Beynəlxalq Yuxu Günü, türklərin Qallipoli qəhrəmanlığı, bir də Xan Şuşinskinin xatirəsi Featured

18 martın - ilin 44-cü gününün təqvimi

 

Varis yazır

 

Beynəlxalq Yuxular Günü

 

Yuxu orqanizm üçün çox vacibdir. Normal və sağlam yuxu zamanı insan  orqanizmində unikal bərpaedici proses baş verir. Hansı ki, bunlarsız insan gümrah ola bilməz, lazımi iş qabiliyyətini hiss etməz.

Tibbi statistikaya görə, Yer kürəsi əhalisinin artıq 50 faizdən çoxu bu və ya digər yuxu pozuntularından əziyyət çəkir, son yüz ildə isə gecə yuxusunun zamanı 20 faiz azalıb.

Ən geniş yayılmış yuxu xəstəliyi insomniya – yuxusuzluqdur, dünya əhalisinin 11-35 faizi bu bəlaya mübtəladır. Yuxusuzluğun əsas səbəbi də günümüzün acı reallığı olan stress və nevrozlardır. Ən çox yuxusuzluqdan əziyyət çəkənlər 50 yaş və ondan yuxarı olanlardır. Risk qrupunda isə hüquqşünaslar, təhsil sistemi işçiləri, mədəniyyət xadimləridir. Yuxusuzluq ən çox payızda, işıqlı günlər azalanda, eləcə də yazda, əsəb sisteminin fəsadları üzə çıxanda, xroniki xəstəliklər cövlan etməyə başlayanda özünü göstərir.

Yuxu ən gözəl dərmandır – qədim aforizmdə əbəs yerə belə deyilməyib ki. Ona görə də yuxusuzluğa düçar olanlar, yatmazdan əvvəl açıq havada gəzinib, sakitləşdirici məlhəmlər qəbul edib çalışmalıdırlar ki, mütləq yatsınlar. Bir də, yatağa uzanmazdan əvvəl mobil telefondan asılıb qalmaq, yataqda fikirləşib növbəti günlərə planlar qurmaq olmaz.

Uzanın, gözlərinizi yumun və sabah qurub yaratmaq, xoşbəxtliyə doğru addım atmaq üçün yatın.

 

“Öz valideyinlərini bağışla” günü

 

Valideyin nə edirsə övladının xoşbəxtliyi üçün edir. Amma hər adam yetkin şüura malik deyil axı, bəzən onlar qaş düzəldən yerdə vurub göz də çıxarırlar. Bununla belə, övlad valideyni ilə düşmənçilik etmək, kin saxlamaq hallarına yol verməməlidir. Bu 18 mart gününün təyinatı da elə məhz valideyinlərindən inciyən övladların onları bağışlaması, onlarla barışmasıdır. Haydı, barışığa doğru!

 

Paris Kommunası günü

 

1872-ci ildən qeyd edilən bu gün Fransanın əsas bayramlarından sayılır. Əslində, bu gün tək fransızlar üçün deyil, bütün dünya xalqları üçündür, istibdaddan əziyyət çəkən hər bir topluma toparlanıb ayağa qalxaraq şərə qalib gəlmənin mümkünlüyünü özündə ehtiva edir.

1871-ci ilin 18 martı öncəsində Fransa ağır siyasi böhran yaşayırdı. III Napoleon Prussiya ilə müharibəni uduzmuş, General Troşun hakimiyyətə gəlib Milli Müdafiə Hökuməti qurmuşdu, Prussiya Parisi mühasirədə saxlayırdı. Ölkə məcburi seçkilərə gedəsi oldu, keçirilən seçkilərdə monarxlar arzuolunmaz səs çoxluğu əldə etdilər, qoca və mühafizəkar Adolf Tiers rəhbərliyə gətirildi, xalqın istismarı başlandı. Parisdə “işçilər” adını almış xalq kütlələri ayağa qalxdı.

18 mart günü xalqın verdiyi vergi vasitəsilə alınan 271 top və 146 pulemyotu geri götürmələri əmri ilə Tiers Montmartra hərbi qüvvələr yeritdi. Bu təşəbbüs, xalqın müqaviməti ilə qarşılandı. Nəticədə xalq hakimiyyətə qalib gəldi, Tiers hökuməti hərbi birlikləri, polisi, məmurları və Paris burjuaziyasının böyük bir hissəsiylə birlikdə Versala sürgün edildi. Şəhər əsl sahiblərinə, işçilərə qaytarıldı. Parislilərin arzuladıqları ədalətli, demokratik, azad bir hökumət quruldu Paris Kommunası adında.

Amma burjuaziya boş dayanmırdı. Tiers Bismarkın azadlığa buraxdığı əsir fransız əsgərlərindən Versal birlikləri adında yenidən bir ordu topladı. 21 Mayda Versal birlikləri Parisə girdi və şəhəri işğal edənə qədər 3 həftə ərzində qorxunc bir qətliam törətdi. 30 min nəfər öldürüldü, 130 min nəfər hərbi məhkəmələr vasitəsilə həbs olundu, 7 min nəfər Kaledoniyaya sürgün edildi. Paris əhalisinin 25 faizi bu hücumdan zərər çəkdi.

Beləcə, Paris Kommunası devrildi. Şər Xeyirə qalib gəldi.

 

Xəzər Universitetinin yaranışı günü

 

1991-ci ilin 18 mart günündə Azərbaycanın ilk özəl və ilk ingilisdilli universiteti fəaliyyətə başladı, bu, Xəzər Universiteti idi. Bu gün Bakı, Sumqayıt və Gəncə şəhərlərində ümumilikdə 8 kampus və 13 binada fəaliyət göstərən bu universitet beynəlxalq təhsilin keyfiyyətini araşdırma reytinqlərində Azərbaycanın ali məktəbləri arasında ən yüksək mövqelərdə qərarlaşıb, bu da Xəzər Universitetinin böyük nüfuzundan xəbər verir.

Gəlin bu universiteti təsis edən gözəl ziyalımız Hamlet İsaxanlını, pedaqoq və tələbə heyətini təbrik edək.

 

Qurbanlar günü

 

Yox, bizim qurbanlıq qoyun kəsməyimiz kimi bir bayram deyil bu. Qurbanlar – başqalarının yolunda canlarını fəda edənlərdir. Bu gün beynəlxalq miqyasda onlar anılacaq.

Bu zümrəyə öz canlarını xalq, vətən yolunda qurban verən şəhidlərimiz də aid edilir, gəlin bir dəqiqəlik sükutla onları anaq, Allah rəhmət eləsin deyək.

 

Xoli festivalı və yulaf peçenyeləri

 

Bu gün hindistanlılar məşhur Xoli festivalına başlayacaqlar. Bir adı da boyalar günü olan xolidə insanlar küçələrə axışaraq bir-birilərini rəngbərəng boyalarla boyayırlar, hamı şənlənir, deyib-gülür. Bu festival baharın gəlişini bayram etnəkdir həm də.

 

Bu gün meksikalılar neft, monqollar kişilər, suriyalılar müəllim, arubalılar bayraq, niderlandlılar kökə gününü qeyd edəcəklər. Mətbəx bayramları bol olan amerikalılar isə bu gün Milli yulaf peçenyesi gününə sevinəcəklər.

 

Qallipoli döyüşünün xatirə günü

 

Bu gün türk qardaşlarımız 1-ci dünya müharibəsində baş tutmuş Qallipoli döyüşünün xatirəsini anacaqlar. 

Britaniya (bura Avstraliya, Yeni Zelandiya, Hindistan qüvvələri də daxil idi ) və fransız qoşunlarının I Dünya müharibəsində - 1915-ci ildəki Dardanel əməliyyatı Britaniyanın dəniz naziri Uinston Çörçillin təşəbbüsü olmaqla, boğazlarla birlikdə Türkiyənin paytaxtı İstanbulu tutmaq məqsədini güdürdü. 

Hələ 1914-cü ilin noyabrında ingilis və fransız gəmiləri boğazın fortlarını qısa müddətdə bombalamışdılar. Türklər bundan sonra Dardanelin müdafiəsini gücləndirmişdilər. Sonra buraya 80 gəmidən ibarət ingilis-fransız eskadrası göndərildi. 1915-ci ilin yanvarında qərara alındı ki, donanma Dardaneldə müstəqil qaydada, ordunun köməyi olmadan vuruşacaqdır. Fevralda donanma Osmanlı fortlarını atəşə tutmağa başladı. Türklər boğazın sularına qoruyucu minalar qoydular və martda eskadra boğaza daxil olanda türklərin atəşi altına düşdü. Üç gəmi batırıldı, üçü isə zədələndi. 

Məhz həmin dönəmdə müttəfiqlər Qallipoli yarımadasına desant düşürmək istədilər. Desant 81 min adamdan, 178 topdan ibarət idi. Türk komandanlığı Dardaneli müdafiə etmək üçün əlavə ordu yaratdı. Martın 18-də başlanan şiddətli döyüşlər çoxlu itki vermələri səbəbindən Britaniya qoşunlarının geri çəkilməsi ilə nəticələndi. Türk artilleriyası sahilə əsgərləri çıxarmaq üçün gəmilərdən endirilən çox sayda qayıqları da sərnişinləri ilə birlikdə məhv etmişdi. Desant əməliyyatının təkcə birinci günü müttəfiqlərin itkisi 18 min nəfərə çatırdı.

Müttəfiqlərin sonrakı hücumları da uğur gətirmədi. Avqustda əlavə 10 min nəfər əsgər gətirildi. Lakin ingilis-fransız qüvvələri irəliləyə bilmirdilər və artıq aydın oldu ki, Dardanel əməliyyatı uğursuzluğa düçar olur. Qallipolidən desantın evakuasiyası başlandı və bu ağır iş dekabrda başa çatdı. İngilislərin itkiləri 120 min nəfər, fransızlarınkı isə 26 min həfər idi. Uğursuz əməliyyatın təşəbbüskarı kimi Çörçil istefaya getməyə məcbur oldu.

Hər il 18 martda türklər Qallipolidə verdikləri şəhidlərin xatirəsini anırlar. Allah cəmi şəhidlərə rəhmət eləsin.

Türklərin bu qəhrəmanlıq tarixini lütfən yadda saxlayın, əzizlərim.

 

“Bağdad oğrusu”

 

2014-cü ilin 18 mart günündə Rusiya Krımı işğal edərək öz ərazilərinə qatıb. 2010-cu ildə Azərbaycan ilə Fici arasında diplomatik əlaqələr qurulub. 1989-cu ildə futbol üzrə Kamerun yığması ilk dəfə Afrika Millətlər Kubokunu qazanıb. 1962-ci ildə Fransa və Əlcəzair müharibənin başa çatdığını elan ediblər, Əlcəzairə müstəqillik verilib. 1946-cı ildə Vaşinqtonda Ümumdünya Bankı fəaliyyətə başlayıb. 1924-cü ildə o dövrün ən bahalı filmi çəkilib. O vaxt ancaq səssiz filmlər çəkilirdi, “Bağdad oğrusu” adlı həmin səssiz filmin büdcəsi 2 milyon dollar olub. 1921-ci ildə Polşa-Sovet müharibəsi Riqa sülh müqaviləsinin bağlanması ilə başa çatıb. 1917-ci ildə sonuncu rus çarı 2-ci Nikolay həbs edilib. 1892-ci ildə Milli Hokkey Liqasının məşhur “Stenli” kuboku təsis edilib. 1869-cu uldə məşhur rus kimyaçısı Mendeleyevin dövri elementlər cədvəli barədə ilk açıqlamanı Rusiya Kimya Cəmiyyəti verib. 1839-cu ildə Çin hakimiyyəti ölkəyə həşiş gətirilməsini qadağan edib deyə ilk həşiş müharibəsi başlayıb. 1662-ci ildə Parisdə ilk ictimai nəqliyyat marşruta çıxıb – bu, səkkiz yerlik kareta olub.

 

Kimlər gəldi

 

1837-ci ilin 18 martında ABŞ prezidenti Qrover Klivlend dünyaya gəlib. Məşhur Klivlend xəstəxanasının yerləşdiyi eyniadlı şəhərə onun adı verilib. 1858-ci ildə alman mühəndidi Rudolf Dizel doğulub. Bəli, daxili yanma mühərrikinin banisi, adına yanacaq olan həmin o dahi şəxs. 1874-cü ildə 20-ci yüzilliyin ən böyük filosoflarından biri, rus Aleksandr Berdyayev doğulub. O, azadlıq fəlsəfəsinin original konsepsiyasının müəllifidir.

1919-cu ilin 18 martında fransız müğənnisi Mişel Arnaud, 1968-ci ildə tanınmış gürcü futbol məşqçisi Temuri Ketsbaya dünyaya gəliblər.

 

Kimlər getdi

 

1584-cü ilin 18 martında İV İvan – Qroznıy adını almış tarixin ən qəddar və qaniçən rus çarı dünyadan köçüb. 1979-cu ildə dahi Azərbaycan xanəndəsi Xan Şuşinskini itirmişik. 1980-ci ildə məşhur alman sosioloqu Erix Fromm, Azərbaycan aktyoru Yusif Vəliyev, 2003-cü ildə noutbuku dünyaya bəxş etmiş şəxs – ingilis ixtiraçısı Adam Osborn, 2008-ci ildə görkəmli boyakarımız Maral Rəhmanzadə, ən nəhayət, 2017-ci ildə ABŞ müğənnisi Çak Berri vəfat ediblər.

 

 P.S.

“Azadlıq dərin mənada hüquq deyil, borcdur. Bu, insanın tələb etdiyi şey deyil, insandan tələb edilən şeydir, onun əsl insan olması üçün tələb edilən şeydir”. Bu, Berdyayevin fikirləridir.

Təbii ki, bu dahi şəxsiyyət öz dövründən bu günə boylana bilsəydi bugünkü rus insanının qardaş Ukraynanı işğal etmək istəyinə hesablanan şəhərləri bombalamasını, dinc sakinləri qırmasını lənətləyərdi.