Yazıçılarımız hazırda nə yazırlar?

 

Yay fəsli əksərən yaradıcı şəxslər üçün də istirahət ayları hesab edilir. Bəs bu doğurdandamı belədir? Yazarlarımız hal-hazırda nə yazırlar? Hansı əsər üzərində işləyirlər? Yaradıcılıqlarında nə yeniliklər var?

Ednews bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Mətni Aynurə İsmayıl hazırlaylb. 

 

Xalq şairi Sabir Rüstəmxanlı:

"Bir xatirə kitabımı bitirib çapa verdim. Seçilmiş əsərlərimin 10-cu cildi çıxıb, 11 və 12-ci cildləri hazırlayıram. Ara-sıra şeir yazıram və bu dünyanın gedişatı haqqında düşünürəm".

 

Həmid Herisçi:

“Rusca şerlər yazmağa başladım bu il. Möcüzə idi sanki. Çox gözəl, bənzərsiz şerlər qələmə aldım. Nümunələrini çap edə bilərsiz. Yeni hekayələr kitabını yazıram. Həcimcə böyük, kiçik ölçüdədi bu hekayələr. "Tabutunu yonacaq rəndə" adlı romanımın 4 hissəsini yazmışam. Bu il bir neçə TV layihəsi yaratdım. Fərqli mövzular ətrafında. Hamısı ədəbi-fəlsəfi məzmunludu”.

 

Rasim Qaraca:

“Əsərlərim oxunmur. Nə yazdığım kimsə üçün maraqlı deyil. Buna görə də yaradıcılığım haqqında məlumat verməyi mənasız sayıram. Bu sualı əsərləri çox satılan və sevilən yazarlara versəniz yaxşı olar”.

 

Varis:

“Hal-hazırda “Qar yağmasın” adlı hekayə üzərində işləyirəm. Yəqin ki, üzümüzə gələn həftə “Ədəbiyyat qəzeti”ndə hekayə ilə tanış ola biləcəksiniz. 

Romana da yox, epopeyaya sığan bir mövzunu kiçik hekayəyə sığdırıram. 

Mən yaradıcılığa məhz hekayələrlə başlamışam, tələbəlik illərimdə Xalq Yazıçısı İsmayıl Şıxlı ilk qələm təcrübələrimlə tanış olanda onları o qədər bəyənib ki, “Ulduz” jurnalında dərc etdirib. 

Hekayə nəsr binasının özülü, romansa binanın özüdür. İkinci əsasdırsa da, birincisiz o, mövcud ola bilməz. 

İndi gənc yazarlarda bir romana meyillilik müşahidə olunur. Amma hekayə məktəbi keçməyən yaxşı romançı ola bilməz, bu aksiomdur.

Yaradıcılığımdakı yeniliklərlə bağlı isə bir onu deyə bilərəm ki, çoxlu dayanacağı olan uzun bir yola çıxmışam, ilk dayanacağa çatanda xəbər tutacaqsınız".

 

Cəlil Cavanşir:

“Hal-hazırda ssenari üzərində işləyirəm. Nə zamana bitəcəyini bilmirəm. Yekunlaşdıra bilsəm yaradıcılığım üçün yenilik olacaq”.

 

Alpay Azər:

"Məhkəməsiz" adlı hekayə yazıram, maraqlı, kəskin süjetli bir mətn ortaya qoymaq istəyirəm. Eyni zamanda 4 hekayəmi redaktə edirəm. Yaxın zamanlarda "Ulduz" və "Azərbaycan" jurnallarında, kulis.az saytında povest və hekayələrim çıxacaq, buna yəqin ki, yenilik demək olar”.

 

Sevinc Elsevər:

“Yay boyu uşaq romanlarımı yenidən redaktə elədim. Dörd uşaq romanım var. Onlardan biri hələ heç çap olunmayıb. Yaxın zamanda Xan nəşriyyatında çap olunacaq. Digər üç romanı da müəllif redaktəsindən keçirtdim. Şeir kitabımı hazırlamışam. 2018-ci ildən bəri yazdığım şeirləri toplamışam. Son beş ilin şeirlərini. Ancaq onun çapı hələ sual altındadır. Təəssüf ki, şeirə yaxın durmur artıq heç kim. Və kino ilə bağlı bir kitab üzərində işləyirəm bir ildir, artıq tamamlamaq üzrəyəm. "Kinomuzda məşhur qadın obrazları" adlanacaq kitab demək olar bitib. Son işləri görürəm. Bir neçə xırda hekayə yazmışam”.

 

Oğuz Ayvaz:

“Yay aylarında yaradıcılığımda bir durğunluq yaşayıram. Ruhum təbiətə qarışmaq, düşüncələrim azad olmaq istəyir. Hərdən dəli şeytan deyir, qəfil heç kəsə heç nə demədən şəhərdən başını götür qaç. Mövcud reallıq isə məni yaradıcılığımdan uzaq salır. Yeni iki hekayə yazmışam. Onların redaktəsi ilə məşğulam. İşdən vaxt tapdıqca hekayələrim üzərində işləyirəm. Hiss edirəm ki, yaradıcılığımda yeni mərhələ başlayır. 3 kitablıq mətnlərim var. Bir roman, bədii esselər və hekayələr. Amma isti, tıxaclar, jurnalistika işi məni olduqca yorur”.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.