Azərbaycan Ədəbiyyat Fondu Çağdaş Azərbaycan ədəbiyyatı antologiyasını təqdim etdi Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçirilir. Ötən gün sərginin təntənəli açılış mərasimi oldu. 

 

Sərgidə maraqla gözlənilən tədbirlərindən biri saat 16-da “Yaşıl zona” təqdimat zonasında baş tutdu. Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimi keçirildi. 

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varisin moderatorluğu ilə baş tutan tədbirdə öncə kitab barədə məlumat verildi. Qeyd edildi ki, bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir.

Varisdən sonra çıxış edən Xalq yazıçısı Elmira Axundova antologiyaya daxil edilən əsəri - “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” barədə danışdı. Xalq şairi Vahid Əziz kitabda təmsil edilən şeirlərini söylədi. Eləcə də antologiyada təmsil olunan şairlər Əkbər Qoşalı, İntiqam Yaşar nəşr barədə xoş sözlər söylədilər. 

Güney Azərbaycandan təşrif buyurmuş Əli Çağla, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova ümumən ədəbi dəyərlər barədə məzmunlu çıxışlar etdilər. 

Xalq Yazıçısı Anarın 85 illik  yubileyi münasibətilə Ədəbiyyat Fondunun “Ulduz” jurnalı ilə birgə keçirdiyi hekayə müsabiqəsinin qalibi, gənc yazıçı Cavid Babayev isə antologiyaya daxil edilmiş qalib hekayəsi - “Üçnəfərlik motosikletlər”dən söz açdı. 

Sonda izləyicilərə, eləcə də Mədəniyyət könüllülərinə kitab hədiyyə olundu. 

 

Xatırladaq ki, antologiyada Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, Natiq Rəsulzadənin hekayələri, Xalq şairlərindən Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayev, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın əsərləri antologiyada yer alıb.

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini bərpa etmiş “Yazıçı” nəşriyyatının “Booker Publishing house” nəşriyyat evi ilə birgə ərsəyə gətirdiyi antologiyanın bir hissəsinin Bakı, Sumqayıt, Gəncə və Lənkəranın yeniyetmə və gənclərinə onlarda mütaliə marağının yaradılması üçün hədiyyə edilməsi nəzərdə tutulub. 

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.