BİR DİREKTOR, BİR ŞAGİRD - Esmira Quliyeva və Şərif Şərifzadə Featured

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda Bakı şəhəri Məktəb Lisey Kompleksidir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR:

Quliyeva Esmira Mahmud qızı 15.10.1975-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Tam orta təhsilini 1982-1992-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına orta məktəbdə almışdır. 1992-1995-ci illərdə 2 saylı baza tibb məktəbində tibb bacısı ixtisası üzrə təhsil almışdır. 1994-1998-ci illərdə bakalavr təhsilini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə almışdır.

​2001-2015-ci illərdə Cəbrayıl rayon Əmirvarlı kənd tam orta məktəbində riyaziyyat-informatika fənn müəllimi vəzifəsində çalışmışdır.

​2004-cü ildə AZMİCROSOFT  LRS-də MS Office proqramlar paketi üzrə kursda iştirak etmişdir, 2005-ci ildə Norveç Qaçqınlar Şurasının Bakıda keçirdiyi Gender və QİÇS mövzusunda  seminarda iştirak etmişdir.

2006-2015-ci illərdə 12 saylı Bakı Peşə Məktəbində İKT fənləri üzrə saathesabı müəllim işləmişdir. 2012-2013-cü illərdə Demokratik Gənclər İctimai Birliyində təlimçi, 2013-cü ildə Qafqaz Universiteti və  "Inkişaf" təhsil mərkəzində Ümumi təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları-informatika fənni üzrə təlimçi, 2013-2014-cü illərdə Edumedya-da “Tədris prosesində Promethean İnteraktiv Texnologiyalarından istifadə üzrə” təlimçi kimi çalışmışdır.

2012-ci il 7-15 fevral aralığında Demokratik Gənclər İB və Hollandiyanın Yaşıl İKT Fondunun təşkil etdiyi “Kompyuter Texnologiyalarının Tədris Prosesində Tətbiqi və Kompyuter Şəbəkəsinin əsasları” mövzusunda təlimdə iştirak etmişdir.

2012-ci il aprel-iyun aylarında Demokratik Gənclər Birliyi və Norveç İnsan Hüquqları evinin təşkil etdiyi “Region məktəblərində İnsan Hüquqlarının Tədrisi” mövzusunda seminarda iştirak etmişdir.

2012-ci il avqust ayında XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin keçirdiyi “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” mövzusunda seminarda 1-ci dərəcəyə layiq görülmüşdür.

2012-ci il oktyabr ayında UNİCEF  “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikumlarının tətbiqi və fəal təlim” üzrə öyrədənlərin öyrədəni təlim kursunda iştirak etmişdir. 

2012-ci il oktyabrda Kurikulum mərkəzinin təşkil etdiyi “İnternet Texnologiyalarından Tədris Prosesində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.

2012-ci il noyabr ayında Demokratik Gənclər birliyinin təşkil etdiyi “İnternet Texnologiyalarından Tədris Prosesində İstifadə Qaydaları” kursunda 1-ci dərəcəyə layiq görülmüşdür.

2012-ci il dekabr ayında Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkün qəsəbəsində Meqasoft LTD və Demokratik Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Regionlarda gənclərə Dəstək layihəsi çərçivəsində keçirilən kompüter kursunda könüllü təlimçi kimi iştirak etmişdir.

2013-cü il fevral ayında Demokratik Gənclər İctimai Birliyi və Amerikan Beynəlxalq Təlim Mərkəzinin keçirdiyi “Metodiki Mərkəzin İdarə olunması  üçün işçilərin Peşəkarlıq Səviyyəsinin Artırılması” mövzusunda təlim kursunda iştirak etmişdir.

2013-cü il fevral ayında AZFORUM-un təşkil etdiyi “Motivasiya və İnnovasiya”, “Sosial Servislərdən Effektiv istifadə” mövzusunda təlim kurlarında iştirak etmişdir.

2013-cü il aprel-may aylarında Multimedia Mərkəzinin “İnternet texnologiyalarının və sosial servislərin tədris prosesində rolu” mövzusunda təlim kursunda fəal iştirak etmişdir.

2013-cü il 29 dekabrda Azərbaycan Respublikası Təhsil Şurasının təşkil etdiyi Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübi hazırlığının təkmilləşdirilməsi məqsədilə həyata keçirilən “Öyrədənlərin öyədilməsi” layihəsi çərçivəsində “Elektron tədris resurslarının hazırlanması və tətbiqi  qaydaları” üzrə kursda iştirak etmişdir.

2013-cü il iyun ayında Demokratik Gənclər İctimai Birliyinin təşkil etdiyi “Müasir cəmiyyətin qarşısında duran məsələlərin həllində və cəmiyyətin ictimai məlumatlılığının artırılmasında Bloqçuluğun təbliği” təlim kursunda təlimçi kimi iştirak etmişdir.

2013-cü ildən hal-hazıraqədər Ümumtəhsil  məktəbləri üçün hazırlanmış riyaziyyat dərsliklərinin qiymətləndirilməsində  ekspert kimi fəaliyyət göstərir.

2013-2014-cü illərdə “İLİN ƏN YAXŞI MÜƏLLİMİ” müsabiqəsinin qalibi, 2014-cü ildə AMİM tərəfindən keçirilən “Direktorlar üçün strateji planlaşma” modulunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat almışdır.

2014-cü ildə “Bugünün və sabahın direktorları” kursunu müvəffəqiyyətlə bitirmişdir.

2015-2020-ci illərdə Bakı şəhəri 129 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır. 2020-ci ildən hal-hazıraqədər Bakı şəhəri Məktəb Lisey Kompleksində direktor vəzifəsində çalışır.

2017, 2020, 2023-cü illərdə BŞTİ tərəfindən fəxri fərmana layiq görülmüşdür. 2020, 2022-ci illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III, IV, VI, VII Qrant müsabiqələrində qalib olmuşdur.

 

ŞAGİRD:

Mən Şərif Elşən oğlu Şərifzadə 15 fevral  2009-cu ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə 26 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2018-ci ildə Bakı şəhəri Məktəb Lisey Kompleksinin 5-ci sinfinə daxil olmuşam. Hazırda Məktəb Lisey Kompleksinin 9-cu sinfində oxuyuram. 17 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanından 273 bal toplamışam.

2023-cü ildə fizika fənni üzrə Respublika Fənn Olimpiadalarından bürünc medal əldə etmişəm.

2023-cü ildə Bakı Elm Olimpiadasında gümüş medala layiq görülmüşəm.

Ən böyük uğurum 2024-cü ildə Respublika Fənn Olimpiadalarından fizika fənni üzrə qızıl medal qazanmağımdır.

 

ESSE

“Uğura aparan yol”

 Hər birimiz bu həyatda müvəffəqiyyət qazanmaq, uğurlu bir həyat yaşamaq istəyirik. Bunun üçün də ilk növbədə, qarşımıza məqsədlər qoymalı, nəyi və necə etməyi düşünməliyik, çünki məhz düzgün fikirlər böyük işlərin başlanğıcıdır, məhz düzgün fikir məqsədə çatmaq üçün ən yaxşı yoldur. Qarşımıza məqsəd qoymasaq, heç nəyə nail ola bilmərik. Aqillər yaxşı deyiblər: ”Haraya getdiyini bilən adama bütün aləm yol verər”. 

Məqsəd bizi uğura aparan ən doğru yoldur və bu yol da çox zaman təhsildən keçir.

Ailəmizdə hər dəfə elmdən, təhsildən söz düşəndə valideynlərim:”Təhsil insanın əlində ən güclü silahdır”,- deyirlər. Bu sözlər lap kiçik yaşlarımdan məni elmə, təhsilə həvəsləndirib. Təhsilin cəmiyyətin inkişafındakı rolunu dərk etməyə çalışmışam. Anlamışam ki, təhsil insanın özündən əmin olmasına, xarakterinin formalaşmasına, cəmiyyətdə söz sahibi olmasına xidmət edir. Anlamışam ki, təhsil elə həyatın özüdür.

İndi mən 9-cu sinif şagirdiyəm. Məni qürurlandıran, özümə inam yaradan uğurum haqqında danışmaq istəyirəm. Fizika fənni tədris edildiyi gündən öz sirri ilə məndə böyük maraq yaradıb. Zaman keçdikcə anladım ki, bu, sadəcə maraq yox, həm də bir sevgidir və bu sevgi yoluma işıq saldı, mənim məqsədimin başlanğıcı oldu. Fizika elminə dair hər yeniliyi öyrənməyə çalışdım, bir çox yerli və beynəlxalq olimpiadalarda iştirak etdim.

Hədəfimə addım-addım çatdıqca daha çox şey etmək və irəliləmək istədim, qət etdiyim yolda heç vaxt mübarizəmi dayandırmadım, əksinə, səhvlərimdən nəticə çıxardım. Çətinlikləri hədəfimə çatmaq üçün atılan bir addım olaraq dəyərləndirdim, çünki insanın bu həyatda bir amalı varsa, bütün çətinliyə dözəcək.

 Valideyn və müəllimlərimin tövsiyələrindən bəhrələndim, onların dəstəyi, mənə olan inamı məni ruhlandırdı, mənə qətiyyət verdi: Nəhayət dözüm, iradə, əzmkarlıq və zəhmət hesabına çatdığım uğurun sevincini yaşadım. Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə qızıl medala layiq görüldüm.

 Qazandığım bu uğur mənə bir daha onu sübut etdi ki, uğura gedən yolda özünəinam, qətiyyət və zəhmət daima sənə yoldaşlıq etməlidir.

Hər uğurumun əldə edilməsində mənə ilk gündən dəstək olan, elmin dərinliklərini mənimsədən, uğurlarıma sevinən müəllimlərimə, ən çətin anlarımda yanımda olan valideynlərimə, xüsusən də, məni heç zaman yalnız qoymayan, mənə “Sən mütləq bacaracaqsan”,- deyib ilham verən, qəlbimdə ümid çırağ yandıran anama təşəkkür edir və fikrimi X.Şirvaninin bu sözləri ilə tamamlyıram.

     

Əgər olmasaydı, ana zəhməti,

Qazana bilməzdim heç bu şöhrəti.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)