MÜTALİƏ MƏDƏNİYYƏTİ – 31.Gənclər heçmi kitab oxumur? Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

31.

GƏNCLƏR HEÇMİ KİTAB OXUMUR?

 

 "Gənclər kitab oxumur!", "Hazırda mütaliə mədəniyyəti aşağı səviyyədədir!". Azərbaycan cəmiyyətində bu cür bəyanatlar tez-tez səsləndirilir. Dərhal qeyd edək ki, bu bəyanatlar əsassızdır. Düzdür, ölkədə kitaba maraq əvvəlki illərlə münasibətdə xeyli azalıb, bunun səbəbləri barədə öncəki söhbətlərimizdə diskussiyalar aparmışıq. Amma “gənclər kitab oxumur” deyə bilmərik. Belə ki, ölkənin orta statistik oxucusu tələbə gəncdir. Bəli, kitab nəşri və satışı ilə məşğul olan şirkətlərdən aldığımız məlumatlara görə, bu gün kitab oxuyanların böyük əksəriyyəti elə gənclərdir. Amma sözsüz ki, bu, nəinki yetərli, heç orta səviyyədə də deyil. Ona görə də ölkədə mütaliə mədəniyyətinin yüksəldilməsinə böyük ehtiyac var. Bəs necə edək ki, Azərbaycan vətəndaşı özünü kitabsız təsəvvür edə bilməsin? Hansı tədbirləri həyata keçirək ki, insanlar üçün kitab oxumaq əvəzolunmaz vərdişə çevrilsin?

Sözügedən məsələ ətrafında ölkəmizdə kitabların sevdirilməsi üçün müstəsna işlər görən çəxslərin fikirlərinə diqqət edək. Ölkə KİV-lərinə verilən, yaxud sosial mediada yayımlanan bu açıqlamalar, düşünürük ki, real mənzərəni görməkdə yardımçı olacaqlar.

 "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirir ki, onların kitab stendlərinin ətrafında çoxlu adamlar olur və bunların da əksəriyyətini gənclər təşkil edir: "Müşahidəyə görə, stendə yaxınlaşan 10 nəfərdən 9-u gəncdir. Biri isə nisbətən yaşlı nəslin nümayəndəsi olur. Bu mənada hesab edirəm ki, son illər kitaba maraq xüsusən də gənclər arasında xeyli dərəcədə artıb. Əlbəttə, mütaliə etmək birbaşa olaraq təhsil mədəniyyəti ilə bağlıdır. Təhsil yoxdursa, onda kitaba da məhəbbət olmayacaq. Düşünürəm ki, oxumağın artması onunla əlaqədardır ki, son illər Azərbaycandan xaricə təhsil almağa gedirlər və onlar qayıdandan sonra öz dillərində kitab oxuyurlar. Və yaxud da üçüncü sektorun, nəşriyyatların kitabı təbliğ etmələri kitaba da münasibəti dəyişir".  

Ölkədə mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə gəldikdə isə Ş.Xuduoğlu bildirir ki, heç bir uşaq özbaşına kitab oxumaz: "Gərək uşağa məcburən hərfləri öyrədəsən, yazı yazmaq üçün əlindən tutasan. Əks halda o heç vaxt öyrənməyəcək. Mindən və ya on mindən bir uşaq özü yazmağa, öyrənməyə həvəslə təşəbbüs göstərəcək. Ədəbiyyat daim oxunmalıdır. Bütün inkişaf etmiş ölkələrdə də belədir. Ancaq təəssüflər olsun ki, bizdə belə deyil. Bizə elə gəlir ki, yalnız təhsili olan kitab oxumalıdır. Amma bu, səhv fikirdir. Təhsili olmayan da kitab oxumalıdır. Mütaliə etmək bir mədəniyyətdir. Bu mədəniyyətə də sahiblənmək lazımdır. Təbii ki, bu da öyrənilməlidir, təbliğ olunmalıdır. Əgər bir insan hansısa işində nailiyyət qazanırsa, bu, yalnız onun oxuduğu kitablar və aldığı təhsillə bağlıdır. Təhsil olmadan, kitab oxumadan nailiyyət əldə etmək mümkün deyil. İnkişafın yeganə yolu təhsildir, oxumaqdır. Başqa bir yol isə yoxdur".

Milli Kitab Mükafatının təsisçisi, "Əli və Nino" kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli də hesab edir ki, son zamanlar kitab oxuyanların sayı artıb. Onun sözlərinə görə, bu artım gənclər arasında daha yüksəkdir: "Bizim təcrübəmizdən də bəlli olur ki, hazırda elə məhz gənclər kitab oxuyur. Bu da qürurvericidir. Biz görürük ki, son illərdə kitab alınması və oxunması istiqamətində böyük irəliləyişlər var. Gənclərimiz daha çox oxumağa başlayıblar. Hazırda oxucularımız daha çox xarici müəlliflərin əsərlərini oxuyurlar. Görünür, həmin müəlliflərə böyük etibar və ehtiyac var. Ümid edirəm ki, yerli yazıçılarımızın əsərləri daha çox oxunacaq və onların kitablarının tirajları çoxalacaq".

 

Növbəti: 32.ANAİB-in müstəsna fəaliyyəti

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.