Unudulmaz sevgi şeirləri: İbrahim İlyaslı, “Necəsən…” Featured

 

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş poeziyamızda sevgi mövzusu sosial şəbəkə şeirlərinin leytmotivini təşkil edir. Amma bu şeirlərdə sevgi sanki modern sevgidir, təmənnalıdır. Belə sevgi şəxsən məni və dəqiq bilirəm ki, çoxlarını təmin eləmir. Sumqayıtda yaşayıb yaradan, sazlı-sözlü Qazax mahalını təmsil edən İbrahim İlyaslının sevgisi isə əsl klassik sevgidir, bulaşmayan, saf sevgidir. Onun çox məşhur “Necəsən” şeiri, düşünürəm ki, Sevgililər günündə rubrikama yaraşıq verər. 

NECƏSƏN

Mənim səndən uzaqlarda
Yamandı halım, necəsən?
Özgəsinə qismət olan
Cahı-cəlalım, necəsən?

Yalana döndü gerçəyim,
Ay gözəlim, ay göyçəyim.
Çəmənim, çölüm, çiçəyim,
Pətəyim, balım, necəsən?

Daşam yolun üstə bitən,
Nə sirdi anlamaz yetən.
Gözü, könlü dil-dil ötən,
Dilləri lalım, necəsən?

Zər-zibam, ləlim, gövhərim,
Yaqut-yəmən, simu-zərim,
Barmaqları bəxtəvərim,
Başı bəlalım, necəsən?

Üzün dönməz mənə sarı,
Yarı öz ömründən, yarı.
İbrahimin sitəmkarı,
Necəsən, zalım, necəsən?

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.