Bişkekdə Türk İrsi Mərkəzi yaradılıb

Bişkekdə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universitetində (KNU) Türk İrsi Mərkəzi yaradılıb.

 

AzərTAC Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, mərkəzin rəhbəri Kayrat Osmonəliyevin sözlərinə görə, qurum dünyanın müxtəlif ölkələrində şöbələri olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun (IFCTH) himayəsi altında fəaliyyət göstərəcək.

 

Mərkəz türk xalqlarının arxeologiyası, tarixi, etnoqrafiyası, folkloru, dilləri və ədəbiyyatı sahəsində fundamental tədqiqatlar aparacaq.

 

Osmonəliyev qeyd edib ki, bu fəaliyyət təkcə nəzəri tədqiqatlardan ibarət olmayacaq, həmçinin tarix-mədəniyyət obyektlərinin və qeyri-maddi irs abidələrinin öyrənilməsi və qorunmasına yönəlmiş proqramların dəstəklənməsi nəzərdə tutulur.

 

Kayrat Osmonəliyev xatırladıb ki, 2022-2023-cü illərdə Qırğızıstanın Azərbaycandakı səfirliyi mərkəzi ofisi Bakıda olan Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondu ilə Yusif Balasaqunlu adına Qırğızıstan Milli Universiteti arasında tərəfdaşlıq əlaqələrinin yaradılması məsələsi üzərində iş aparıb. O əlavə edib: “Nəticədə əməkdaşlığa dair Memorandum imzalanıb və sentyabrın əvvəlində universitetin Elmi Şurasının qərarı ilə Türk İrsi Mərkəzi yaradılıb. Yaxın vaxtlarda IFCT-dən qrant alınması gözlənilir. Mənə bu mərkəzə rəhbərlik etməyi təklif ediblər”.

 

O, mərkəzin fəaliyyətinin türk xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə, adət-ənənələrin öyrənilməsinə və dostluq tellərinin möhkəmləndirilməsinə yönəldiyini diqqətə çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.