“Bir direktor, bir şagird” Qusarın 4 nömrəli məktəbində Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Portalımızın “Bir direktor, bir şagird” rubrikası növbəti bir ayda Qusarın 4 nömrəli məktəbində qonaq olacaq. Məktəbin direktoru Elmira Bayramovanın ilk təqdim etdiyi şagird  Leyla Rəsulovadır. 

 

Direktor:

 

Qusar şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elmira Bayramovadır. O, 16.07.1962-ci ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. İlk pedaqoji fəaliyyətinə 1981-ci ildə Sabirabad rayonu Balakən kənd məktəbində rus dilini tədris etməklə başlayıb. Pedaqoji fəaliyyətini  1986-ci ildən Qusar şəhər 2 saylı tam orta məktəbində, 1992-ci ildən isə Qusar şəhər 6 saylı tam orta məktəbində davam etdirib. 1998-ci ildən birinci sinfə ilk dəfə qədəm qoyduğu Qusar şəhər 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq çalışmağa başlayıb. 2010-cu ildən etibarən isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 

Müəllim və şagirdlərin böyük hörmətlə yanaşdığı Elmira Bayramova direktor işlədiyi bu müddət ərzində bir sıra dövlət orqanları və təşkilatlar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.

 

Şagird:

 

Mən, Rəsulova Leyla Nazir qızı 5 iyun 2008-ci ildə Qusar şəhərində anadan olmuşam. Hal-hazırda Qusar şəhər 4 nömrəli tam məktəbin 10-cu sinfində oxuyuram.

Arzum ali təhsil almaq, insan hüquqlarını qoruyan hüquqşünas olmaqdır.

Ədəbiyyatla məşğul olmağı- şeirlər, hekayələr yazmağı çox sevirəm. Yazdığım şeir və məqalələrin əsas mövzusunu  vətənpərvərlik və zəfər mövzusu təşkil edir. Sizə isə bir Şəhid yazımı təqdim edirəm. 

 

Vətən sağ olsun!

 

Şəhid Orxan İsmayılova ithaf

 

8 Noyabr 2020-ci il Zəfər tarixini yazdığımız həmin o gün. Bayırda izdiham, səs-küy var idi. Vətənpərvər mahnılar oxuyaraq gəzən gənclər, qələbə sevinci ilə yollara axışan insanların səsi biri-birinə qarışmışdı. Hamı gülür, qürurlanır, Zəfərin sevincini bölüşürdü, Qədim kişi isə sanki bütün bunları duymur, eşitmirdi. Elə bil qəlbindəki sükut bütün otağa yansımışdı. Əlində isə 32 gün əvvəl torpağa tapşırdığı şəhid oğlu Orxanın şəkli vardı. Bəlkə də, saatlar idi ki, gözləri bu şəklə dalmışdı. Şəklə baxanda qürur duyurdu əslində. Axı onun oğlu Qarabağın, doğma diyarımız Füzulinin azadlığı uğrunda canını vermişdi. Axı onun oğlu bayırdakı qələbənin səbəbkarlarından biri idi. Amma bu qürurla yanaşı, dərin bir boşluq da vardı içində. Oğlunun gözlərinə baxanda orada sanki, oğlundan yadigar qalan 2 nəvəsini görürdü. Daha dünyanı belə dərk etməyən bu balacalar ata sevgisinə həsrət qalaraq böyüyəcəkdilər. Əlbəttə, onların atası bir qəhrəmandır, onlar qürur duyacaqlar öz ataları ilə. Lakin həmişə, hər zaman ehtiyac duyacaqlar ona. 

Bu düşüncələr içərisində dalıb gedən Qədim kişi isə sadəcə bir söz deyə bilirdi: "Vətən sağ olsun".

        Vətənin uğrunda canını verən,

       "Vətənim sağ olsun "deyərək ölən,

        Ən uca zirvəyə layiq görülən,

        Şəhidlər əbədi cənnətə gedər!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)