Azərbaycan ilə Türkiyə arasında muzey işi və arxeologiya sahələrində birgə layihələr müzakirə edilib

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyinin müdiri Yusuf Kıraç ilə görüşərək, muzey işi və arxeologiya sahələrində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib. 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, muzeydə keçirilmiş görüş zamanı arxeologiya sahəsində Türkiyənin qədim və zəngin muzeyi olan Anadolu Mədəniyyətləri Muzeyi ilə Azərbaycanın aparıcı muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsi müzakirə edilib. Anadolu Mədəniyyətləri Muzeyində Azərbaycan və Türkiyə alimlərinin, tədqiqatçılarının birgə görüşünün keçirilməsi, arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim mədəniyyət nümunələrinin təqdimatı, birgə elmi konfransın keçirilməsi, mədəniyyət sahəsi üzrə elmi mübadilə proqramlarının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Samir Abbasov Azərbaycanda son illər aparılan arxeoloji qazıntılar zamanı çoxlu maddi-mədəniyyət nümunələrinin aşkar edildiyini, ölkəmizin ərazisinin qədim insan yaşayış məskənlərinin, Kür-Araz, Xocalı-Gədəbəy və b. mədəniyyətlərin beşiyi olduğunu söyləyib. 

Tərəflər iki ölkə muzey rəhbərlərinin qarşılıqlı səfərləri, Türkiyədə muzey fondlarının reyestri, onların tədqiqi sahəsində yeni yaradılmış onlayn Muzey Milli İnventar Sisteminə (MUES) Azərbaycan, Türk dövlətləri, İpək yolu üzrə dövlətlərin muzeylərinin qoşulmasına dair fikir mübadiləsi aparıb, Azərbaycan muzeylərinin sözügedən sistemə qoşulmasına dair təkliflər dəyərləndirilib, bu sahədə birgə iş aparılması müzakirə olunub. 

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış MUES sisteminin əsas məqsədi bütün muzeylərdə olan əsərlər haqqında ətraflı məlumatların saxlanılacağı milli məlumat bankının yaradılmasıdır. 

Hər il yüz minlərlə turistin ziyarət etdiyi nüfuzlu Anadolu Mədəniyyətləri Muzeyində Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin, təqdimatların keçirilməsi razılaşdırılıb və muzey ziyarət olunub. Anadolu Mədəniyyətlər Muzeyində müxtəlif bölmələr, Türkiyə ərazisində arxeologiya sahəsində aparılan qazıntı və tədqiqatlar nəticəsində aşkar olunmuş eksponatlar, Anadolu ərazisindəki mədəniyyətlərə dair abidələrə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.