Bu gün "Füyuzat" jurnalının ilk sayının nəşrindən 117 il ötür Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Noyabr ayının 1-i milli mətbuat və eləcə də milli məfkurə tariximizdə çox əhəmiyyətli və əlamətdar bir gündür.

Belə ki, 1 noyabr 1906-cı ildə mətbuat və ictimai fikir tariximizdə mühüm və özünəməxsus yeri olan "Füyuzat" jurnalının ilk sayı işıq üzü görmüşdür.

Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" jurnalı öz ətrafına Məmməd Əmin Rəsulzadə, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamışdır.

Lakin  jurnalın sadəcə  32 sayı işıq üzü görmüşdür.  1907-ci ildə milli və mütərəqqi fikir və ideyalar təbliğ etdiyindən dolayı çar höküməti tərəfindən jurnalın fəaliyyəti dayandırılmışdır.

1907- ci ilin 1 noyabrına qədər davam etmiş və bu müddət ərzində 32 nömrəsi çıxmış jurnal  32-ci yəni son nömrəsində "Pərdə eniyor" adlı son məqaləsi ilə oxucularına "əlvida!" demişdir.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə jurnalı bərpa etmiş və tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən  çap etdirməyə başlamışdır.

2021-ci ilin mart ayından etibarən isə  jurnalın baş redaktoru Mübariz Yunusdur. 

 

Dünya tarixində isə noyabr ayının ilk günü çox böyük bir təbii fəlakətlə, Lissabon zəlzələsi ilə yadda qalıb.

1 noyabr 1755-ci ildə Lissabonda 7 dəqiqəyə qədər davam edən güclü yeraltı təkanlarla başlayan fəlakət 20 metrə yaxın hündürlüyə çatan sunamiylə davam edərək daha sonra 5 gün davam edən güclü yanğınlarla sonlanır.

Və nəticədə  Portoqaliyanın paytaxtı və dövrün ən böyük şəhərlərindən biri olan Lissabon maddi və mənəvi çox böyük ziyana uğrayır.

Fəlakət zamanı 275 000 əhalisi olan şəhərin 100 000-ə yaxın sakini tələf olmuşdur. 

Dövrün memarlıq abidələri daxil olmaqla tikililərin demək olar 85%-dən çoxu dağılmış, elmi əhəmiyyətli və eləcə də incəsənət əsərləri ilə bərabər Lissabon kitabxansı da məhv olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)