Ənənəvi liderlik konsepsiyaları - AKTUAL Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün ənənəvi liderlik konsepsiyalarına toxunmaq istəyirəm. Bu cür konsepsiyaları bir çox alimlər işləyib hazırlamışlar, biz ən çox istinad olunanlarına nəzər yetirək.

Beləliklə, ənənəvi liderlik konsepsiyasının liderlik keyfiyyətləri təlimi (a), habelə liderlik davranışı təlimindən (b) ibarət iki tərkib hissəsi fərqləndirilir.

a) Mövzunun tanınmış mütəxəssisi – amerikalı psixoloq Ralf Stoqdillin qənaətinə görə, lideri xarakterizə edən 5 əsas keyfiyyət var: ağıl və intellektual xüsusiyyətlər, başqalarına nüfuz edəbilmə və hökmranlıq edəbilmə qabiliyyəti, özünəinam, aktivlik və fəalliq, habelə işi bilmək, mənimsəmək.

Mövzunun başqa bir mütəxəssisi – yenə də Amerika psixoloqu, ABŞ prezidentlərinin daim müşaviri olmuş Uorren Bennis isə 4 qrup liderlik keyfiyyətləri müəyyənləşdirilib:

 - diqqətləri idarə etmək; bu və ya digər məsələnin həllini, məqsədə gedən yolu ətrafdakılara cəlbedici və maraqlı olacaq qədər izah etmək;

 - mənanı idarə etmək; bəhs olunan mövzunun, yaradılan obrazın mənasını ətrafdakılara aydın olacaq qədər izah etmək;

 - etimadı idarə etmək; öz fəaliyyətini ardıcıllıqla, daimi qurmaqla ətrafdakıların etimadını qazana bilmək.

 - özünü idarə etmək; öz güclü və zəif tərəflərini o dərəcədə bilmək ki, zəifliklərini aradan götürmək üçün kənar resurslardan, nümunə sayıla biləcək başqalarının resurslarından istifadə edə bilmək.

b) Liderlik davranışı təlimləri konsepsiyalarına isə aşağıdakılar aid edilir:

 - avtoritar, demokratik və passiv liderlikdən ibarət üç liderlik stili;

 - Ohayo ştatı Universitetinin təhqiqatları nəticələri: onların məqsədi idarəçiliyin ikifaktorlu təliminin hazırlanması olub ki, bura da münasibətlər strukturu (lider qrupda münasibətlər strukturunu formalaşdırır) və bu strukturlarda münasibətlərin keyfiyyəti (liderlə onun ardıcıllarının münasibətinin xarakteri) daxildir.

 - Miçiqan Universitetinin təhqiqatlarının nəticələri: onların məqsədi effektiv və qeyrieffektiv liderlərin arasındakı fərqləri müəyyənləşdirmək olub.

 - Amerikanın sosial psixoloqu Rensis Laykertin idarəçilik sistemi: effektiv liderlər əsas diqqəti insan faktoruna yönəldirlər və qoyulan məqsədə çatmaq üçün qrup halında yanaşmanı inkişaf etdirirlər.

 - Bleyk və Mutonun (Amerika alimləri Robert Bleyk və Ceyn Muton) idarəçilik qəfəsi: liderlik davranışının horizontal (son nəticəyə, istehsalata maraq) və vertikal (insanlara maraq) xətlərinin kəsişməsi.

Beləliklə, böyük empirik baza, yüzlərlə təhqiqatlar, təcrübələr olmasına baxmayaraq liderliyin tam öyrənilməsinə, bu fenomenlə bağlı bir çox problemlərin açılmasına hələ də istənilən səviyyədə nail olunmamışdır.

Buna görə də son illərdə ənənəvi liderlik konsepsiyalarının uğursuzluğuna rəğmən alimlər liderliyin təhqiqinə yeni yanaşma metodları təklif etməkdədirlər. 

Bu barədə bazaar ertəsi danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)