Hersey və Blanşardın şərait liderliyi modeli Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Qısaca olaraq söyləyim ki, bu model, şəraitin ən həlledici faktoru olaraq liderin qarşıya qoyduğu öhtəlikləri yerinə yetirəcək bacarıqlı və həvəsli, bir sözlə, kamil ardıcıllarının mövcud olmasını özündə ehtiva edir.

Modeldə yetişkənlik iki tərkib hissəsinə bölünür:

a) Peşəkar kamillik;

b) Psixoloji kamillik.

Peşəkar kamillik – bura bilik, bacarıq və vərdişlər, təcrübə və qabiliyyətlər aid edilir və ardıcılların direktivlərə, göstərişlərə ehtiyac duymadığını şərtləndirir.

Psixoloji kamillik ardıcılın tapşırığı yerinə yetirməsinə olan böyük həvəsini və motivasiyasını nəzərdə tutur.

Modelin müəllifləri eyni zamanda kamilliyin 4 mərhələsini də müəyyənləşdiriblər:

a) insanlar həm bacarmırlar, həm də işləmək istəmirlər; onlar ya diletantdırlar, ya da onların özlərinə güvənləri yoxdur;

b) insanlar bacarmırlar, amma işləmək istəyirlər; onların motivasiyası var, ancaq bacarıq və vərdişləri yoxdur;

c) insanlar bacarırlar, amma işləmək istəmirlər; onların bacarıq və vərdişləri var, amma motivasiya olunmadıqlarından iş onları cəlb etmir;

d) insanlar həm bacarırlar, həm də işləmək istəyirlər; onlar həm bacarıqlı, vərdişlidirlər, həm də liderin təklif etdiyi işi görməyə motivasiyalıdırlar, həvəslidirlər.

Ardıcılların işləmək arzusunun 4 halı (adətən, tez-tez, hərdən, çox az) və işləmək qabiliyyətlərinin 4 halı (lazımı həddə, kifayət qədər həddə, müəyyən həddə, aşağı həddə) nəticəsində formalaşan kamilliyinə uyğun olaraq 4 lider stilinin (iştirakçı, inandırıcı, əmrverici, nümayəndəlik) kvalifikasiyası Hersey-Blanşard modelinin əsasını təşkil eləyir.

Ardıcılların aşağı kamilliyi həddində əmrverici stil ən effektli hesab olunur. Bu stildə lider yüksək direktivlik nümayiş etdirməklə, tam nəzarət tətbiq etməklə öz üzərilərinə məsuliyyət götürmək həvəsində olmayan və buna qadir də olmayan işçilərindən məhsuldar iş ala bilir.

Ardıcılların müəyyən kamilliyi həddində inandırıcı stil daha effektiv hesab olunur. Burada lider həm direktivlik, həm də təbliğat, dilətutma, başasalma hesabına nəticə almağa müvəffəq olur.

Ardıcılların kamilliyinin lazımi həddə olması bu dəfə liderdən iştirakçı stilini tələb edir. İşləmək arzusu və işləmək qabiliyyəti lazımi həddə olan, amma işin nəticəsinə tam maraqlı olmayan ardıcıllar daha çox motivasiya almaqçün liderin timsalında özlərinə həmkar arzulayırlar, lider də bu arzuları reallaşdırmaq zorunda qalır.

Ardıcılların kamilliyinin kifayət qədər həddə olması isə, nəhayət, liderdən nümayəndəlik stilini tələb edir ki, bu da idarəetmə və rəhbərlikçün ən ali stil hesab olunur. Bu stildə çox az direktivlik və ardıcılların tam dəstəklənməsi əsas amildir. Və yeri gəlmişkən, məhz bu stil işə yaradıcı yanaşmanın inkişafına dəlalət edir.

Və son olaraq onu da söyləyim ki, olduqca çevik və sadə olduğuna görə bu model menecment işində böyük maraq doğurur və geniş tətbiq olunur.

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2024)