SƏNƏTKARLARIMIZI TANIDAQ - Firəngiz Mütəllimova kimdir? Featured

Zəhra Allahverdiyeva, “ Ədəbiyyat və İncəsənət" 

 

Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonu, Üzeyirli kəndində anadan olub, əslən isə Şuşalıdır. 

 

Firəngiz Mütəllimova 1986-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezidentin fərdi təqaüdçüsüdür.

2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 

 

1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. 

1980-ci ildə universiteti bitirir Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb.

Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib.

Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb. Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr hoteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s. 

 

Rollar bir-birindən fərqli idi, lakin Firəngiz xanım obrazlarını böyük ustalıqla canlandırırdı. Elə buna görə da fəxri adı haqq edənlərdəndir.

Azərbaycan Xalq artisti Firəngiz Mütəllimova bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran Firəngiz Mütəllimova bu evliliyə öz istəyi ilə son qoyub. 

Firəngiz xanım müsahibələrin birində belə deyir: “Sənətkar, məncə, sənəti ilə gündəmdə olmalıdır. Tamaşaçılar bizdən yaxşı bilirlər ki, kim efirdən necə istifadə edir. Bəzən də elə sosial şəbəkələrdən. Mən çalışıram ki, öz adıma layiq səviyyəmi qoruyum. Bacılarıma, onların övladlarına da həmişə tövsiyə edirəm ki, öncə səviyyənizi qoruyun. Səviyyə olanda şəxsiyyət olursan, yox, səviyyəni qorumadınsa, şəxsiyyətdən kənardasan. Özün elə bilərsən ki, səni hamı sevir, amma sevmir. Tamaşaçı sevgisi tamaşa bitən vaxt alqış səslərindən bilinir. O ki qaldı mülkümüzə, bunun tamaşaçıya nə aidiyyatı var? Avtomobil idarə edə bilməsək də, sürücümüz var. Hara istəsək, bizi aparıb-gətirir." 

Bu deyilənlərdən də görürük ki, Firəngiz xanım həm sosial mediyada, həm də real həyatda əsl Azərbaycan xanımıdır. 

Firəngiz xanımın əsli olan Şuşa həsrəti də diqqətləri çəkir: “Şuşalı, analı-atalı günlərimin həsrətini çəkirəm. Mən Şuşada 4 fəslin dördünü də normal yaşayırdım. Elə dolu yağırdı ki, onu mən hələ heç yerdə görməmişəm. Təsəvvür edin, orada may ayında qar ərimirdi. Amma Bakıda bəzən nəfəsim sıxılır. Çünki mən oraları görmüşəm. Görünür, Şuşa da bizsiz nəfəs ala bilmir." 

“Ən böyük arzum budur ki, Şuşam işğaldan azad olunsun...”, “Ən böyük arzum odur ki, Şuşanın “yeddi dolama”sını  piyada gedim, itburnu yığım. Hətta razıyam ki, Şuşanın içinə girməyim, amma kənardan görüm ki, Şuşam işğaldan azad olunub..."

Şükür ki, artıq Şuşamız azaddır, həsrətimiz bitib. 

Firəngiz xanım Şuşaya gedərkən belə deyir: 

"Şuşada səhər tezdən sənə dua edərkən ürəyimdən keçən hər şey tək bir sənə agah idi. Mərhəmətli, gözəl rəbbim, hər şeyə görə... Sənə təşəkkürümü və şükürlərimi bildirirəm". 

Şuşa işğaldan azad olunandan sonra ora dəfələrlə səfər edib: "Görməyi çox arzuladığım Şuşa şəhərinə dəfələrlə getmişəm. Buna görə Allahıma şükürlər edirəm. Orada insanlarla görüşmüşük, söhbət etmişik. Hamı sevinc içindədir". 

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2024)