BİR DİREKTOR, BİR ŞAGİRD - Fayaz Hüseynov və Əlizadə Əziz Featured

Manşet

 

Reytinq

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir. 

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı şəhərində anadan olmuşam.

1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin olundum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam. 

2009-cu ildə keçirilən əhalinin siyahıyaalınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə - 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum-  Öz işini sevərək icra edən bir kollektivi olan, demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim  5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrdə qalibiyyətlər və s. Bu illər ərzində  2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum. 

ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ-nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları), İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür, burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM-də qızıl medal qazandıq.  Məktəbdə Steam və Rəqəmsal layihələri tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla çalışaraq gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da  ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm. Məktəbimi, kollektivimi və işimi çox sevirəm.

 

 ŞAGİRD

Mən, Əlizadə Əziz 2006-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə 189-190 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. Hal-hazırda həmin məktəbin 11-ci sinfində oxuyuram.

 

ESSE

“Uğur hekayəsi”

Hər kəsin bir uğur hekayəsi var. Mənim uğur hekayəm Bakının Səbail rayonunda yerləşən 189-190 №-li tam orta məktəbdən başladı.

Müəllim ailəsində doğulduğum üçün uşaqlıqdan kitablara xüsusi marağım var idi. Daha çox öyrənmək, bizi əhatə edən aləm haqqında daha çox məlumat almaq istəyirdim. Bu maraq məni elmin sirli dünyasına doğru çəkirdi. Bu dünyaya doğru addımladıqca qaranlıq yolları Günəş kimi aydınladan müəllimlərim mənə doğru yolu göstərirdilər. Müxtəlif bilik yarışmalarında , fənn olimpiadalarında iştirak edir, özümü doğrultmağa çalışırdım. Əldə etdiyim nəticələrlə kifayətlənmir , uğursuzluqlardan məyus olmur , əksinə daha çox çalışırdım. Nəhayət, çəkdiyim zəhmət öz bəhrəsini verdi. 2024-cü il Respublika Fənn Olimpiadalarının riyaziyyat fənni üzrə III yerə layiq görüldüm. Həmin gün keçirdiyim hissləri sözlərlə ifadə etmək çətindir. Yuxusuz gecələr, yorğunluq , həyəcan  sevinc və qürur hissi ilə əvəz olunmuşdu.

Təbii ki, heç bir uğur təkbaşına qazanılmır. Bu yolda mənə dəstək olan ailəm, mənə məndən çox inanan müəllimlərim uğur hekayəmi yazmaqda mənə kömək oldular. Ancaq əminəm ki, bu hekayə tamamlanmayıb. Əldə etdiyim bu uğur hekayəmizin başlanğıcıdır, davamını yazmaq üçün daha qətiyyətlə çalışmalı, çətinliklərdən qorxmamalı, ən əsası, özümüzə inanmalıyıq. Onda uğur da daim bizimlə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)