Bu hekayət sizə ümidinizi heç vaxt üzməməyi öyrədəcək! Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

                                   

Aşıq, naçar ağlama.

Gündür, keçər, ağlama.

Qapını bağlayan fələk

Bir gün açar, ağlama

 

Min illərin yaddaşından süzülüb gələn bu Azərbaycan bayatısını çox sevirəm. Hər eşidəndə ilk dəfə eşidirmiş kimi diqqətimi ona yönəldir, hər sözünü, hər ifadəsini, hər mənasını bir daha yaddaşıma yazıram. Doğrudan da xalq ən böyük yazar, filosof, bəstəkar, rəssamdır. «Qapını bağlayan fələk, bir gün açar, ağlama». Nə gözəl, nə ümidverici, nə motivasiyaedici sözlərdir belə.

Məncə xoşbəxtlik axtarışında ikən hətta bütün ümidlərin tükənəndə, əlin hər şeydən üzüləndə, suda batanın saman çöpünə əl atması anlamını verməyən bir inamla yenə də təslim olmamalı, tanrına sığınaraq möcüzənin gələcəyinə inanmalısan. O, heç gözləmədiyin səmtdən, ağlına belə gətirməyəcəyin şəxsdən istiqamətlənə bilər, səni əllərindən tutaraq yıxıldığın yerdən qaldırar.

Bu bayatını babalarımız elə-belə yaratmayıblar ki. Neçə-neçə sınaqlardan çıxaraq, xeyir-şər, işıq-zülmət, isti-soyuq çarpışmalarından bugünümüzə adlayıb gəlib bu sözlər. Fələk qapını bağlayıbsa, demək onu açacağını da gözləməyə dəyər.

Mən sizə bir iş adamının əhvalatını da danışmaq istəyirəm. Bakıda yaşayan S.M. adlı bu iş adamı həyatının bir dönəmində tam müflisləşir, əvvəlki zəngin həyat tərzindən mərhum olmaq işin yarısı imiş, elə bir həddə çatır ki, hətta evlərində qazan asmağa ərzaq belə tapılmır. 2012-ci ilin yazında son ümid yeri kimi satdığını satır, bir az da borc-xərc tapıb, bəlli məbləği düzəldib ucuz olsun deyə qonşu Gürcüstana – kupe tipli avtomobil almaqçün yollayır. Məqsədi bu avtomobili alıb gətirib  aeroport – şəhər marşrutu ilə taksi kimi işlətmək, çörəkpulu qazanmaq imiş.

Bir neçə müddət keçəndən sonra onun elektron ünvanına gürcü şirkətindən bildiriş-məktub gəlir. Yazılır ki, gəlib avtomobilinizi apara bilərsiniz.

Cüzi yolpulu ilə Tbilisiyə yollanası olur. Öncə sənəd-sünədini özüylə aparmaqçün son vaxtlar istifadə etdiyi «dermantin» çantaya qoyur, sonra nə fikirləşirsə onları ən imkanlı vaxtlarında Parisdən aldığı, uzun müddət işlətmədiyi üçün baxımsız vəziyyətə düşmüş, həyat yoldaşının da bir neçə dəfə atmağa cəhd etdiyi dəri çantasına yığası olur. Avtobusla gəlib Tbilisiyə yetişir. Ucuz bir oteldə nömrə tutur, avtomobili alacağı şirkətin ofisinə gedir, deyirlər sənədləşməyə əlavə ödəniş lazımdır, yolpulu üçün saxladığı son pulunu ödəyib otelə qayıdır, ertəsi gün evindən qanqaraldıcı zəng gəlir ki, bəs uşağın yıxılıb, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ardınca şirkət zəng edir ki, daha bir həftə yubanacaq avtomobil. Əsəbi halda, stress içində narazılığını bildirməkçün şirkətin ofisinə yollananda telefonunu salıb itirir. Telefon həmin anda son ümid yeri idi, ən azı Bakıya zəng edib kimdənsə geri qayıtmağa yol pulu köçürməsi etməyi xahiş edə bilərdi.

Otelə qayıdanda otelin ödəniş tələbinin qarşısında tam aciz qalır, inzibatçı çantasını qoltuğuna verib onu oteldən çıxardır.

Belə bir ümidsiz vəziyyətdə heç kəsi tanımadığın yad şəhərdə nə sənə kömək ola bilər, kim sənin harayına yetər axı? Qəhrəmanımız otelin daş pillələri üzərində oturub başını dizinin üstündəki çantasına söykəyərək hönkürtüylə ağlamağa başlayır. İllərlə içinə yığılan dərdi bu ümidsiz vəziyyətində hayqıraraq göz yaşına çevrilib gözündən tökülməyə başlayır. Bu vaxt başını söykədiyi çantada nəsə bir möhkəm şeyin üzünə toxunub onu narahat etdiyini duyur. Öncə buna elə də əhəmiyyət vermir. Amma sonra çantanı açıb içinə göz gəzdirir, təbii ki, pasportdan və iki-üç səhifəlik sənəddən başqa orada bir şey görmür. Əli ilə səthi nahamar eləyən nəsnəni qurdalayanda onun dəri ilə astarın arasında yerləşdiyini müəyyənləşdirir. Öldürücü maraq ona güc gəlir. Yerdən şişuclu şüşə tapıb çantanın astarını sökəndə bir kağız bağlaması çıxır, içini açanda gözləri dörd olur. Düz iki min beş yüz avro pul!!! Xilaskarına çevrilmiş o pul ora haradan düşmüşdü, alanda çantanın içindəmi olub, yoxsa imkanlı vaxtlarında özü götürüb o pulu orada gizləyib, sonradan da unudub, müəyyənləşdirə bilmir. Əllərini göyə tutub Tanrıya yalvara-yalvara bu dəfə gözündən sevinc yaşları tökməyə başlayır. Qapını bir gün bağlayan fələk doğrudan da bir gün açır, necə də düzmüş.

S.M.-in başına gələn bu əhvalat çox ibrətamiz, çox düşündürücüdür.

Mən dərhal bir bakılının Tbilisidəki macəralarından qopub Portuqaliyanın Madeyra əyalətinin Funşal adlı kiçik bir qəsəbəsində baş vermiş daha bir ibrətamiz əhvalata keçid almaq istəyirəm.

30 yaşında hamilə olan Doloreş Averyu yoxsulluq içində yaşadıqları üçün dördüncü övladının dünyaya gəlməsini istəmirmiş. Hətta həkimə gedib uşağı saldırmağa belə pulları olmadığı üçün Doloreş rəfiqəsinin məsləhəti ilə uşağı inkişafdan saxlamaq üçün gündə bir-iki dəfə qızdırılmış ucuz tünd pivə içirmiş.

Amma nə illah eləyirdisə bətnindəki dölün get-gedə böyüməsinin qarşısını ala bilmirdi. 1985-ci il fevralın 5-də o, dünyaya dördüncü övladını gətirəsi olur.

Adını Kriştiano qoyduqları bu arzuolunmaz övlad səfalət və çətinlik içində böyüyür. Həmin Kriştiano bilirsiniz kimdir? İndi dünyanın ən yaxşı futbolçusu olan, dünyanın ən zəngin idmançılarından biri sayılan (təkcə 2015-ci ildə 227 milyon avro pul qazanmışdır) Kriştiano Ronaldodur.

Bir vaxtlar adicə çörəkpulu tapmayan ailə indi imtina etmək istədiyi övladın hesabına tam zənginlik və xoşbəxtçilik içində yaşamaqdadır.

Beləliklə, yalnız son anda, təsadüf nəticəsində özünlə götürəsi olduğun çanta, yaxud yalnız son anda, təsadüf nəticəsində dünyaya gətirdiyin övlad sənin həyatında möcüzə müəllifinə çevrilirlər. Həyatını gözlədiyin, güvəndiyin nəsnələr deyil, gözləmədiyin, imtina etmək istədiyin nəsnələr də dəyişə bilərmiş, hətta!

Həyatda mütləq möcüzənin gələcəyinə inanın. Gec, tez, o mütləq gələcək. Öz gücünüzlə görə bilməyəcəyiniz, icrası sizin iradənizdən kənar olan bir işin ən sonda möcüzə hesabına həll olunacağına inamın sizə olduqca böyük köməyi dəyə bilər.

İnam – ən böyük tiryəkdir!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2024)