MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Nəriman Həsənzadənin şeirləri Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

NƏRİMAN HƏSƏNZADƏ,

Xalq şairi

 

                   AZƏRBAYCAN

 

Sən əbədi bir ocaqsan, Azərbaycan!

Yaşadıqca yanacaqsan, Azərbaycan!

Beşiyin bir ana qoynu,

Doğma, isti bir qucaqsan, Azərbaycan!

Ruhum mənim, laylam mənim, Azərbaycan!

Bu dünyada dünyam mənim, Azərbaycan!

 

Bu dağ mənim, o dağ mənim vətənimdi,

Tüstülənən ocaq mənim vətənimdi.

Sərhəd-sərhəd bölübdülər,

Bölünməyən torpaq mənim vətənimdi.

Sən mənimsən, mən də sənin, Azərbaycan!

Övladıyıq bir vətənin, Azərbaycan!

 

Zaman! Səs ver, bu günlərin harayına,

Xan Arazın, Ana Kürün harayına.

Biz çatmasaq, kim çatacaq

Qaçqınların, köçkünlərin harayına?!

Sən arxasan, sən dayaqsan, Azərbaycan!

"Qalx"! – deyəndə, qalxacaqsan, Azərbaycan!

 

Gəmilərin göy Xəzərdə üzər keçər,

Şahinlərin səmalarda süzər keçər.

Körpülərin, binaların

paytaxtımı yollar boyu bəzər keçər.

Keçmək olmaz amma səndən, Azərbaycan!

İşıq alır dünya səndən, Azərbaycan!

 

Bir nəğməsən, oxuyuram bu torpaqda,

"Can!" – dedikcə can duyuram bu torpaqda –

Ey ilhamlı səhərlərim,

Sən ki varsan, mən də varam bu torpaqda.

Yellənəcək bayrağımız, Azərbaycan!..

qəddəsdi torpağımız, Azərbaycan!..

 

 

 

 

 BU DÜNYA NƏRDİVANDI

 

Bu dünya nərdivandı,
qalxanda mehribandı,
enəndə nə yamandı...
Görüşdük pillələrdə,
yolun yarısında biz.
n qalxırdın bu dəmdə,
mən enirdim xəbərsiz.
Səni arzularına
qaldırırdı nərdivan.
Məni xatirələrə
endirirdi bu zaman.
Birimiz – günçıxana,
birimiz – günbatana.
Qalxa bilməzdim daha,
nə o güc, nə o taqət.
Sən də enə bilməzdin,
haqlı, haqsız vermişdi
öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
bu görüş heç araya,
Ya sən əvvəl gələydin,
ya mən sonra, dünyaya.

 

 

ŞƏHİDLƏR XİYABANI

 

Dayanın, Şəhidlər Xiyabanıdı,

yas toya qarışıb, toy yasa burda.

Qızıl qumaşlarda qara xonçalar,

nişan gətiriblər bir qıza burda.

 

Nigaran gedənlər yatır xəbərsiz,

yatağı boş qalıb, atı yəhərsiz.

Analar oğulsuz, gəlinlər ərsiz,

nəydi bu müsibət, bu cəza burda?

 

Qızıl qan ləkəsi qalır gül üstə,

bir qurğu qurdular fıtnə-fel üstə.

İl təhvil olubdu qərənfil üstə,

verib öz yerini qış yaza burda.

 

Kim bilir, nə qədər ölən-qalan var,

Vətəndə bir vətən şəhid olan var.

Hələ bir-birini xəbər alan var,–

dil yox, sual verir, göz-gözə burda.

 

Çağırın Babəki bu yasa gəlsin,

Şəhriyar əlində bir əsa gəlsin,

qisas istəyəni qisasa gəlsin,

Yer özü çağırır qisasa burda.

 

Kim belə qarğadı bu bağça-bağa,

qaralar bağlandı min bir budağa.

Sürtüb ağ saçını qara torpağa,

dəyməyin, Nəriman ağlasa burda.

                                   Fevral, 1990

 

 

NƏ QƏRİBƏDİR

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri, yad ehtiramla,
Deyirlər tanış ol. Nə qəribədir ?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim, bu, yadındadır,
Gedərdik, yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
Toxunsa, biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

 

 

"GƏZƏYƏN QIZ”

 

R.Həmzətova

 

Səni görübdülər dağüstü parkda,

gün bir az aşağı əyilən vaxtda.

Kinodan çıxanda görüblər səni,

ötürüb harasa bir nəfər səni.

Sonra bir avtobus duracağında,

sonra bir metronun çıxacağında,

sonra bir taksiyə mindiyin yerdə,

sonra da evə gec döndüyün yerdə,

haraya gedibsən göz qoyubdular,

adını “gəzəyən qız” qoyubdular.

Məni gözləyibsən dağüstü parkda,

gün bir az aşağı əyilən vaxtda.

Səni o kinoya mən aparmışam,

özüm ötürmüşəm sonra, qadası.

Od tutub yanağın, üzün yanmasın,

yenə görüşmüşük gedib bir axşam:

əvvəl bir avtobus duracağında,

sonra bir metronun çıxacağında,

sonra bir taksiyə oturmusan sən,

mənim görüşümə gecikdiyindən.

Özüm saxlamışdım bir dəfə səni,

bir az gec ötürdüm mən evə səni.

Gör, necə yerbəyer, necə adbaad,

məni görməyiblər,

                    ay dadi-bidad!

Kinoda iki yer boş qaldı bu gün,

iki tamaşaçı azaldı bu gün.

Getdik... ikimizi itirdi bağlar.

Kinoya getmişdik,

soruşacaqlar:

desələr necəydi?.. De ki, qiyamət!

Desələr nə idi?.. De ki, məhəbbət!

z desən qorxuram... axı, söz olar.

Bu dəfə yalan de, qoy inansınlar.

 

 

“Ədəbiyyat və incəsənət”

(16.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.