Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Məncə elmlər doktoru, professor, hətta akademik də olmaq mümkündür. Vaxtında yaxşı təhsil alıb yorulmadan elmlə məşğul olsan, bu adları qazana bilərsən. Amma “kişi adam” adını qazanmaq hər adamın hünəri deyil, oxumaqla, vəzifədən-vəzifəyə yüksəlməklə nail olmaq olmur. Gərək yaranışdan təyinatın buna olsun...
Deyir ki:- “Mənə elə gəlir, insan öz yaşını hiss eləmir. İnsan yaşını hiss eləsə, ona uyğunlaşsa, onun üçün çox çətin olar. Yəqin bu, həyat enerjisiylə, ətraf mühitlə bağlı bir məsələdir. Bunu bioloji baxımdan izah etmək çətindir, çünki insanın yaşlanmağı, qan damarlarının vəziyyəti, beynin iş qabiliyyəti, insanın özünün fiziki göstəriciləri yaşda əks olunur. Amma insanı cavan saxlayan və gənc göstərən onun ruhu, düşüncəsidir. Stalinə sual verirlər ki, insan nə vaxt yaşlanır, deyir, zamanı hiss eləməyəndə. Mənim də işim elə gətirib ki, televiziya həyatı, pedaqoji fəaliyyətim, jurnalistika mühiti, istər-istəməz onun özünün dinamizmi həyatıma təsir eləyir. Görünür, xarakter də burda rol oynayır. Amma ən əsası ruhun vəziyyəti ilə bağlıdır. İnsan içində ölübsə, istəyir 30 yaşı olsun, istəyir 50, əlbəttə ki, ölüvay görünəcək...”
Noyabrın 2-də altmış doqquz yaşın kürəyini yerə vuracaq, fəqət çevikliyini hələ də itirməyib. Oturaq həyat keçirmək, süstlük, hərəkətsiz yaşamaq ruhuna zidd əlamətlərdəndir. Necə deyərlər, burdan vurub, ordan çıxır. Pedaqoji fəaliyyəti ilə yanaşı, dostların xeyir-şərində, mədəni kütləvi tədbirlərdə, televiziya ekranlarında onu tez-tez görmək olur. Nəvələrinin əksəriyyəti xarici ölkələrdə təhsil alır. Bir də görürsən ki, onların diplomalma mərasimlərində iştirak edib, sosial şəbəkələrdə şəkil paylaşır. Sevincini dostları ilə bölüşməyə tələsir. Bütün bu hərəkətlərin hamısı adamdan böyük enerji tələb edir. Enerjinin mənbəyi isə təkcə düzgün qidalanmaqda deyil, gərək niyətin saf, qəlbin təmiz, ruhun sağlam olsun...
“Adam ictimailəşibsə, müəyyən çərçivəni qəbul etməlidir. Hardasa şüuraltı yaşın ölçüləriylə hesablaşmalısan. Qadağalar olmalıdır, bu, təbiidir. Önəmli olan özün üçün belə sərhədlər qoymamağındır. Mən etik məsələləri nəzərdə tutmuram. Əlbəttə, bu yaşda şortik geyinib hər hansı bir məclisdə görünsən, sənə başqa cür baxacaqlar. Təbii ki, yaşadığın cəmiyyətin qaydalarını nəzərə almalısan. Eyni zamanda onu əsas gətirib bütün hərəkətlərinə məhdudiyyət qoymaq da olmaz. Deməlisən də, gülməlisən də, məclislərdə də olmalısan. Özünə uyğun çevrən olmalıdır. Xoşbəxtlikdən məndə həmişə belə bir çevrə olub. İkincisi, çox vaxt gənclərin əhatəsindəyəm. Onlarla çox vaxt ruhi vəziyyətimiz uyğun gəlir. Dərsdə tələbələrləyəm, onların ritmiylə müzakirələr aparıram. Mentaliteti də, yaşı da, qadağaları da nəzərə almalısan. Amma əsas odur ki, bütün bu qadağaların içində həm də ruhunu diri saxlayasan. Bu, çətindir, amma mən nə dediyimi yaxşı bilirəm...”- söyləyir.
Ailəsi çox da böyük deyi. İki qızı var, onlar da ailə qurublar. Ömür-gün dostu Zemfira xanım Məhərrəmli ilə tələbə yoldaşı olublar. O da media adamıdır. Bədii yaradıcılıqla aktiv məşğul olur. Bir sıra kitabların müəllifidir...
Zəngin və parlaq uşaqlığı olub. Zəngilanda doğulsa da 5 yaşında atası rəhmətə getdiyindən onu Şuşada internat məktəbinə qoyublar. İnternat məktəbdə oxumağı xarakterinə, həyatına çox ciddi təsir edib. Kollektiv mənafeni, sözün yerini, yaxşılığı, şərə qarşı dayanmağı, zəifin tərəfini saxlamağı, zalıma qarşı çıxmağı orada öyrənib. Hətta bəzi yazılmamış qanun və qaydaları da burada mənimsəyib. Məsələn, hər gördüyün şeyi demək olmaz, oğurluq eləmək kişilikdən deyil, döyülənə kömək etməlisən və s..
Deyir ki,- “Bir dəfə başqa rayonlardan bizim oxuduğumuz məktəbdəki pioner düşərgəsinə uşaqlar gəlmişdi. Özləriylə ərzaq gətirmişdilər, biz tər tökə-tökə o ərzağı boşaltdıq. Beş nəfəriydik, bizi sıraya düzüb üstümüzü axtardılar. Yəni birdən biz ordan konfet, peçenye götürmüş olarıq. Sarsılmışdıq bu hərəkətdən. Gedib müəllimimizə dedik ki, biz bu anbarı dağıtmalıyıq, çünki təhqir olunmuşuq. Heysiyyətimizi tapdalayanları cəzalandırmalıyıq. Müəllim nəsihət verdi, sonra dedi ki, necə istəyirsiniz eləyin. Orda elə həngamə qopardıq ki, bizdən üzr istədilər. Anladılar ki, heç bir uşağın heysiyyətini tapdalamaq olmaz. İnsan özünün ləyaqətini qorumursa, o, çox yararsız adamdır. Haqsızlığa qarşı çıxmaq lazımdır...”
Müstəqil yaşamağı uşaqlıq illərindən öyrənib. Qoçaq və dalaşqan olub. Təsəvvür edin ki, 5-ci, 6-cı siniflərdə oxuyanda İsa bulağına gedib pul qazanırdı. Çör-çöp yığaraq orada kabab bişirmək istəyən adamlara satırdı. Tələbəliyi də pis keçməyib. Yaşadığı yataqxanada müxtəlif ziyafətlərdə içib də, dava da salıb, şənlənib də. Döyüldüyü də az olmayıb, amma heç vaxt kimlərinsə təsiri altına düşməyib, sarsılmaz iradəsi var...
Bəli, haqqında söhbət açdığım professor Qulu Məhərrəmlinin sərt, amansız qaydalar altında böyüməsi onun həyatında mühüm rol oynayıb. Ona görə də mərd, döyüşkən, cəsur, dinamik adamdır. Bəlkə də çoxunuz bu faktları bilmirdiniz, ad günü ərəfəsində yadıma düşdü və sizinlə bölüşmək istədim. Xalq artisti, rəhmətlik Fuad Poladov isə onun haqqında belə söyləyib: “Qulu Məhərrəmli mənim üçün böyük mənəvi gücü olan, bizim reallıqda istedadla şəxsiyyəti birləşdirə bilmiş çox az ləyaqətli adamlardan biridir”...
Təbrik edirik, Qulu müəllim! 70 illik yubileyinizdə görüşənədək...
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)