşağıdakı bilgiləri əldə etmişdir:
Qu gölü (rus. Лебединое озеро – Lebedinoye ozero) — Pyotr Çaykovski tərəfindən 1875–1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevirilir. İlk səhnələşdirməsinin xoreoqrafı Culus Reisincerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877-ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir. Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895-ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur.
Və məhz tarixilik baxımından sabahkı tamaşanı məhz ilklər - Sankt-Peterburqun Mariinsk teatrı tərəfindən oynanması ona əlavə dəyər qatır.
“Ədəbiyyat və incəsənət” sizlərə xoş seyrlər arzu edir.
Şəkildə: “Qu gölü” Paris Milli Operasında nümayiş edilərkən
“Ədəbiyyat və incəsənət”
(07.03.2023)