Xəzər Universitetində duyulan Kərkük qoxusu

 

Şəmsəddin Kuzəçi - bu ad sizə nə deyir? Ən azından kərkük bayatıları yadınızdadır, deyilmi? Bax bunlar bir canlı orqanizmin iki hissəsidir. 

“Ədəbiyyat və incəsənət” portalı Nəzakət Məmmədlinin Xəzər Universitetində gerçəkləşən Şəmsəddin Kuzəçi ilə görüş barədə yazısını təqdim edir. 

 

 

Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunda görkəmli Kərkük şairi, araşdırmaçı-yazar, ictimai xadim dr. Şəmsəddin Kuzəçi ilə görüş keçirdik. Görüşdə qocaman alim, Kərkükü və Kərkük ədəbiyyatını bizlərə tanıdan və sevdirən əməkdar elm xadimi, prof. Qəzənfər Paşayev, Hollandiya Kərkük diasporunun sədri Neşet Əhməd, dos. Şəlalə Ana, dos. Xatirə Yusifova, Şəhram Oromi, Xəzər universitetinin tələbələri və b. iştirak edirdilər. 

Öncə professor Qəzənfər Paşayev Kərkük ədəbiyyatı, folkloru haqda məlumat verdi. Sonra Şəmsəddin Kuzəçi taleyinə ağır sınaqlar düşən Kərkükün tarixindən və bü günündən, milli kimliyinə sahib çıxan Kərkük insanının qarşılaşdığı çətinliklərdən bəhs etdi.  "Xoyrat" adlanan Kərkük bayatılarından və öz şeirlərindən nümunələr söylədi. Canımızın bir parçası olan əziz Kərkükün, müqəddəs Kərbəlanın, Füzulinin, Hələbdə şəhid olan Nəsiminin, Kərkükdə uyuyan peyğəmbərlərin, övliyaların qoxusunu aldıq.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)