Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
IX Bakı Beynəlxalq Kitab Sərgisində 5 gün ərzində 220-dən çox tədbirin təşkili nəzərdə tutulur. Bu reklam anonsundan sonra paylaşacağım xəbərin məğzinə keçirəm.
Xəbər vermişdik ki, noyabrın 11-dən 15-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək. Sərgi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Noyabrın 7-də keçirilən mətbuat konfransında sərgi ilə bağlı tam məlumatları əldə etdik. Demək, sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır.
(Əlbəttə ki, bu seçim bir qədər tərəddüd doğurur. Ukraynaya silahlı təcavüzə görə bütün dünya ölkələri və əlaqədar qurumlar Rusiyanı tam boykot etdiyi bir dönəmdə Rusiyaya verilən bu avantaj tam əsaslandırılsa gözəl olardı. Və onu da əlavə edək ki, ötən il sərfinin fəxri qonaq ölkəsi qardaş Türkiyə idi)
Sərgi çərçivəsində fəxri yazarların və fəxri qonaq Coxa əl-Harsinin iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər təşkil olunacaq. Ümumilikdə 5 gün ərzində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Sərgidə Azərbaycanın Xalq yazıçıları, şairləri, tanınmış gənc yazarlar ilə yanaşı, məşhur xarici yazıçıların da iştirakı gözlənilir. Belə ki, sərgidə Türkiyədən İsgəndər Pala, Tayfun Atmaca, Yunus Şen, Nimet Yıldırım, Rusiyadan Dmitri Bak, Dmitri Danilov, Aleksey Salnikov, Anastasiya Strokina, Vera Boqdanova, Gürcüstandan 2021-ci il üzrə Buker mükafatının uzun siyahısına daxil olan Nana Ekvtimişvili və ingilis yazıçı Anne Tomson da iştirak edəcək. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində Azərbaycan nəşriyyatları tərəfindən kitablara 30-50 faiz endirim olunacaq.
Diqqətə çatdırılıb ki, ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək. Hər gün saat 10:00-dan 20:00-dək davam edəcək sərgiyə giriş ödənişsizdir.
“Caspian Event Organisers” MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə sərgidə ilk dəfə Qətərin də təmsil olunacağını bildirib. Qeyd edib ki, sərgidə üç təqdimat zonası fəaliyyət göstərəcək.
Qeyd edilib ki, 9-cu Beynəlxalq Kitab Sərgisinin ziyarətçilərini bir-birindən rəngarəng proqramlar, məşhur simalarla və müxtəlif ölkələrdən iştirak edəcək fəxri qonaqlarla görüşlər gözləyir.
Hamı dəvətlidir! Buyurun, gəlin!
“Ədəbiyyat və incəsənət”
(08.11.2023)