Türk Mədəniyyəti və İrsi Fondunun 28 May Müstəqillik Gününə 3 töhfəsi Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycan növbəti müstəqillik gününü qeyd etdi. Özü də ilk dəfə ərazi bütövlüyü tam təmin edilmiş şəkildə.

Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondunun 3 töhfəsi oldu. Söhbətimiz bu töhfələr barədədir.

 

“Qarabağın cizgiləri” adlı sərgi

 

Mayın 27-də Fond tərəfindən Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin yaradıcısı, dizayner Gülnarə Xəlilovanın hazırladığı, üzərində Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərin portretlərinin işləndiyi ipək yaylıqlardan ibarət “Qarabağın cizgiləri” adlı sərgi açıldı.

 

 

 

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova (qapaq fotosunda) Fondun bu layihəsinin 28 May - Müstəqillik Gününə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, həmçinin bu layihələr Azərbaycanın tarixinin, mədəni irsinin, milli dəyərlərinin yaşadılmasına töhfə verəcək.

Gülnarə Xəlilova isə çıxışında “Qarabağ cizgiləri”nin yaranma ideyasından, onu bu işə kökləyən səbəblərdən danışdı. 

 

“Şuşanın tək incisi” sənədli filminin nümayişi

 

Sonra Türk Fondu tərəfindən hazırlanmış XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana həsr olunmuş “Şuşanın tək incisi” adlı sənədli film nümayiş edildi. 

 

 

Sənədli film Fond tərəfindən Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunması və Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar 2023-cü ildə hazırlanıb, dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Filmin ideya müəllifi, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyeva, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu rejissoru Zəhra Quliyevadır.

 

“Turan” etno-folklor ansamblının konserti 

 

Mayın 28-də isə Beynəlxalq Muğam Mərkəzində türk mədəniyyətinin brendi sayılan Qazaxıstanın “Turan” etno-folklor ansamblının konserti təşkil edildi. 

 

Könsertdən öncə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan dilində çıxış edərək iki gün ərzində təqdim edilən hər üç layihə barədə söz açdı, Azərbaycan xalqını bu böyük bayram münasibətilə təbrik etdi. 

Yeri gəlmişkən, xanım Raimkulova tanınmış bəstəkardır, “Turan” ansamblının bir ifası da məhz onun bəstəsi oldu.

“Turan” qazax, türk, Azərbaycan, yakut, qırğız və türkmən musiqilərindən ibarət gözəl bir çələng təqdim etdi və bol tamaşaçı alqışı qazandı. 

Hər üç tədbirə ölkəmizin tanınmış mədəniyyət və ictimaiyyət xadimləri, ölkəmizdəki türkdilli dövlətlərin səfirliklərinin, təşkilatlarının nümayəndələri dəvət almışdılar. Təbii ki, tədbirlərin yüksək təşkilatçılığı hamı tərəfindən bəyənildi. 

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.