Makedoniyanın Kalkandələn şəhəri və Kalkandələnli Müəyyidi adlı şair ilə tanışlıq Featured

Şahin Muradi (Makedoniya), “Ədəbiyyat və incəsənət” üçün 

 

 

Kalkandələn (Qalxandələn) Quzey Makedoniyanın quzey-batısında olan şəhərlərdən biridir. “Şar” dağlarının ətəklərində qurulub və “Pena” çayının qırağındadır.

 

İqlim baxımından quru havası var. Yaz aylarında nəmişlik və isti havası olur. Kalkandələn şəhəri tarix baxımından qidmətlidir və onun yaxınlarında olan “Bal Təpə” bu sözümüzü sübut edir. Tarix boyu Bizans, Hunlar və Osmanlılar imperiyasının torpaqlarına qatılmışdır. Miladi tarixlə 1568 ilində 108 məsihi ailə və 330 müsəlman ailə Kalkandələn şəhərində yaşamışdır.

İndi isə yüz min nəfərlik cəmiyyəti var və üçdən ikisini müsəlman Türklər təşkil edir. Osmanlı imperiyası dövründə Kalkandələn, önəmli bir ticarət mərkəzi kimi, əkinçilik və ev sənayesi və əl işləri baxımından da böyük rol oynamışdır.

Balkanlardakı “Bəktaşı dərgahları”nın ən önəmlilərindən olan “Xərabati baba təkyəsi” 1538 ilində (milad tarixilə) bu şəhərdə qurulmuşdur. Osmanlı imperiyasından sonra, Kalkandələnlilərin durumları ağırlaşır. Onlar xırdalı-böyüklü bir çox savaş və müharibədən sonra “Sirp”, “Xirvat” və “Sloven” krallığını hakimiyətinə tabe olmuşdurlar. Bu hakimiyyət, 1943-cü ilə qədər davam etmişdir. Bu ildən o yana federal-sosialist Yuqoslaviya hakimiyyətinə daxil olmuşdur. 1991-ci ildən yəni Yuqoslaviyanın dağılmasından sonra, Kalkandələn Quzey Makedoniya cümhuriyyətinə tabe olmuşdur. İndilikdə iki universitetləri var. Hər ikisi də “Konya” universiteti ilə qardaşlıq ilqarı bağlayıb və ilgilərini saxlamışlar.

Əslində bu şəhərə fikrimi çəkən, “Kalkandələnli Müəyyidi” adlı bir şair olmuşdur. Bu şair ikinci Bayəzid dövründə yaşamışdır. Qanuni Süleyman dövründə Məkkə səfərinə getdikdən sonra, Misr ölkəsində iqamət edib və orda Xəzinədarlıq ilə gün keçirtmişdir.

Şeirlərindən örnək olaraq gətirərək:

 

Məclisi vəslində məhrum etmə camı büsədən,

Billah ey məh ruzəyə döndərmə bayramım mənim!

 

Billah ey müfti nə dersən bu namazın haqqına,

Gözlərim mehraba nazir, könlüm ol əbrudadır!

 

Vəchi var məsciddə gözlərsəm qaşın mehrabını,

Durmayınca qibləyə qarşı dürüst olmaz namaz.

 

*

 

Aldı əqlim ey pəri zülfi gereh-girin sənin,

Vəh ki, mən miskini məcnun etdi zəncirin sənin.

 

Bu şairdən neçə əsər əldədir.

1. Divan: Bilinən tək nüsxəsi Fransanın milli kitabxanasında saxlanılır. Türkiyə ölkəsində 2012-ci ildə çap olunmuşdur.

2. Xəmsə: Bu şairin xəmsəsi də var: Xosrov və Şirin, Vamiq və Əzra, Şam və kəpənək, Gül və Novruz. Lətifi yazdığı kimi dörd əsərinin adı bəllidir və bir əsərinin adını bilməyirlər. Ancaq indilikdə təkcə şam və kəpənəyi İstanbulun universitetinin kitabxanasında əldədir və təəssüflə o birisilər ya aradan gedib və ya elm əhlinə gizlidir. Şam və kəpənək əsəri 2009-cu il Türkiyədə çap olmuşdur.

3. Mifatih-ülTəşbih: Təşbih sənəti haqqında bilgi verən bir risalədir. Əsər mühtəviyyat dəyərindən ziyadə bizdə bəlağətə görə yazılan ən əski kitablardan biri olması baxımından önəmlidir. 1988-ci il bu kitab Türkiyədə çap olmuşdur. Mürəbbə, müsəddəs, müəşşər, təxmis və təsdisləri doğrudan da gözəldir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.