Ömrü şeir yazmağa bəhanə olan şair - VAQİF SƏMƏDOĞLUNUN 85 İLLİYİNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bakıya duman gəlib,

Heç kəsə demə.

Deyəsən yaman gəlib,

Heç kəsə demə.  

 

Çıraq yanıb bu axşam,

Yanıb, sönüb bu axşam,

heç kəsə demə.  

 

Bu dumana qapımdan

Çıxan kimi azmışam,

Yenə şeir yazmışam,

Heç kəsə demə.  

 

Daş evlər arasında

Neyləyər duman mənə?

Gülüm, diriyəm yenə

Heç kəsə demə...  

 

 Bu gün Azərbaycan ədəbiyyatında tənhalıq poeziyası yaradan, qəlibsiz şeirlər yazıb, Allah üçün darıxan, ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür.  

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlmişdir. 

O, 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirib, Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil alıb. 

Daha sonra isə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçib. 

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 

O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur. 

Şairin "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Və bundan sonra onun əsərləri dövri mətbuatda vaxtaşırı dərc olunmuşdur. 

4 kitabın, 8 dram əsərinin, saysız-hesabsız şeirlərin, 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda  nəşr olunub. 

“Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb. 

O,  2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat etmiş və  Fəxri Xiyabanda, atasının yanında dəfn olunmuşdur. 

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)