Okeanla 100 kilometr üzməklə ölkədən qaçan dissident, Ramiz Rövşənin yubileyi və ərəbcə bilməyən mollalar Featured

 

13-19 dekabrın təqvimi Varisin təqdimatında

 

 

 

13 dekabr. Nəhs rəqəm?

 

Hər vaxtının xeyir olsun! Mövhumata və əlamətlərə inananlar 13 rəqəmini görüb günə əvvəlcədən uğursuzluq libası biçməsinlər əlbəttə ki. Görürsən, bəzən elə ən uğurlu günün ayın 13-də, qarşından qara pişik keçəndə, 666 nömrəsi ilə əlaqəli bir iş görəndə, yuxunu qarışdıranda olur. Ona görə də “hər bir gün gözəldir, yetər ki, bu gözəlliyi tapıb duyaq” prinsipi ilə yaşamaq lazımdır.

 

13 dekabr. Skripka günü

 

Sorğuya görə dünyada ən sevilən çalğı alətidir skripka. Bu ecazkar səsə malik dörd simli alət daha üç aləti – nəhəng kontrabası, alt və violençeli bir ailədə - skripka ailəsində birləşdirməyi də bacarıb. Fortepiano ilə birlikdə o, akademik musiqinin əsas alətidir. Tarixinə gəldikdə, 1400-cü ildə skripkayabənzər üç simli musiqi alətindən Polşada istifadə edilirdi, bu alət təkmilləşərək skripkanı yaratmışdı, belə ki, 1500-cü illərdə alman musiqişünasları artıq polyak skripkasından bəhs edirdilər. Skripkaya dördüncü simi isə italyanlar əlavə etmişlər. Elə ilk skripka məktəbi də İtaliyada olmuş (Breşiya məktəbi), ilk müasir skripka görünüşlü skripkanı da italyan (Amati) ortaya qoymuşdur. İlk məşhur skripka ifaçısı və skripka düzəldən də italyan Stradivari olmuşdur. 1607-ci ildə “Orfey” operasının nümayişi zamanı italyan bəstəkar Monteverdi ilk dəfə skripkanı orkestr musiqisində tətbiq edərək daha da məşhurlaşdırmışdır. İlk dünyaşöhrətli skripka kompozisiyası da italiyalıya – dahi bəstəkar Vivaldiyə məxsusdur. 17-18-ci əsrdə isə dahi bəstəkarlar Bax, Motsart və Qaydn bu virtuoz alətin şöhrətini dünya ilə bir etmişlər. Skripkada ifanın sürətinə görə öndə gedən isə üç dəfə dünya rekordlarını təzələyən honkonqlu Ben Lidir.

 

Azərbaycana ilk dəfə skripkanı bir qədər sonralar bəstəkar Ceyhun Bədəlbəyli gətirmişdir. Azərbaycanda ilk tanınmış skripka ifaçısı Azad Əliyev sayılır. Təkrarsız ifaları ilə seçilən Kazbek Əliyevlə Natiq Nuriyev həqiqətən skripkanı Azərbaycanda sevdirməyi bacarıblar. Hazırda Maestro Ceyhun ifaları ilə sevilir. Bugünkü skripka günündə yetər ki, vaxt tapıb bir qədər skripka musiqisi dinləyək, ruhumuz dincəlsin.

 

13 dekabr. Lüsiyanın günü

 

Milad bayramı sviteri (biz buna hörmə deyirik) günü, xaçpərəstlər elliklə hörmə geyinəcəklər. Bu gün Müqəddəs Lüsiya günüdür. Sent-Lüsiyanın Britaniyadan 1979-cu ildə müstəqillik alması şərəfinə keçirilən bu bayramı Avropanın əksər xalqları ümumən azadlıq və bərabərlik bayramı kimi qeyd edirlər. Ayrıca, bu gün Lüsiya festivalı da keçiriləcək. Şimalı Avropa ölkələrinə aid olan bu təntənə Milad bayramı öncəsi Miladın uğur gətirməsi diləklərinin söylənməsindən ibarət olacaq. Akadinin xatirəsi günüdür həm də. 1758-ci ildə akadi xalqının hersoq Uilyam tərəfindən deportasiyası zamanı onları daşıyan iki gəminin batması faciəsi xatırlanacaq.

 

Malta Respublika gününü, Malavi milli ağacəkmə gününü, Fransa “Messa Fransanın çiçəklənməsi uğrunda” adlı dini bayramı qeyd edəcək. Amerikada Milli qvardiya günüdür, ciddi bayramdır. Amma ənənəyə uyğun olaraq amerikalılar təqvimə yeyib-içməklə bağlı gün salmaqdan yenə də vaz keçməyiblər. Ərzaq satıcısı günüdür həm də onlarda.

 

13 dekabr. Almanların özəl günü

 

2003-cü ilin 13 dekabrında “Qırmızı üfiq” əməliyyatı zamanı İrak prezidenti Səddam Hüseyn Tikrit şəhərində, evinin yanında həbs olunub. 1996-cı ildə qaradərili Kofi Annan BMT-nin baş katibi seçilib. 1982-ci ildə Yəməndə baş verən zəlzələ 2800 adamı dünyadan aparıb. 1941-ci ildə Peruda güclü sel 7 min insanın ölümünə səbəb olub. 1937-ci ildə yapon ordusu Çinin Nankin şəhərini ələ keçirərək tarixə düşmüş qanlı Nankin qətliamını həyata keçirib, 300 min insan həlak olub. 1917-ci ildə Krım müsəlmanlarının qurultayı Krım Xalq Respublikasını elan edib. 1769-cu ildə 13 yaşlı Motsart İtaliyada ilk konsert turnesinə başlayıb. 1742-ci ildə Rus imperatritsası Yelizaveta yəhudilərin ölkədən qovulması və heç vaxt ölkəyə buraxılmaması barədə qanun imzalayıb.

 

1981-ci ildə ABŞ-ın möhtəşəm Evanescence rok-qrupunun xanım solisti Emu Li doğulub, bu gün onun yubileyidir, 40 yaşı tamam olur. 1974-cü ildə Hacıbala Abutalıbov obrazı ilə tarixə düşən KVN-çi Tahir İmanov dünyaya gəlib. Yeri gəlmişkən, adətən obraz öz prototipinə oxşamağa çalışar, amma Hacıbala Abutalıbovun Tahirin yaratdığı obraza bənzəməyə çalışması bir faktdır. 1903-cü ilin 13 dekabrı “12 stul” romanının müəlliflərindən biri olan Yevgeniy Petrovun doğum günüdür. 13 dekabr üç böyük almanın doğum günüdür həm də. 1816-ci ildə dünyaca məşhur “Simens” kompaniyasının qurucusu olan elekrtotexniki Ernst Simens dünyaya gəlib. 1797-ci ildə Henrix Heyne – 19-cu əsrin ən məşhur tənqidçilərindən biri, şairi və publisisti doğulub. 1780-ci ildə də Iohann Debereyner – alman kimyaçısı doğulub, Debereyner lampası adlı indi işlətdiyimiz alışqanın ilkin versiyasını məhz bu adam kəşf edib.

 

13 dekabr. Okeanla bağlı iki qeyri-adi olay

 

Diqqətimi nə çəkdi? Bu 13 dekabr gününə iki qeyri-adi hadisə də təsadüf edir. 1974-cü ildə keçmiş SSRİ-də uzun zaman ictimaiyyətdən gizlədilən bir hadisə baş verib, azadfikirli Stanislav Kurilov – okeanoqraf və yazıçı təyyarədən özünü okeana ataraq 100 kilometr məsafə qət edib və SSRİ-dən qaçmağa müvəffəq olub. 1958-ci ildə isə amerikalılar AM-13 raketi ilə kosmosa tarixdə ilk dəfə canlı - meymun yollayıblar, kosmosda 15 dəqiqə sağ qalan meymun qəhrəman ampluasında Yerə düşərkən əfsus ki, faciə baş verib, onun içində olduğu kapsula okeanda batıb.

 

14 dekabr. Ümumdünya meymunlar günü

 

Bu heyvanlara qayğını və sevgini artırmaq üçün rəssamlar Keysi Qore və Erik Millikinin təşəbbüsü ilə təqvimə salınan Meymunlar günündə Azərbaycanda ən çox sevinən, yəqin ki, Tarqovıda canlı dekor olub, adamlarla şəkil çəkdirərək sahibinə pul qazandıran Ceki adlı şimpanze olacaq. Mən heyvanxanadakı meymunları demirəm, çünki qəfəsdə olanlara nə bayram.

 

14 dekabr. Yeyib-içmə günü

 

ABŞ-da Milli Marselsayağı uxa günüdür. Deyilənə görə bu balıq şorbası çox dadlı olur, nuşi can. Üstəlik, ABŞ-da Milli peçenye günüdür. Peçenyenin müxtəlif növlərindən dadmaq bu gün aktual olacaq. Dübarə nuşi can. Lap üstəlik, ABŞ-da həm də Milli sous günüdür. Acika, xardal, sarımsaq-qatıq, ketçupla mayonez, barbekyü, sezar, pendir sousları, svit çili – bilgimiz bundan o yana getmir, halbuki amerikalılar mətbəxlərində 72 cür sousdan istifadə edirlər. Təkrarən nuşi can.

 

14 dekabr. Qara rəng bolluğu

 

2011-ci ilin bu günü Azərbaycan musiqisevərləri üçün qara gəlib, xalq mahnılarının, muğam və təsniflərin təkrarsız ifaçısı, “Sona bülbüllər” manhısı ilə musiqi tariximizə möhür vurmuş Qədir Rüstəmov İstanbulda vəfat edib. 1999-cu ilin bu günü Venesuelada da qara gətirib, Varqasda dəhşətli sel on minlərlə insanı həyatdan alıb, evləri dağıdıb, bütün infrastrukturu məhv edib. 1992-ci ilin bu günü üstəlik, Gürcüstanda qara gəlib, Abxaziyada yerli separatçılarla rus ordusu Tkvarçelidə Gürcüstanın hökumət qoşunu ilə qanlı savaşa girib, çox sayda insan, o cümlədən 25 uşaq həlak olub. 1989-cu ilin bu günü hətta Ermənistanda da qara gətirib, Sovet fiziki, Nobel mükafatı laureatı Andrey Saxarov vəfat edib, həyat yoldaşı erməni olan ermənipərəst akademikin ölümünə təbii ki, ermənilər bərk üzülüblər. 1960-cı ildə Parisdə təhsildə diskriminasiya ilə mübarizəyə dair Konvensiya imzalanıb. 1939-cu ildə Finlandiyaya hücum etdiyinə görə SSRİ-ni Millətlər Liqasından xaric ediblər. 1928-ci ildə Danimarkanın “Kopenhagen” gəmisi Montevideo limanından çıxıb, 59 nəfər heyət üzvü və gəmi izsiz yoxa çıxıb.

 

14 dekabr. Kapur, Behbudov, Vaşinqton.

 

Azərbaycanda uzun illər mədəniyyət hind kinosu təsiri duyub, insanlar hind kinolarından tərbiyə alıblar. Yaşlı nəsil bu gün ehtiramla tarixin ən məşhur hind kino ulduzu Rac Kapuru anacaq, çünki o, 1924-cü ilin bu günündə anadan olub. Rac Kapurdan 9 il əvvəl - 1915-ci ildə isə Tiflisdə Rəşid adlı bir azərbaycanlı oğlan dünyaya gəlib. Sonradan bütün dünyanı öz məlahətli səsi ilə heyran edən Rəşid Behbudovun müəmmalı ölümünün sirri hələ də açılmır təəssüf ki. 1911-ci ildə norveçli Amundsenin ekspedisiyası it kirşələri ilə tarixdə ilk dəfə Cənub qütbünü fəth edib. 1903-cü ildə tarixdə ilk dəfə Çimalı Korolinada Rayt qardaşları təyyarə düzəldib uçmağa cəhd ediblər, amma təyyarə göyə qalxmağa başlayarkən dərhal da yerə gəlib. 1883-cü ildə Aykido döyüş incəsənətinin banisi, yapon Morixey Uesiba doğulub. 1799-cu ildə 14 dekabrı amerikalılar matəmlə qeyd ediblər, ABŞ-ın ilk prezidenti Corc Vaşinqton 67 yaşında dünyadan köçüb. 1503-cü ildə adını uşaqdan böyüyə hamımız əzbər bildiyimiz Mişel de Nostrdam – Nostradamus dünyaya gəlib, bu fransız astroloqu və gələcəkgörəninin 600 il əvvəl verdiyi proqnozlar bu gün də sıravi insanları qorxu-hürkü altında saxlamaqdadır. 1287-ci ilin 14 dekabrında da dəhşətli sel faktına rast gəlinir, sel Niderlandda, Şimal dənizinin səddini uçuraraq 50 min insanı məhv edib. 557-ci ildə isə Konstantinopol – indiki İstanbul güclü zəlzələyə məruz qalıb, hədsiz dağıntılar olub.

 

14 dekabr. Xudu Məmmədov günü

 

Azərbaycanın tarix boyu yetişdirdiyi ən işıqlı şəxsiyyətlərindən biri olan Xudu Məmmədovun bu gün doğum günüdür, sevgi və iftixar ilə anırıq bu dahi şəxsiyyəti. Ağdamın Mərzili kəndində 1927-ci ildə dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycan elminin inkişafına, eləcə də xalqın milli-azadlıq hərəkatına sərf edən Xudu müəllim professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru idi, kimyanın silikat birləşmələri üzrə misilsiz tədqiqatlar ortaya qoymuşdu, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifiydi. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilmişdi. 1969-cu ildə gizli Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olan Xudu müəllim 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük rol oynamışdı, xalqın imperiya buxovlarından qopması uğrunda hərəkatının öncüllərindən birinə çevrilmişdi. Təəssüf ki, 1988-ci ilin 15 oktyabrında onu itirdik. Ruhu şad olsun!

 

15 dekabr. Beynəlxalq Zamenqof, yaxud Esperanto günü

 

Bu gün beynəlxalq dil yaratmaq sahəsində böyük təhqiqatlar ortaya qoyaraq esperanto dilini yaratmış polşalı Lazar Zamenqofun doğum günüdür, bu şərəfə belə bir  günü dünyada qeyd edirlər. Hazirda dünyada iki milyon insan bu dildə danışır, əlbəttə ki, heç də az deyil.

 

Bizlər də türk dünyası üçün ortaq türk dili yaratmaq amacındayıq, xeyirli və uğurlu olsun.

 

15 dekabr. Böyük şair Ramiz Rövşənin 75 illik yubileyi

 

Göy üzü daş saxlamaz deyən, amma həmvətənləri hey göy üzünə daş tolazlayan Ramiz Məmmədəli oğlu Əliyev 1946-cı il dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub, 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, 1976-1978-ci illərdə Moskvada Ali Ssenari kurslarını bitirib. Şairin “Bir yağışlı nəğmə” adlı ilk şeirlər kitabı 1970-ci ildə işıq üzü görüb. 1971-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Mozalan” satirik kinojurnalı studiyasında redaktor kimi işə başlamış Ramiz Rövşən 1987-1992-ci illərdə artıq kinostudiyaya baş redaktorluq edib. “Göy üzü daş saxlamaz”  və “Kəpənək qanadları” adlı növbəti iki kitabı ilə o, ümumxalq sevgisi qazanıb. Şeirlərində vətənpərvərlik, bəşəri məhəbbət, müdriklik poetik şəkildə təcəssüm edir. Özünəməxsusluq, bənzərsizlik onun şeirlərinin qayəsindədir. O poeziyamızda yeni irs, yeni cığır açmış və bu irsə öz möhürünü vurmuş əvəzedilməz təkrarolunmaz bir şairdir. Flora Kərimovanın əsrarəngiz “Bağışla”, “Bu qatarın dalınca baxma” kimi mahnılarının mətnləri də onundur. “Babamızın babasının babası” (1981), “Şəhərli biçinçilər” (1986), “Süd dişinin ağrısı” (1987), “Özgə vaxt” (1996), “Məkanın melodiyası” (2004), “Qala” (2008) kimi tammetrajlı bədii filmlərin ssenari müəllifi də odur. “Bulud niyə ağlayır?” və “Pıspısa xanım və siçan bəy” kimi məşhur cizgi filmlərinin,  “Kişi sözü”, “Gecə qatarında qətl”, “Kamança”, “Hacı Qara”, “Küçələrə su səpmişəm”  kimi tammetrajlı bədii filmlərin də mahnı mətnlərinin müəllifidir.

 

Ramiz Rövşənin şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ-da, Almaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub. Ramiz Rövşən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2019-cu il may ayının 25-də “Xalq şairi” fəxri adına layiq görülüb. Bu gün də “Şöhrət”, yaxud “Şərəf” ordeni gözləniləndir. Təbriklər, böyük şair!

 

15 dekabr. Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günü

 

Rus demokratlarının təklifi ilə təqvimə salınmış bu gündə vurğulanır ki, hər il müxtəlif şəraitlərdə 20-yə yaxın rus jurnalisti və reportyoru həlak olur, bəzi jurnalist ölümlərinin üstü açılmır,  Vladislav Listyevin, Dmitriy Xolodovun qatilləri hələ də azadlıqdadırlar. “Soverşenno sekretno” holdinqinin rəhbəri Artyom Borovikin  haylı-küylü qətlinin də əsl sifarişçisi gizlədilməkdədir. Yeri gəlmişkən, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də illər ötsə də müəmma pərdəsi altındadır.

 

Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günündə bir nəfəri anmaq isə xalq olaraq borcumuzdur. Söhbət Qarabağda çəkiliş apararkən erməni gülləsinə tuş gəlmiş milli qəhrəman Çingiz Mustafayevdən gedir. Canlarını fəaliyyətləri yolunda fəda etmiş bütün jurnalistlərə, reportyorlara Allah rəhmət eləsin!

 

15 dekabr. “Pişik otaranlar günü”

 

Ramedilməz, sırtıq ev pişiklərinin əlində əsir-yesir olmuş insanlar üçün belə bir məzəli günü təqvimə salıblar ki, pişikləri ağıllandırmaq yolları insanlara agah edilsin. Əlbəttə ki, maraqlı təyinatdır. “Ay pişik, brız” deyib bizlərin nadinc pişikləri təpiklə qovmasının fövqündə duran mədəni tədbirlər varmiş, deməzsənmiş.

 

15 dekabr. Eyni gündə dünyaya gəlmiş iki görkəmli alimimizin 115 illik yubileyi

 

Həyatın qəribəliyinə bir baxın. 1906-ci ilin 15 dekabrında – eyni gündə dünyaya gələn ili görkəmli alimimizin ikisi də geologiya sahəsində parlayıb, ömürləri də eyni ildə - 1981-ci ildə qırılıb. Qısa da olsa, gəlin onların fəaliyyət yollarına nəzər yetirək.

 

Həsən Əhmədov Qərbi Azərbaycanın Zəngəzur qəzasının Sisyan rayonunda  anadan olub. 1933-cü ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsini bitirib, müxtəlif işlərdə çalışıb, 1951-ci ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin direktoru, 1965-1977-ci illərdə Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialının direktoru olub. Həsən Əhmədov 1959-cu ildə professor elmi rütbəsini alıb, 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilib. Onun ən böyük fəaliyyəti Qobustan-Şamaxı neft-qaz rayonunun tədqiqidir, eləcə də Azərbaycanın Mezozoy çöküntülərinin öyrənilməsinin və kəşfiyyatının ilk təşkilatçılarından biri olmasıdır. SSRİ rəhbərliyi ona Qubkin adına mükafatı da bu böyük əməyə görə verib. 1968-ci ildə Türkiyədə dörd ay müddətində rəsmi geoloji məsləhətçi kimi çalışan alimimiz Türkiyənin 7 illik geoloji planını da hazırlayıb. Alim 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Onun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb. H.Əhmədov iki dəfə “Şərəf” ordeni, üç dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, “Əmək rəşadəti”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 1981-ci il iyul ayının 9-da Bakıda vəfat edən alimimizə “ruhu şad olsun” deyirik.

 

Dünya Ağalarova isə Şamaxıda anadan olub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirib. 1949- 1954-cü illərdə Türkmənistan SSR EA Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olub və Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxuyub. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat Neft və Layihə İnstitutunda stratiqrafiya laboratoriyasına rəhbərlik edib. O, 1965-ci ildə Azərbaycan paleontoloqu, geologiya-mineralogiya üzrə professor adını alıb. Dünya Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim - paleontoloqdur. O, geologiya-mineralogiya sahəsinə bir sıra yeniliklər gətirib, bir-birindən uzaq olan kəsilişlərdəki eyni yaşlı çöküntüləri korrelyasiya etmə ideyasını ilk dəfə o tətbiq edib. Onun geologiya-mineralogiya sahəsində elmi kadrların hazırlanmasında böyük xidmətləri olub, 100-dən artıq elmi əsərin müəllifidir. Elmi nailiyyətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilən Dünya Ağalarova 1981-ci il avqust ayının 15-də Bakıda vəfat edib, Allah rəhmət eləsin!

 

15 dekabr. Eyfel qülləsi və “Qurdlar vadisi”

 

Bu gün amerikalılar üçün Milli ədvalı latte günüdür, habelə Milli limonlu keks günüdür; Kanadalılar üçün bayraq günüdür, ağcaqayın yarpaqlı hazırkı bayraq 1964-cü ilin bu günündə qəbul edilib; Yəhudilər üçün növbəti xolokost acısı günüdür, 1941-ci ilin bu günündə Ukrayna ərazisində, Drobıtski Yarda faşistlər 15 min yəhudini öldürüblər. Bu günü kino günü kimi də qeyd edənlər az deyil. Çünki 1939-cu ilin 15 dekabrında premyerası Atlantada baş tutan “Küləklə sovrulanlar” filmi ilk dəfə dünyaca populyar film kimi tarixə düşüb. Rejissor Devid Selznikin bu filmi bir ildə kinoprokatdan rekord gəlir əldə edilib, növbəti ildə isə 9 Oskar qazanıb; Fransızlar isə bu gün elliklə Eyfel qülləsinə baş çəkəcəklər, axı bu gün dünyaca şöhrətli fransız memarı və mühəndisi Aleksandr Qustav Eyfelin doğum günüdür. Bu şəxs tək Eyfel qülləsini deyil, tarixdə qalan onlarla şedevr tikintinin, o gümlədən Nyu-Yorkdakı Azadlıq statuyasının müəllifidir.

 

1915-ci ilin bu günüdə New York Times qəzetində ilk dəfə “Osmanlıda erməni genosidi” məqaləsi dərc edilməklə qondarma erməni soyqırımı termini tarixə düşüb. Bu gün həm də “Qurdlar vadisi” filmi ilə adını kinematoqrafiya tarixinə yazmış türk aktyoru və prodüsseri Necati Şaşmazın (1971), habelə dünya rəngkarlığında yeni məktəb yaratmış görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin (1909) doğum günüdür.

 

16 dekabr. “Üzünə şokolad çəkilmiş hər şeyin günü”

 

Maraqlı təyinatdır, şokoladsevərlər təqvimə şokolad günündən savayı ayrıca belə bir gün də salıblar. Qlazur adlanan şokolad örtüyü həqiqətən qənnadı məmulatlarına təkrarsız dad gətirir. Mən üstünə şokolad çəkilmiş ekleri seçirəm, siz də öz seçiminizi edin.

 

16 dekabr. Şəhid jurnalist Salatın Əsgərovanın 60 illiyi

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Salatın Əziz qızı Əsgərova  “Молодежь Азербайджана” (Azərbaycan gəncləri) qəzetində çalışırdı, 90-cı illərin əvvəllərində onun işıqlandırdığı məsələlər ölkənin ən vacib problemləri ilə bağlı idi, Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü yazılarının başlıca mövzularına çevrilmişdi. Tez-tez cəbhə xəttinə gedərək qaynar nöqtələrdən operativ materiallar hazırlayan Salatının ailəsi, iş yoldaşları dəfələrlə bunun qarşısını almağa çalışsalar da, ona mane ola bilməmişdilər.

 

1991-ci il yanvar ayının 9-da içərisində Salatın Əsgərovanın olduğu maşın Laçından Şuşaya gələrkən, yolun 6-cı kilometrində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları tərəfindən yaxın məsafədən atəşə məruz qaldı. Tanınmış jurnalist vəhşicəsinə qətlə yetirildi, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə ona  ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Xatirəsi kifayət qədər əbədiləşdirilib Salatın Əsgərovanın: Bakı şəhərində adına küçə var, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır, “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya barelyefi vurulub, yaxınlığında həlak olduğu kənd “Salatınkənd” adlanır.

 

16 dekabr. Bizim FHN və dahi Bethoven

 

Bu gün Azərbaycanda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır. Özlərini oda-alova, uçqunlara, selə-suya ataraq təhlükədə olanları xilas edən bu fədakar insanları təbrik edirik.

 

Mərkəzi və Şimalı amerikalılar Las Posades festivalına başlayacaqlar, xristian ənənələrinin daim yaşadılmasına dəyər verəcəklər. Amerikalılar da dinc duran deyillər, onların bugünkü mətbəx bayramları Milli yaşıl Çili bibəri günü adlanır. Bu gün yeməklər ağızları yandırıb yaxacaq. Amma ayrıca Şokolad gününü də qeyd edəcəklər amerikalılar, bir növ, yanan ağızlara şirinlik gətiriləcək; Hindistanda və Banqladeşdə Qələbə, Tailandda idman günüdür həm də.

 

1913-cü ilin bu günündə gənc britaniyalı aktyor Çarli Çaplin həyatında ilk dəfə filmə şəkilib, “ Yaşamaq uğrunda mübarizə” adlanırdı həmin film. 1899-cu ildə İtaliyada “Milan” klubu yaradılıb, ölkəmizdəki “Milan”sevərlər, haydı, şənlənin. 1872-ci ildə rus generalı, bolşeviklərin qənimi Anton Denikin doğulub. Və bu yerdə tək musiqisevərlər, incəsənətsevərlər yox, dünyanın hər bir şüurlu sakini 1770-ci ilin bu günündə dünyaya gəlmiş dahi alman bəstəkarı, “Aylı sonata” kimi insan tərəfindən yaranışı belə şübhə doğuran ilahi bir şedevr ortaya qoymuş Lüdviq Van Bethoveni alqışlasın!

 

17 dekabr. Ekzotik Butan Krallığında Kralın taxta çıxmasının ildönümü bayramı

 

Butan sözü Odlu Əjdahanın torpağı kimi tərcümə olunur. Ölkə bu adı ona görə alıb ki, Himalaydan tez-tez şiddətli çovğunlar gəlib yerlə-göyü bir edir. Bütpərəstliyin ən möhkəm dayaqları olan bir ölkədir Butan. Bu bayram 1907-ci ildən qeyd edilir, onda ki, Vançkuq Butan kralı kimi ilk dəfə taxta əyləşib. Vançkuq müstəqil dövlət qurub, butanlıları birləşdirib, beləcə də tarixə düşüb.

 

Tximpu Asiyada ikinci paytaxt şəhəridir ki (digəri Pxenyandır) orada işıqfor yoxdur. Və Butan dünyada yeganə ölkədir ki, örda tütün satışı rəsmən qadağan edilib. Butan həm də dünyada yeganə ölkədir ki, öz əhalisinin üzərinə Konstitusiya ilə öhtəlik qoyub ki, ətraf mühiti mühafizə etsinlər. Butanın bir özəlliyi də odur ki, öz adət-ənənəsini, buddizmi, mental dəyərlərini qorumaq üçün uzun illər televiziya və radionun, sonrakı dönəmlərdə də internetin istifadəsinə rəsmən qadağa qoyulmuşdu, yalnız 2001-ci ildən bu izolyasiya aradan qaldırıldı. Burada ilk seçki isə yalnız 2008-ci ildə baş tutub, butanlılar özlərinə deputatlar seçiblər. Özü də karuselsiz, filansız.

 

Butanda çoxlu Budda məbədləri var, Himalayın əbədi qarla örtülü landşaftının misilsiz gözəlliyi var, buna görə də ölkənin əsas gəlir mənbəyi turizmdir. Qəribədir ki, gəlir üzrə ikinci sırada poçt markaları durur, Butan markalarını dünyada həvəslə alırlar.

 

Butan əhalisi varlı deyil, amma xöşbəxtdir. Çünki iqliminin dağlıq olması, sərt şaxtalar, əkin torpaqlarının azlığı, təbii sərvətlərin minimum olması səbəbindən ölkə özü kasıb ölkədir, hamının güzəranı oxşardır. Biri də var, elə bir ölkədə yaşayasan ki, ölkə varlı ola, bir ovuc insan milyonlara sahib çıxa, xalq özü isə yoxsulluqdan inləyə.

 

17 dekabr. “İsgəndər” raketi və Kürd bayrağı

 

Bu gün Beynəlxalq seks xidmətçilərinin zorakılıqdan qorunması günüdür. Lətifəsi bizdən uzaq, sonrakına keçək. Ruslar Raket qoşunları gününü qeyd edirlər (“İsgəndər”lər də bu qeydetmənin tərkib hissəsidir), ukrainlər Dövlət icra qulluqçuları gününü. Beloruslarda bu gün kino günüdür. Azərbaycanda məskunlaşan, xoş güzəran, gözəl rifah içində yaşayan kürdlər də bu gün bayram edəcəklər, belə ki, bu gün tüm kürdlərin bayramıdır, Kürd bayrağı günüdür; Amerikalılar isə Milli ağcaqayın şirəsi gününü qeyd edirlər.

 

17 dekabr. Tarixi hadisələrlə zəngin gün

 

2003-cü ilin bu günündə dünya prokatına “Üzüklərin hökmdarı” filmi daxil olub, sonra da bolluca Oskarlar yığıb. 1992-ci ildə Çexoslovakiya parlamenti ölkənin ləğvi və yerində Çexiya və Slovakiya kimi iki dövlətin yaradılması barədə qanun imzalayıb. 1990-cı ildə Moskvada SSRİ deputatları dördüncü qurultayda Qorbaçovun istefasını tələb ediblər. 1989-cu ildə ABŞ-ın Fox telekanalında “Simpsonlar” multserialının premyerası baş tutub. 1986-cı ildə Kembric hospitalında tarixdə ilk dəfə eyni zamanda bir insana ürək, qaraciyər və ağciyər köçürülməsi edilib. 1962-ci ildə Granada TV-də əfsanəvi Beatles qrupunun ilk teleçıxışı baş tutub. Onlar Love Me Do mahnısını oxuyublar.

 

Bu gün həm də aviasiya işçiləri üçün önəmli gündür. 1903-cü ilin bu günündə Orvill Rayt özü düzəltdiyi təyyarə ilə tarixdə ilk təyyarə uçuşunu həyata keçirib, bu uçuş 12 saniyəlik olub. 1790-cı ildə Meksikada üzərinə asteklərin təqvimi çizilmiş daş tapılıb. 1777-ci ildə isə amerikalılar üçün çox əhəmiyyətli bir hadisə baş verib: Fransa Şimalı Amerikadakı Britan koloniyalarının müstəqilliyini tanıyıb. Britan koloniyaları da gələcək ABŞ dövlətinini təşkil edib.

 

17 dekabr. Kimlər gəldi, kimlər getdi...

 

2011-ci ilin bu günündə Şimali Koreyanın lideri, tarixin ən məşhur diktatorlarından biri Kim Çen İr vəfat edib. 1999-cu ilin 17 dekabrında müstəqil Azərbaycan mətbuatının qurucularından biri, “Azadlıq” qəzetinin yaradıcısı, unudulmaz jurnalist Nəcəf Nəcəfov cəmi 44 yaşında dünyadan köçüb. Allah rəhmət eləsin. 1993-cü ilin bu günündə tanınmış Azərbaycan yazıçısı, Azərbaycan SSR xalq yazıçısı Mirzə İbrahimov, 1987-ci ilin bu günündə isə milyonlarla sovet adamını gözləri yaşarıncaya qədər güldürən komediya aktyoru Arkadiy Raykin dünyadan köçüblər. Milyonlarla kişini əfsunlamış aktrisa Mila Yovoviçinsə bu gün doğum günüdür, 36 yaşı tamam olacaq. 1924-cü ilin bu günündə Nuxada Şirməmməd Hüseynov dünyaya gəlib, Azərbaycanın görkəmli və unudulmaz alimini gəlin yad eləyək, ruhu şad olsun deyək. 1930-cu ildə məşhur Penthouse jurnalının yaradıcısı Bob Quççione doğulub. 1908-ci ildə kimya üzrə Nobel mükafatçısı, Amerika alimi Uillard Libbi dünyaya gəlib. 1905-ci ildə Qazaxın İkinci Şıxlı kəndində Azərbaycan SSR-in xalq yazıçısı Osman Sarıvəlli anadan olub. 1881-ci ildə Amerika etnoqrafı, elmi antropologiyanın banisi Lyuis Henri Morqan dünyasını dəyişib. 1830-cu ildə isə Cənubi Amerikada ispan müstəmləkəçiliyi ilə mübarizə aparan dünyaca məşhur şəxs – Simon Bolivar vəfat edib, yeri gəlmişkən, Boliviya dövləti onun adı ilə adlandırılıb.

 

18 dekabr. Beynəlxalq mühacir günü

 

İnternational Migrants Day 2000-ci ildən qeyd olunur. 1990-cı ilin həmin günündə mühacirlərin və onların ailələrinin hüquqlarının müdafiəsi Konvensiyası qüvvəyə minib. BMT-nin Baş Assambleyası bu zümrədən olan insanların müdafiəsinə qalxmaqla onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə son qoymağa cəhddə bulunub. Son hesablamalara görə, planetin hər 35-ci sakini mühacirdir.

 

Hazırda öz ölkələrindəki zülm və istibdaddan, müharibələrdən kütləvi şəkildə qaçan əfqanlar, suriyalılar dünya sərhədlərini didib-dağıtmaqdadırlar. Təbii ki, azərbaycanlılar da çoxsaylı mühacirləri ilə diqqət mərkəzində olmalıdırlar. Xüsusən, Rusiyada mühacirlərimizin sayı çoxdur, qeyri-rəsmi məlumatlara görə hətta iki milyon civarındadır. Güzəran dalınca qürbətə üz tutanlarımız əfsus ki milyonlarladır. Ən çox adamı ağrıdan da xaricə olan “beyin axınıdır”.

 

18 dekabr. Tanınmış aktrisa Mehriban Zəkinin 55 illik yubileyi

 

1990-ci ildən 2005-ci ilədək “YUĞ” Dövlət Teatrında, 2006-2007- ci illərdə Milli Akademik Dram teatrında, 2000-ci ildən 2011-ci ilə qədər “İBRUS” Teatrında calışan, teatr səhnəsində “Heydərbabaya salam”, “Şirəbənzər”, “Buninin sonuncu döyüşü”, “Müsyo İbrahim və Quran çiçəkləri” kimi tamaşalarda,  “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Hökmdarın taleyi”, “Qaranlıqlar çiçəyi”, “Əli və Nino” kimi bir çox bədii və sənədli filmlərdə, seriallarda çəkilən, özəl səs tembrinə və ifa tərzinə malik olan Mehriban Zəki saz aləti ilə “Kitabi-Dədə-Qorqud” eposu, Füzuli, Yunus Emrə və bir çox müasir şairlərin şeirlərinə bəstə qoşaraq ifa da edir. O, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən YUNESKO-nun “Kitabi-Dədə Qorqud”un 1300 illik yubiley tədbirində iştirak edib, 2013-cü ildə YUNESKO-da Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş konsert proqramında Məhsətinin obrazını canlandıraraq şeirlərini sazla, sözlə ifa eləyib. Mehriban Zəki 1993-cü ildə Aşqabadda keçirilən “Novruz 93” Teatr Festivalında “Xatun” mono-tamaşasına görə “Ən yaxşı teatr rolu”, 1996-cı ildə Alma-Atada keçirilən Cambul Cabayev Festivalında “Ən yaxşı dastançı”, 2005-ci ildə “Şərq-Qərb” Kinofestivalında “Küçələrə su səpmişəm” filmində “Ən yaxşı qadın obrazı” nominasiyası üzrə mükafatları alıb. İstedadlı aktrisa 1998-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2003-cü ildə Prezident mükafatı alıb. Səmimi qəlbdən təbrik edirik Mehriban xanımı!

 

18 dekabr. Beynəlxalq ərəb dili günü

 

BMT bu günü təqvimə salmaqla yanaşı, həm də ərəb dilini Baş Assambleyanın və onun komitələrinin rəsmi dilləri sırasına da aid edib. Dinimizin dilinin bu qədər ucalması əlbəttə ki, mütərəqqi haldır. İstəyərdim ki, başında zat aliləri Allahşükür Paşazadə dayanan dini qurumlarımız bu fakta diqqət yetirsinlər, ucdantutma ərəbcə bilməyən mollaların peyda olmasına göz yummasınlar. Bir əhvalat danışım. Tələbəlik vaxtı bir dəfə Qazaxın Yuxarı Salahlı kəndinə getmişdim, yas mərasimi idi, bir molla əlində tutduğu kağızdan “Quran” kəlmələrini izhar edirdi, camaat da kirimişcə onu dinləyirdi. Təsadüfən gözüm onun “şparqalkasına” sataşdı, gördüm orda ərəb əlifbası (yəni bizim əski əlifba) ilə Səməd Vurğunun şeiri yazılıb : “El bilir ki sən mənimsən, Yurdum yuvam məkənimsən...” Ehmalca qoluna toxunub qulağına pıçıldadım ki, əlindəki vərəqdə şeir yazılıb. Yalvar-yaxar elədi, dedi çörəyimə bais olma.

 

18 dekabr. Qətərin milli günü

 

Nefti və qazı ilə xalqını xoşbəxt edən Qətər dövlətinin bu gün bayramıdır, müstəqilliklərinin ildönümüdür. 1878-ci ilin 18 dekabr günü müstəqil Qətərin qurulduğu gündür. Qətər dövləti quruluşca monarxiyadır. Ərazisi tamamilə səhralıq olan Qətərdə neft və qaz pulları ilə əsl cənnət yaradılıb. Neft və qaz Qətəri Ümumi Daxili Məhsula görə dünyanın lider dövlətinə şevirib. Qətər adambaşına düşən gəlirə görə də dünya lideridir, bu rəqəm bizlərin yuxusuna belə girməyən həddədir – 88222 ABŞ dolları!!! Orada yerli əhali məmurları və biznes sahiblərini çıxmaq şərti ilə demək olar ki işləmir, neft və qazdan adambaşına hesablanan aylıq gəlirlə bəy balası kimi yaşayır, bütün qara işləri gəlmə qasrtobayterlər görürlər.

 

Əslində Qətər barədə çox danışmaq olar, amma qibtə və paxıllıqdan susmağa üstünlük verirəm.

 

 18 dekabr. Spilberqdən Stalinə qədər

 

Ruslarda “ZAQS” işçiləri, yəni kəbinkəsənlər günüdür. Moldovanlarda polis günü, anqolalılarda mədəniyyət festivalı günləridir. Britaniyalılar Milli Stilton pendiri gününü qeyd edəcəklər. Amerikalılar isə onların açığına Milli Peçenyebişirmə gününü qeyd edəcəklər, üstəlik, “Mən bal sevirəm” gününü qeyd edəcəklər, hələ üstəlik Milli qızartma çoşka gününü də qeyd edəcəklər.

 

Vyetnamlıların bu gün matəm günüdür, 1972-ci ildə ABŞ prezidenti Nikson Şimali Vyetnamın bombalanması əmrini verib, 1600 vətəndaş həlak olub; 1940-cı ildə 3-cü reyx məşhur Barbarossa planını təsdiqləyib; 1963-cü ilin bu günündə dünyaca məşhur Amerika aktyoru Bred Pitt dünyaya gəlib. Onunla eyni gündə ad gününü dünyaca məşhur Amerika rejissoru Stiven Spilberq də qeyd edir. Stiven Breddən 17 yaş böyükdür. 1921-ci ilin bu günündə komedik filmlərinə günü bu gün də sevə-sevə baxdığımız məşhur sovet aktyoru Yuri Nikulin doğulub. 1878-ci ilin 18 dekabrı isə dünyaya İosif Stalin adlı tarixin ən qəddar diktatorlarından birini bəxş edib.

 

18 dekabrda dünyadan köçənlərdən isə çex prezidenti, həm də dramaturqu Vaslav Qaveli (2011), island şairi, island himninin müəllifi Mattias Yokumsonu (1920) və dünyaşöhrətli İtaliya skripka ustası, 1200 skripka düzəltmiş Antonio Stradivarini (1737) göstərə bilərik.

 

19 dekabr. Ümumdünya kasıblara yardım günü

 

Statistikaya görə, 20-ci əsrin sonlarında planet əhalisinin dörddə biri – milyard yarım insan yoxsulluq, dilənçilik həddində olub. Yoxsulluğun ləğvi barədə proqramların genişmiqyaslı icrasına isə BMT 10 il əvvəl başlayıb. Yoxsulluq deyiləndə bura təkcə boş ciblər, boş qazanlar aid edilmir, işsizlik, mənzilsizlik, yaxşı təhsilə və müalicəyə imkanın olmaması da özündə yoxsulluğu ehtiva edir.

 

Azərbaycanda rəsmi statistikaya görə yoxsul adam demək olar ki yoxdur, hamı yağ-bal içində yaşayır. Təsadüfən, kiminsə beləsi rastına çıxsa, Allahın və BMT-nin xatirinə, lütfən bu gün ona yardım etsin.

 

19 dekabr. Böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevin 100 illiyi

 

Bu ad kimə tanış deyil ki? Hər gün Nizami metrosunda divarlardakı heyrətamiz mozaikalar gözünüzü oxşamırmı? Bax onlar Mikayı Abdullayevin əl işləridir. O, 1921-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. 1935-1939- cu illərdə Azərbaycan Rəssamlıq Texnikumunda görkəmli rəssam Əzim Əzimzadənin sinfində təhsil alıb. 1939-cu ildə ilk dəfə ənənəvi “Bahar” sərgisinə qatılıb, nümayiş olunan tabloları böyük rəğbətlə qarşılanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub, S.V.Gera­simov kimi görkəmli rəssamlardan dərs alıb. İlk fərdi sərgisi 36 yaşında, Moskvada keçirilib. 1957-ci ildə “Hindistan silsiləsi”nə və 1958-ci ildə yaratdığı “Sevinc” tablosuna görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. Yaradıcılığının ən məhsuldar dövrü 60-cı illərə təsadüf edir. 1974-cü ildə “Yeddi gözəl” silsiləsinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Rəssam dahi Nizamidən başlamış müasir şair və nasirlərimizə qədər bir çox sənətkarların portretlərini yaradıb, “Kitabi-Dədə Qorqud”, “Molla Nəsrəddin lətifələri”,  “Leyli və Məcnun”, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Şəbi hicran” əsərlərinə çəkdiyi illüstrasiyalarla Azərbaycan kitab qrafikası sənətinə böyük töhfələr verib. XX əsrin böyük cinayəti hesab etdiyi 20 Yanvar faciəsindən təsirlənən rəssam 1992-ci ildə “Nakamların dəfni” əsərini yaradıb.

 

Mikayıl Abdullayevin əsərləri Moskva, Berlin, Paris, London, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və Brüsselin sərgi salonlarında nümayiş etdirilib, o, müxtəlif fəxri adlara, təltif­lərə layiq görülüb. SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Rəssamlar İttifaqının katibi seçilib, 1971-ci ildə C.Nehru adına Beynəlxalq mükafat laureatı olub, sovetin müxtəlif orden, medal və fəxri fərmanlarına layiq görülüb. 1955-ci ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi”, 1963-cü ildə “Xalq rəssamı” fəxri adlarını alıb. 1997-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

 

2002-ci il avqust ayının 21-də Bakı şəhərində vəfat etmiş dahi rəssam Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun!

 

19 dekabr. Həmişəyaşıl bitkilər günü

 

Həmişəyaşıl bitkilər günüdürsə, nəzərə almalıyıq ki, ölkəmizdə həmişəyaşıl şam və küknar ağacları yetəri qədərdir. Yarpaq tökməyən sitrus bitkiləri də çoxdur. Xüsusən, subtropik cənub zonamız həmişəyaşıl bitkilər üçün vətəndir. Talış dağlarının qoynundakı Hirkan meşələri sözügedən bitkilərin ən unikallarını öz qoynunda bəsləməkdədir. Üstəlik, Azərbaycanda çox nadir Eldar şamı da yetişməkdədir. Odur ki, bu bayram bizlərə xüsusən düşərlidir.

 

Bakıda tez-tez ağacəkmə kampaniyası keçirilir, ən müxtəlif əlamətdar hadisələrə həsr edilən bu aksiyalarda minlərlə həmişəyaşıl ağac əkilir. Bu gün də bir aksiya keçirmək, düşünürəm ki, yerində olardı.

 

19 dekabr. Brejnev və “Titanik”

 

BMT bu günə daha bir bayram düzənləyib – Təminat günü. Bu günün məğzi odur ki, insan yaranışından bəri özünü bütün zəruri şeylərlə vaxtında təmin etməlidir. Qida, mənzil, istilik, tibbi ləvazimatlar, nəqliyyat və sair bu qəbildəndir. Burada informasiya təminatı da başlıca rol oynayır. Amerikalılarda isə başlıca məsələ ilin hər bir günündə mətbəx bayramlarına sevinməkdir, bu gün Milli şüşə konfet günüdür, üstəlik, Milli yulaf keksi günüdür.

 

1997-ci ilin bu günündə məşhur “Titanik” filmi ekranlara çıxıb, prokatın 25-ci günündə artıq öz büdcəsinə 200 milyon dollar toplamaqla rekorda imza atıb; 1941-ci ildə 15 yaşlı İngiltərə şahzadəsi Yelizaveta “Zoluşka” tamaşasında baş rol alaraq əsgərlər qarşısında çıxış edib, onları qələbəyə ruhlandırıb; 1917-ci ildə Monreal və Toronto arasındakı matçla Milli Hokkey Liqası fəaliyyətə başlayıb.

 

19 dekabrda dünyaya gələn tanınmışların siyahısına da bir nəzər salaq: 1969-cu ilin bu günündə əfsanəvi cazmen Vaqif Mustafazadənin yadigarı, tanınmış caz ifaçısı Əzizə Cəfərzadə; 1962-ci ildə detektiv romanları ilə ölkədə xeyli populyar olan yazıçı Elxan Elatlı, 1927-ci ildə  görkəmli ədəbiyyatşünas alim İmamverdi Əbilov, 1915-ci ildə dünyaşöhrətli fransız müğənni Edit Piaf; 1906-cı ildə “Şiroko şaqaet Azebidjan” deyərək Azərbaycanı faciələrə sürükləyən sovet rəhbəri Leonid Brejnev doğulublar.

 

19 dekabr. Dünyaşöhrətli energetik alimimizin yubileyi

 

19 dekabrda tanınmış azərbaycanlı alim Kamal Abdullayevin də 85 illiyidir. Yüksək minerallı və çirkab suların emalı və sənayedə istifadəsi, dəniz suyunun istilik elektrik stansiyalarında kompleks emalı kimi qiymətli tədqiqatlar müəllifi olan Kamal Abdullayev 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirib, 4 monoqrafiyanın və 300-dən artıq elmi əsərin, 20-dən artıq ixtiranın müəllifidir. O, 1981-ci ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın “Əlaçı fəxri energetik” adı, elmi nəticələrinə görə isə keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif olunub. 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə “M.Lomonosov” adına və “Y.Məmmədəliyev” adına medallara, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2010-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub. Kamal Abdullayevin adı Amerikada çap olunmuş “XX əsrin məşhur alimləri” ensiklopediyasına düşüb və eyni zamanda o, 2012-ci ildə ABŞ-ın Bioqrafiya İnstitutunun “Elmin açarı” mükafatına layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Kamal müəllimə cansağlığı və yüz yaş arzulayırıq.

 

19 dekabr. “Qara kvadrat”ın doğuluşu

 

Ən nəhayət, 1915-ci ilin 19 dekabrında ünlü rəssam, abstraksizmin bir qolu olan suprematizmin banisi Kazemir Maleviç Petroqradda 39 iş ortaya qoyub ki, bunlardan biri də məşhur “Qara kvadrat” olub. Bilirsinizmi, fitri istedadı olan bu Rusiyada yaşayan polyak rəssamı gənc ikən Moskva rəngkarlıq məktəbində oxumaq istəyib, onu “istedadsızsan” deyə ora qoymayıblar. Gedib işləyib, səfalət içində yaşayaraq rəsmlər çəkməkdə davam edib, inadla yenidən həmin məktəbin qapısını açıb, yenə də onu qəbul etməyiblər. Gedib teatrda dekorasiyalar çəkən, sərgilərə qatılan Kazemir tədricən rəssam kimi tanınıb, vaxt gəlib, “Qara kvadrat” rəsmini çəkərək dünyaca şöhrətlənib, varlanıb. Onun məşhur ikən sərgisinə bir vaxtlar məktəbə girməsinə imkan verməyən müəllimlər də gəlib təzim edərək əl çalıblar.

 

Baxın, həyat budur. Sən zəif ikən üstünə yeriyənlər sən güclənəndə qarşında təzim edirlər. Tanrı sizləri həmişə güclü etsin!