“Master və Marqarita"nı oxudunuzmu deyə soruşdu…” Featured

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Dünən Xalq yazıçısı İsa Muğannanın doğum günüydü. 96 yaşı Göylərdə - bizdən çox uzaqlarda (həm də bizə çox yaxın) tamam olan İsa Muğannanı rəhmət və ehtiramla andıq. 

Dəyərli jurnalist İbrahim Nəbioğludan hər zamankı kimi bənzərsiz bir yazını sizlərlə paylaşmağı özümə borc bildim. 

İbrahim Nəbioğlu ruhundan qələmə süzülən bu xatirə yazısını İsa Muğanna işığına, İsa Muğanna ruhuna, İsa Muğanna yaradıcılığına sevginin, ehtiramın ən gözəl nümunəsi hesab edirəm.

 

İbrahim Nəbioğlu yazır:

“Aspirantura illərində akademik Azad Mirzəcanzadənin əfsanəvi “İkinci gün seminarlarından” birində onun dar və uzun kabinetində əziz müəllimimizin gəlişini gözləyirdik. Bu seminarlarda elmi işlərimizin müzakirəsi xaricində ədəbiyyatdan da danışırdıq, musiqidən də, hətta Sovetin yaxınlaşmaqda olan süqutunun ayaq səslərindən də…

Qapı açıldı və Azad müəllim hər zamankı kimi əlində müxtəlif kitablar, qovluqlar və jurnallarla içəri girdi. Masasındakı məşhur çin termosundan özünə bir stəkan çay süzüb, jurnallardan birini əlinə alıb “Master və Marqarita"nı oxudunuzmu deyə soruşdu.

Mixail Bulqakovun Sovet vaxtı qadağan olunmuş bu romanı Moskvada çıxan jurnalların birində 7-8 nömrəsində dərc olunmuşdu. Azad müəllim mənə baxaraq “Necədir” deyə soruşdu. Romanı oxuyub bitirməmişdim, ona görə də “Hələ bitirməmişəm, ancaq “İdeal” daha güçlü əsərdir sanki” dedim.

Azad müəllim bir qədər duruxdu, belə bir müqayisə gözləmirdi. “İdeal”ı nə vaxt oxuduğumu soruşdu. “Tələbə ikən” deyə cavab verdim. Bir az pauza verib belə dedi: “Mən sizdən müqayisə etməyinizi soruşmadım. İsa Hüseynov müqayisə edilməyəcək qədər böyükdür”…

Azad Mirzəcanzadə kimi bir dahinin Muğanna haqqında dediyi bu söz möhür idi.

Ona görə yox ki, elmi rəhbərim və əziz müəllimim idi… Azad müəllim oxucu kimi də çox nəhəng idi… Onun təsbitləri, analizləri filiqran, gözlənilməz və sərt olurdu…Sadə cümlələrinə dərin dünyaları sığdırırdı…

Seminardan sonra aspirant dostlarım “Yaxşı qutardın haaa…Risk elədin o müqayisəni etməklə” dedilər. Halbuki mən sadəcə olaraq romanları və əngin düşüncə Dünyası ilə məni ovsunlamış bir yazara olan sevgimi dilə gətirmişdim…

Böyük İsa Hüseynovun, Azərbaycan nəsrinin əlçatmaz zirvələrindən olan Muğannanın doğum günündə ona olan sevgimin azalmadığını, əksinə artdığını, onu daha yaxşı dərk etdiyimi anlayıram. 

Sonsuz hörmət və rəhmətlə…”

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)