BİR DİREKTOR, BİR ŞAGİRD - Fayaz Hüseynov və Müjgan Güvəndikli Featured

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 189-190 nömrəli tam orta məktəbdir. 

 

 Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

Direktor:

 

Mən, Fayaz Hüseynov 1967-ci ilin iyun ayının 3-də Bakı şəhərində anadan olmuşam.

1974-84-cü illərdə 70 nömrəli məktəb liseydə oxumuşam. Ordu sıralarında xidmət etdikdən sonra 1988-ci ildə BDU-nun tarix fakültəsinə qəbul oldum və 1994-cü ildə buradan məzun oldum. Pedoqoji fəaliyyətimə 2000-ci ildən təhsil aldığım 70 nömrəli məktəbdə başlamışam. Tez bir zamanda 2003-cü ildə təşkilatçı təyin olundum. 2006-cı ildən Beynəlxalq qiymətləndirilmədə ( PİŞA ) fəal iştirak etmişəm və Azərbaycanda keçirilən Beynəlxalq qiymətləndirmənin fəal üzvlərindən olmuşam. 

2009-cu ildə keçirilən əhalinin siyahıyaalınmasında məntəqə sədri olmuşam. 2015 -ci ildə direktorların işə qəbulu müsabiqəsində uğurla iştirak etmişəm və kursu müvəffəqiyyətlə başa vurmuşam: belə ki, keçirilən imtahanlarda yüksək nəticə topladım və Müsahibə mərhələsindən uğurla keçərək kursu bitirdiyim ildə - 2016-cı ildə 60 N li tam orta məktəbə direktor vəzifəsinə təyin olundum. Qarşıma bir məqsəd qoymuşdum-  Öz işini sevərək icra edən bir kollektivi olan, demokratik əsaslarla idarə olunan məktəb yaratmaq. Burada İdarə etdiyim  5 il ərzində məktəbimiz bir çox uğura imza atdı. Fənn müsabiqəsində qələbə, sabahın alimləri layihəsində 4 şagirdimin uğuru, şahmat üzrə II-IV siniflər arasında keçirilən respublika çempionatında 1-ci yer (6 şagirdimin əzmi nəticəsində Respublika çempionu olduq), Heydər Əliyev Təqdimatında 2-ci yer, qrant layihələrdə qalibiyyətlər və s. Bu illər ərzində  2 müəllim əməkdar müəllim adına, 2 müəllim qabaqcıl təhsil işçisi adına layiq görüldü, 2 müəllim isə fəxri fərman aldı. 6 şagirdim bu 5 il ərzində məktəbi xüsusi naliyyətlərlə bitirərək 3 qızıl və 3 gümüş nişanla təltif olundu. Məktəb E twinning, OCEP beyxəlxalq layihələrinə qoşuldu. Özüm də layihələrdə uğurla iştirak edərək keçirilən pedaqoji mühazirələrdə final mərhələsinə vəsiqə qazandım və Tərifnamə ilə təltif olundum. 

ADA-da keçirilən Data əsaslı idarəetmə kursunu müvəffəqiyyətlə bitirdim. BŞTİ-nin bir çox layihələrinin qalibi oldum( Fibonaççi intellektual yarışları), İcra Hakimiyyəti tərəfindən iki dəfə fəxri fərmanla təltif olunmuşam. Fransanın Strasburq şəhərində keçirilən Beynəlxalq “demokratik məktəb”konfransında Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak etmişəm. 2016-2021 -ci ildə 60 nömrəli məktəbdə fəaliyyətim çox produktiv oldu. Daha sonra 2 N THL-yə direktor vəzifəsinə təyin oldum. Düzdür, burada çox az müddət çalışdım, 1 ildən biraz artıq, amma burada da naliyyətlərim az olmadı. Beynəlxalq Olimpiadalarda qələbələr, RFO-da 2 qələbə, RFM-də qızıl medal qazandıq.  Məktəbdə Steam və Rəqəmsal layihələri tətbiq olunmağa başladı. 1 müəllim tərəqqi nişanı ilə, 1 müəllim isə fəxri fərmanla təltif olundu. 2022-ci ildə 189-190 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə təyin olundum. Çox gözəl tədris mühiti var burada. Bu məktəbin özünəməxsus xüsusiyyəti tanınmış şəxslərin, məşhurların buradan məzun olmasıdır. Çox qısa müddətdə burada da artıq naliyyət və uğurumuz var. İlk olaraq məqsədə doğru inamla çalışaraq gedən kollektivimiz var. Heydər Əliyev -100 təqdimatında Respublika üzrə II yerin qalibiyik. Həmçinin 1 şagirdim bu il Riyaziyyat fənni üzrə RFO qalibi olmuşdur. Məktəb qrant layihənin qalibidir. Bir müəllimim Yaradıcı müəllim müsabiqəsinin qalibi oldu. SAF- da  ( Steam Azərbaycan Festivalı) uğurla çıxış edərək müxtəlif nominasiyalarda I, Il, III yerləri qazanmışıq. Gələcəkdə daha çox uğura bu kollektivlə imza atacağımdan əminəm. Yüksək keyfiyyətli bacarıqlarını sevərək icra edən müəllimlərlə çalışmaq, işini sevərək həyata keçirən insanlarla bir arada olmaq çox xoşdur. Uşaqları çox sevirəm. Məktəbimi, kollektivimi və işimi çox sevirəm.

 

 Şagird:

 

Mən,  Müjgan   Güvəndikli   2007-ci ildə Bakı şəhərində anadan olmuşam. 2013 -cü ildə Nərimanov rayonu 202 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2015-ci ildən isə  Səbail rayonu 189-190 nömrəli tam orta məktəbdə təhsil alıram. Hazırda məktəbin 11-ci sinif şagirdiyəm.

 

Esse

 

“Mənim uğur yolum”

 

Hər kəsin həyatda bir yolu var. Etdiyimiz seçimlər, aldığımız  qərarlar bu keşməkeşli həyat yolumuzun bünövrəsi olur. Doğrudur, bəzən bizlər çiyinlərimizdəki ağırlığa tab gətirə bilməyib yıxıla da bilirik, səhvlər də edə bilirik, lakin qətiyyətli insanlar öz yolundan dönmürlər.  Yıxılsalar da, yenidən ayağa qalxıb yoluna davam edirlər. Beləliklə, bizi biz edən düşüncələrimiz və seçimlərimiz nəticəsində öz uğur yolumuzu davam edirik. 

Mənim də uğur yolum hələ lap uşaq ikən etdiyim seçimim nəticəsində başlayıb.  Məşhur bir beyin cərrahı olmaq arzum hər keçən gün mənə motivasiya vermiş, həyat amalıma çevrilmişdir. Təbii ki, mən bu yolun heç də asan olmadığını, məşhur bir həkim olmağın necə də böyük bir məsuliyyət olduğunu böyüdükcə daha da dərindən dərk etməyə başlamışam.  

Bugünkü gün keçirdiyim yuxusuz gecələr, həddən artıq çox çalışdığım günlər məni yorsa da, əvvəldə də söylədiyim kimi, beyin cərrahı olmaq xəyalım bütün bunlara hər zaman qalib gəlir.  Çünki mən bilirəm ki, oxuduğum, öz üzərimdə çalışdığım hər bir an məni gələcəkdəki arzuma daha da yaxınlaşdırır. 

Amma məni hədəfimə daha da yaxınlaşdıran iştirak etdiyim bir müsabiqə oldu.  Doğrudur, həmin bu müsabiqəyədək mən bir çox yarışlarda, tədbirlərdə iştirak etmişdim. Lakin bu müsabiqənin mənə gətirdiyi uğur əvəzolunmazdır. Belə ki, 2023 -cü ildə ulu öndərimiz  Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində istirak etdim. Çəkdiyim əziyyət və ətrafımdakı insanların dəstəyi ilə bu müsabiqədə respublika üzrə II yerə layiq görüldüm. Mənim nəzərimdə həmin gün həyatımın ən önəmli günü idi. 

Ulu öndərimizin 100 illiyinə həsr olunmuş  tədbirdə II yerə layiq görülmək mənim üçün həm böyük şərəf, həm də xoşbəxtlik idi.  Əldə etdiyim bu böyük uğur, mənim gələcəkdəki digər nailiyyətlərimə də bir növ zəmin yaratdı, onlar üçün uğur yolu açdı.  Məhz “Ən yaxşı Təqdimat Musabiqəsi“   mənə məktəbi qızıl medalla qurtarmaq şansını verdi.  Bu, həyatımda ən böyük uğurum oldu.  İndi arxaya dönüb baxdıqda, nələrə nail olduğumu gördükdə , gələcəkdəki o möhtəşəm hədəfimə necə addım- addım yaxınlaşdığımı da sezirəm. Lakin onu da bilirəm ki, bu hələ mənim uğur yolumun yarısıdır, hətta deyərdim ki, başlanğıcıdır. Qalan yarısı isə gələcəkdə məni gözləyir. 

Unutmayın ki, uğur yalnız qətiyyətli və çalışqanları sevir. Qətiyyətliliyin və çalışqanlığın əsas şərti isə qarşıya müəyyən bir hədəf qoymaq və xəyalında canlandırdığın o arzunu bir gün gerçəkləşdirmək ümidi ilə yaşamaqdır. Uğur yolunda irəliləyən bir insan kimi  ətrafımdakılara yalnız bir şeyi tövsiyə edə bilərəm.

Xəyallarınızı və hədəflərinizi sərbəst buraxın, siz onları yox, qoyun onlar sizi aparsın!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)