Ən çox oxunan xəbər “Ərzaq böhranı” barədə xəbərdarlıqdır

 

“Dünya ərzaq böhranı ilə üzləşmə  riski yaşayır. Ərzaq məhsullarının qiymətlərinin artımı qaçılmazdır. Milyonlarla insanın aclıq təhlükəsi var.”

Bu manşetlər ötən gün dünya mediasında cövlan edib. 

“Ədəbiyyat və incəsənət” portalı 

Euronews-a istinadən məlumat verir ki, bunun səbəbi kənd təsərrüfatı bitkilərinin, xüsusən taxılın əsas dünya tədarükçülərindən biri sayılan Ukraynada gedən hərbi əməliyyatlardır.

“Rusiya artilleriyasının atəşi altında tarlaları necə əkə bilərik?"- bu yaxınlarda ölkə prezidenti Vladimir Zelenskinin dilindən belə bir sual səslənib.

Ukraynanın aqrar siyasət naziri Avropa Parlamentinin deputatları qarşısında ərzaq təhlükəsizliyi probleminin mahiyyətini açıqlayıb.

Roman Leşşenko, Ukraynanın aqrar siyasət və ərzaq naziri: "Məhsulun çatdırılmasının əsas kanalları bizim dəniz limanlarımız idi. Hazırda onlar ya qismən, ya da tamamilə dağıdılıb. Bir neçə saat əvvəl Rusiya Silahlı Qüvvələri Nikolayev taxıl terminalını darmadağın etdi. Böyük anbar avadanlıqları - hamısı məhv edilib".

 

Buğdanın qiymətləri, eləcə də günəbaxan yağı son günlərdə rekord səviyyəyə çatıb.

Rusiya və Ukraynadan taxıl tədarükündən ən azı əlli ölkə birbaşa asılıdır, lakin daha çox inkişaf etməkdə olan regionlar -  Şimali Afrika, Asiya və Yaxın Şərq asılıdır.

Ən ağrılısı isə qiymət artımının məhz yoxsul dövlətlərə zərbə vurmasıdır. Onların bir çoxu hələ də pandemiyanın yaratdığı və iqlim dəyişikliyi problemi ilə daha da dərinləşən ciddi maliyyə çətinliklərində yaşayırlar. Ukraynadakı hərbi münaqişə üzündən ərzaq böhranı təhlükəsi iqtisadi cəhətdən ən zəif ölkələr üçün tam reallaşıb.

Müharibənin 4-cü həftəsinin acı nəticəsi belədir. Kremlin işğalçılıq siyasəti bütün dünya üçün təhlükə yaratmaqdadır.